Keçid linkləri

2026, 07 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Gəncədə icra hakimiyyətinin hərəkətinə görə hökumət təzminat ödəməli oldu

Avropa Məhkəməsi "Sovetski", "Qış Parkı" və s. ərazilərdə sökülən evlər və qeyri-yaşayış sahələri ilə bağlı şikayətlər üzrə onlarla qərar çıxarıb.
Avropa Məhkəməsi "Sovetski", "Qış Parkı" və s. ərazilərdə sökülən evlər və qeyri-yaşayış sahələri ilə bağlı şikayətlər üzrə onlarla qərar çıxarıb.

Gəncədə Verdiyevlər ailəsinin əmlakının qanunsuz söküldüyündən Azərbaycan hökuməti təzminat ödəməlidir. Avropa İnsan Haqları Məhkəməsi iyulun 7-də belə qərar çıxarıb.

Firuz VerdiyevSəfayət Verdiyevanın şikayətinə baxılarkən, istər mülkiyyət, istərsə ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu tanınıb. Onlar ərizələrində göstəriblər ki, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində sahəsi 271.9 kvadratmetr olan obyekt və altındakı 0.2999 hektar torpaq sahəsinin mülkiyyətçisi olublar və bunu təsdiqləyən sənədlər var. Ancaq Kəpəz rayon İcra Hakimiyyəti 2013-cü ilin avqustunda obyekti onların razılığı olmadan sökdürüb. Beləcə, həm icra hakimiyyətinə, həm də Kəpəz rayon Polis Şöbəsinə qarşı məhkəmə iddiası qaldırılıb və əmlaka görə 520 min, içindəki əşyalara görə 150 min, mənəvi zərərə görə də 100 min manat kompensasiya tələb edilib. Məhkəməyə qiymətləndirmə şirkətinin rəyi də təqdim edilib. Rəyə əsasən, əmlak və altındakı torpaq sahəsinin bazar dəyəri 510–520 min manat qiymətləndirilib.

Məhkəmə şəxsi əşyaların itirilməsi və polis şöbəsinə qarşı iddia bölümündə iddianı, ümumiyyətlə, icraata götürməyib. Qalan hissədə isə iddia təmin olunmayıb. Məhkəmə hesab edib ki, şikayətçilər yetərincə sübutlar ortaya qoymayıblar.

Apellyasiya Məhkəməsi də eyni qərarı verib.

Ali Məhkəmə isə işi geri qaytarıb ki, Apellyasiya Məhkəməsi məsələni yenidən araşdırsın. Gəncə Apellyasiya Məhkəməsində ekspertiza təyin edilib və ekspert rəyi əsasında sökülmüş əmlaka 50 min manat qiymət qoyulub. Məhkəmə də bunun əsasında icra hakimiyyətinin şikayətçilərə 50 min manat kompensasiya ödəməsi barədə qərar çıxarıb.

Yenidən Ali Məhkəməyə üz tutan şikayətçilər bu dəfə yeni qiymətləndirmə rəyi təqdim ediblər. Rəyə əsasən, söküntü vaxtı əmlakın dəyəri 121 min, altındakı torpaq sahəsinin dəyəri isə 239 min manat olub.

Ali Məhkəmə aşağı instansiyadan fərqli olaraq, yalnız mənəvi zərərə görə 2 min manat təzminat əlavə edib, qalan hissədə qərarı dəyişməyib.

Bu üzdən Verdiyevlər ailəsi Avropa Məhkəməsinə şikayət göndərib. Onlar ərizələrində əmlaklarından qanunsuz məhrum edildiklərini, ədalətli kompensasiya ödənilmədiyini vurğulayıblar. Ərizəçilər torpaq sahəsindən istifadə edə bilmədiklərini, orada yol çəkildiyini və ağaclar əkildiyini də göstəriblər.

Hökumətsə Avropa Məhkəməsinin sorğusuna cavabında göstərib ki, torpaq sahəsi Verdiyevlərin mülkiyyətində və istifadəsində qaldığından ondan yararlanmalarına maneçilik yoxdur.

Avropa Məhkəməsi bu məsələni araşdırarkən o nəticəyə gəlib ki, Verdiyevlər ölkə daxilində şikayətlərində torpaq sahəsindən istifadə yox, əsasən, obyektin söküntüsü və verilən kompensasiyanın azlığına diqqət çəkib. Bu məhkəmə araşdırmalardan sonra Verdiyevlərin əmlakının qanunsuz söküldüyü və onlara ədalətli kompensasiya ödənilmədiyi qənaətinə gəlib.

"Daxili məhkəmələr maddi zərərə görə kompensasiya təyin edərkən yalnız bir səhifədən ibarət ekspert rəyinə əsaslanıb. Həmin rəydə yalnız Dövlət Reyestrinə istinad edilib. Ancaq istifadə olunan qiymətləndirmə metodologiyası barədə heç bir izahat verilməyib", - Avropa Məhkəməsi hakimlərinin fikri belədir.

Verdiyevlər Avropa Məhkəməsinə şikayətlərində sökülmüş əmlaka görə 390 min manat, indiyədək itirilmiş faiz kimi 241 min manat, mənəvi zərərə görə də 50 min avro kompensasiya istəyiblər.

Avropa Məhkəməsi isə bütün vergilər daxil, maddi zərərə görə 71 min 750 avro, mənəvi zərərə görə isə 3 min 700 avro təzminat təyin edib.

Xatırlatma

Avropa Məhkəməsi daha öncə də "Sovetski", "Qış Parkı" və s. ərazilərdə, sakinlərin etirazına baxmayaraq, sökülən evlər və qeyri-yaşayış sahələri ilə bağlı göndərilən şikayətlər üzrə onlarla qərar çıxarıb. Həmin qərarlar əsasında Azərbaycan hökumətinin üzərinə yüz minlərlə avro təzminat ödəmək öhdəliyi qoyulub. Avropa Məhkəməsi bu nəticəyə gəlib ki, söküntülər zamanı insanların mülkiyyət hüququ pozulub, ədalətli kompensasiya ödənilməyib, ölkə daxilində şikayətlər obyektiv araşdırılmayıb.

Kommunikasiya mərhələsində hökumət bu iddialarla razılaşmayıb.

XS
SM
MD
LG