Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakıda sökülmüş evə görə Azərbaycan hökumətinin 130 min avrodan çox kompensasiya ödəməsinə dair qərar verib.
Məhkəmə martın 24-də bununla bağlı qərarını açıqlayıb.
Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.
İş üzrə ərizəçilər Səbail rayonunun sakinləri (ana və övladı) olub.
Vəkil bildirir ki, 2016-cı ildə Nazirlər Kabineti Bakı şəhərinin bir neçə rayonunun, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında qərar qəbul edib. Daha sonra Səbail rayon İcra Hakimiyyəti başçısı qəzalı vəziyyətdə olduğu bildirilən binanın sökülməsi və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi barədə sərəncam imzalayıb.
Şikayətçilər icra hakimiyyətinin qərarının etibarsız sayılması iddiası ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə onların iddiasını təmin etməyib. Yerli məhkəmə qərarını belə əsaslandırıb ki, ərizəçilərin mülkiyyət hüquqları pozulmayıb, çünki onlara öz mənzillərindən də böyük, yeni təmirli mənzil verilməsi və həmin vaxtadək kirayə xərclərinin ödənilməsi nəzərdə tutulub.
Bundan sonra ərizəçilər maddi təzminat tələbi ilə yenidən məhkəməyə üz tutublar, lakin məhkəmə onların bu iddiasını da təmin etməyib.
Sonrakı məhkəmə instansiyaları da qərarı qüvvədə saxlayıb.
AİHM-nin qərarında göstərilir ki, binanın qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə təsdiqlənməlidir və bundan sonra təmir üçün müddət təyin edilməlidir. Əlavə edilib ki, əgər mülkiyyətçi bunu yerinə yetirməzsə, əmlak məhkəmə qərarı ilə hərracda satıla bilər.
"Məhkəmə həmçinin göstərib ki, ərizəçilərə yeni mənzil təklif olunsa da, onlar bunu qəbul etməyiblər. Daxili məhkəmələr pul kompensasiyası əvəzinə yalnız yeni mənzil verilməsini əsas götürüb. Lakin belə qərarın verilməsi üçün konkret hüquqi norma göstərilməyib. Buna görə belə kompensasiya qanuni hesab edilə bilməz", - vəkil vurğulayıb.
Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci (insan hüquqlarına hörmət olunması öhdəliyi) maddəsinin pozulduğu qənaətinə gəlib.
Məhkəmə ərizəçilərə maddi zərərə görə 126 min, mənəvi zərərə görə 3 min, hüquqi xərclərə görə isə 2 min 919 avro təzminat ödənilməsinə qərar verib.
Qərara Azərbaycanın cavabdeh rəsmi qurumlarının münasibəti bəlli deyil.
Xatırlatma
Amma son iki ildə Azərbaycan hökumətinin AİHM-nin qərarları üzrə kompensasiyaları ödəməməsi ilə bağlı çoxlu şikayətlər eşidilib. Bu şikayətlərə Azərbaycan rəsmilərindən konkret münasibət almaq mümkün olmayıb. Amma ötən ildən Azərbaycanda AİHM qərarları daha çox dartışmalar mövzusu olub. Məsələn, prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" adlı forumdakı çıxışında Azərbaycanın nümayəndə heyətinin 2024-cü ildə Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) mandatının təsdiqlənməməsi haqda suala cavab verərkən demişdi: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu bizim mövqeyimizdir".
AŞPA 2024-cü il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlüklə bağlı öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Əsaslar kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi və başqa səbəblər göstərilib. Azərbaycan hökuməti bu prosesdə iştirak edən AŞPA deputatlarının ölkəyə gəlişinə "stop" qoyulduğunu açıqlayıb. Son sessiyalara Azərbaycandan nümayəndə heyəti göndərilməyib.