Keçid linkləri

2026, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:35

Hökumət AİHM təzminatlarının ödənişini dondurub: 'Qisas alırlar'

'Bu, Azərbaycana başucalığı gətirmir' - Avropa Məhkəməsinin qərarlarının icrası dayanıb?
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

'Bu, Azərbaycana başucalığı gətirmir' - Avropa Məhkəməsinin qərarlarının icrası dayanıb? (Arxiv videosu. 2026)

"Mənimlə bağlı çıxan qərarda göstərilir ki, hakimiyyət məni şərləyib və həbs etdirib. İndi isə qərarla müəyyən edilmiş təzminatı ödəməkdən imtina olunur". Bunu AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı İlham Hüseyn deyir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun şikayəti üzrə 2024-cü ilin fevralında qərar qəbul edərək, Azərbaycan hökumətinin üzərinə ərizəçiyə 2 min 350 avro təzminat ödəmək öhdəliyi qoyub. Lakin aradan müəyyən vaxt keçməsinə baxmayaraq, nə vəsait ödənilib, nə də rəsmi Bakıdan bu barədə hər hansı səs-səmir çıxır.

İ.Hüseyn vurğulayır ki, Strasburq Məhkəməsi onun işində Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə hüququna dair 6-cı və sərbəst toplaşmaq azadlığı barədə 11-ci maddələrinin pozulduğunu tanıyıb. Hökumət isə hətta belə kiçik məbləği ödəməkdən boyun qaçırır.

Bu problemlə üzləşən tək İ.Hüseyn deyil. 2024-cü ilin başlanğıcından bəri Azərbaycan hökumətinin AİHM-in çıxardığı qərarların icrasını kütləvi və fərq qoymadan dayandırdığı görünür.

Həmin ilin yanvarında Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini 1 il müddətinə təsdiqləməməyi qərara aldı. Qərarda ölkənin Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəlikləri yerinə yetirmədiyi bildirilib. Monitorinq məruzəçilərinə siyasi motivli ittihamlarla həbsdə olanlarla görüşməyə icazə verilmədiyi, növbədənkənar prezident seçkisinə AŞPA müşahidəçilərinin dəvət edilmədiyi, digər məruzəçilərin isə ölkəyə buraxılmadığı vurğulanıb.

Bakı isə bu addımı ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına görə qərəzli cəza cəhdi hesab edir. Rəsmi mövqe sonralar daha da sərtləşdi, həmin səsverməyə qatılan AŞPA deputatlarının ölkəyə girişinə qadağa qoyuldu.

Yalçın İmanov
Yalçın İmanov

Təzminatla yanaşı, vəkil xərcləri də ödənilmir

Hüquqşünas Yalçın İmanov deyir ki, 2024-cü ilin əvvəlindən Azərbaycanda AİHM qərarlarının icrası ilə bağlı problemlər daha da kəskinləşib. Hüquqşünas bildirir ki, əvvəllər də qərarlarda əksini tapan qanunvericilik dəyişiklikləri və ərizəçilərin hüquqlarının bərpası kimi addımlar tam icra olunmurdu. Bununla belə, təzminatlar müəyyən fasilələrlə də olsa, ödənilirdi.

"Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsindən bu yana təzminatların ödənilməsi dayandırılıb", – İmanov söyləyir.

Problem isə təkcə ərizəçilərlə bitmir. Onları Strasburqda təmsil edən hüquqşünasların xidmət xərcləri də ödənilmir. İmanovun sözlərinə görə, hökumət nə siyasi, nə də qeyri-siyasi işlərdə təzminatları verir. Özünün də ötən dövrdə 20-yə yaxın icra olunmalı qərarı olan hüquqşünas Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsinin ofisinə dəfələrlə müraciət edib: "Müraciətlər qəbul edilir, lakin icranın gecikmə səbəbləri barədə heç bir məlumat verilmir. Hüquqlarını müdafiə etdiyim şəxslər də hələ də gözləməkdədir".

Rəsmi hesabat və şikayətlərin azalması

Avropa Şurası Nazirlər Komitəsinin hesabatında qeyd olunur ki, Azərbaycanın AİHM qərarlarının yerinə yetirilməsi ilə bağlı əməkdaşlığı dayandırması monitorinq işini çətinləşdirir. Sənədə görə, Azərbaycan Komitəyə sonuncu dəfə 18 mart 2025-ci ildə məlumat təqdim edib. Bundan sonra isə qərarların icrası ilə bağlı məlumat mübadiləsi dayanıb. Bu müddətdə təzminatların ödənilməsində gecikmələr də artıb. Vaxtında ödənilməyən təzminatlarla bağlı işlərin sayı durmadan çoxalmaqdadır.

Məcəllədə yoxdur, sərhəddə var – Avropa Məhkəməsi şahidləri haqlı saydı
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Hüquqşünas Y.İmanov AİHM-ə müraciətlərin sayında ciddi azalma müşahidə etdiyini deyir. O, əvvəlki illərdə Avropa Məhkəməsinə xeyli sayda şikayət göndərildiyini bildirir. Hüquqşünas bu azalmanın bir neçə səbəbini sadalayır: şikayətlərə illərlə baxılması, qərarların icra olunmaması, ölkədəki iqtisadi və siyasi durum. Lakin əsas səbəb, onun fikrincə, hakimiyyətin qərarların icrasından boyun qaçırmasıdır. İmanov bununla bağlı beynəlxalq mexanizmlərin və təzyiqlərin də nəticə vermədiyini vurğulayır.

Azərbaycan əvvəllər də AİHM qərarlarının yerinə yetirilməsi göstəricilərinə görə ən geridə qalan ölkələrdən olub. Statistikaya əsasən, o, qərarların böyük hissəsini icraatsız qoymaqla Rusiya ilə eyni sıraları bölüşürdü.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və üzvlüyə qəbul olunarkən insan hüquqları ilə yanaşı, bir sıra digər sahələr üzrə də qurum qarşısında rəsmi öhdəliklər götürüb.

"AİHM-in hakimlərinə səs verməmişik"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda Azərbaycanın AİHM qərarlarını tanımadığını bəyan edib. O, bunu Azərbaycanın məhkəmə hakimlərinin seçilməsində iştirak etməməsi ilə əsaslandırıb və qərarların ölkə üçün hüquqi qüvvəsini şübhə altına alıb. Əliyev Şuşa Qlobal Media Forumunda da eyni mövqeyi təkrarlayaraq bildirib ki, Azərbaycan AİHM hakimlərinə səs vermədiyi üçün onların kim olduğunu bilmir və məhkəmənin qərarlarını tanımır. Lakin prezidentin bu əsaslandırması Konvensiyanın müddəaları və hakimlərin seçilməsi ilə bağlı faktlarla uzlaşmır. AİHM-dəki hakimlərin böyük qismi Azərbaycanın AŞPA-da təmsil olunduğu dövrdə seçilib. Deməli, Azərbaycanın hakimlərin seçilməsindən kənarda qalması barədə ümumi iddia hazırkı hakimlərin hamısına aid oluna bilməz.

Daha vacibi, hakimlərin seçilməsində səsvermə hüququ ilə Məhkəmənin qərarlarının icrası öhdəliyi arasında birbaşa hüquqi əlaqə yoxdur. Konvensiyanın 46-cı maddəsi dövlətlərin üzərinə tərəf olduqları işlər üzrə AİHM-in yekun qərarlarına əməl etmək öhdəliyi qoyur; onların icrasına nəzarəti isə Avropa Şurasının Nazirlər Komitəsi həyata keçirir. Beləliklə, Azərbaycanın AŞPA-da təmsil olunmaması AİHM qərarlarını tanımamaq üçün hüquqi əsas sayılmır.

Hüquqşünas Y.İmanov da prezident Əliyevin bu məsələ ilə bağlı açıqlamasını əsassız sayaraq vurğulayır ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının yurisdiksiyası altında olduğu müddətdə məhkəmənin yekun qərarlarına əməl etmək öhdəliyi daşıyır.

Zahid Oruc
Zahid Oruc

"İkili standartlar"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Azərbaycanla bağlı işlərin araşdırılması davam edir və bu, ölkənin aidiyyəti yurisdiksiyadan çıxmaq istiqamətində, hələlik, heç bir addım atmadığını göstərir. O, hazırda yüzlərlə işin Avropa Şurası Nazirlər Komitəsinin nəzarətində qaldığını vurğulayır. Deputatın fikrincə, Azərbaycanın Avropa Şurasının siyasi institutlarında təmsilçiliyinin məhdudlaşdırıldığı, ölkə nümayəndələrinin müzakirələrdən kənarda qaldığı şəraitdə həmin institutların qərarlarının Azərbaycana münasibətdə icrası məsələsi mübahisə doğurur: "Bir tərəfdən dövlətin əsas strukturlarda səlahiyyətlərini tanımırsan, onun təmsilçilərinə, nümayəndələrinə meydan vermirsən. Müzakirə olunan məsələlər Azərbaycan heyətinin iradəsindən kənar cərəyan edir. Digər tərəfdən isə mühüm institutun qərarlarını Azərbaycanın üzərinə yönəldirsən. Bəlkə, elə bu, AİHM-də baxılan məsələlərdən birinə çevrilsin?".

Deputatın qənaətinə görə, belə şəraitdə təzminatların və digər tədbirlərin Azərbaycan qurumları tərəfindən icrasının məcburiliyi sual doğurur. O, bununla yanaşı, dövlətin yerli məhkəmələrdə vətəndaşların hüquqlarının qorunması istiqamətində daha çox çalışmalı olduğunu vurğulayır.

"Bizim vasitəmizlə qisas alırlar"

AXCP fəalı İ.Hüseyn vətəndaşların bu prosesdə əziyyət çəkdiyini bildirir. Onun sözlərinə görə, Azərbaycan AŞPA ilə münasibətlərini tamamilə kəssə belə, AİHM qərarları üzrə təzminatları ödəmək vəzifəsindən azad olunmur. İ.Hüseyn ödənişlərin qəsdən gecikdirildiyini, ərizəçilərin siyasi münasibətlərdə bir növ vasitəyə çevrildiyi qənaətindədir: "Bizim vasitəmizlə qisas alırlar. Halbuki bu, kobud hüquq pozuntusudur".

​
XS
SM
MD
LG