Keçid linkləri

2026, 07 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:17

Avropa Məhkəməsi Rauf Mirqədirovla bağlı qərarını açıqladı: 3 min 600 avro kompensasiya

Rauf Mirqədirov
Rauf Mirqədirov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Rauf Mirqədirovun 12 il əvvəl Türkiyədən Azərbaycana deportasiya edilməsi və dövlətə xəyanət ittihamı ilə həbs olunmasına dair qərarını açıqlayıb. Məhkəmə Mirqədirova münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğu qənaətinə gəlib.

Hazırda İsveçrədə mühacirətdə yaşayan 65 yaşlı Mirqədirov 2014-cü ilin aprelində həbs olunarkən "Zerkalo" qəzetinin şərhçisi və Türkiyə müxbiri idi. Həmin il aprelin 19-da Ankarada onun barəsində deportasiya qərarı çıxarılıb və o, elə həmin gün Bakı hava limanından birbaşa Milli Təhlükəsizlik Nazirliyinin (indiki DTX) binasına aparılıb. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. O, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarına casusluqda, onlarla gizli görüşərək məlumatlar ötürməkdə təqsirləndirilib.

Bu ittihamla məhkəmə qarşısına çıxarılan Mirqədirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya məhkəməsi onun təqsirli bilindiyi ittihamı dəyişməsə də, cəzanı şərti hesab edib və jurnalist 2016-cı ilin martında həbsdən buraxılıb. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

Obyektiv və hərtərəfli araşdırma aparılmayıb

R.Mirqədirov Avropa Məhkəməsinə ərizəsində göstərib ki, yerli məhkəmələr həqiqəti üzə çıxarmaq üçün onun təqdim etdiyi vəsatətləri və sübutları araşdırmaqdan imtina edib. İstintaq orqanının irəli sürdüyü iddialar isə heç bir əlavə yoxlama aparılmadan həqiqət kimi qəbul olunub.

Avropa Məhkəməsi də bu nəticəyə gəlib ki, yerli məhkəmələr Mirqədirovun işi üzrə obyektiv və hərtərəfli araşdırma aparmayıb.

"Yerli məhkəmələrin sübutları araşdırması və müdafiə tərəfinin etirazlarına münasibət bildirməsi qaydasında ciddi çatışmazlıqlar olub. Ərizəçi daxili məhkəmələr qarşısında ona aid edilən əməllərin dövlətə xəyanət cinayətinin əhatə dairəsinə düşmədiyi barədə ciddi və əsaslı arqumentlər ortaya qoyub. Bu etirazların lazımi qaydada araşdırılması işin nəticəsi üçün həlledici əhəmiyyət kəsb edə bilərdi. Buna görə də həmin iradlar daxili məhkəmələr tərəfindən konkret və açıq şəkildə cavablandırılmalı idi", - Avropa Məhkəməsi qərarında yazır.

R.Mirqədirov 2 ilə yaxın qanunsuz və əsassız yerə həbsdə saxlandığını vurğulayaraq, ona dəymiş maddi ziyana görə 100 min avro, mənəvi ziyana görə də bir o qədər təzminat tələb edirdi. Amma Avropa Məhkəməsi 3 min 600 avro kompensasiya təyin edib. Azərbaycan hökuməti bu vəsaiti Mirqədirova ödəməlidir.

Xatırlatma

Son illər Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) kompensasiya qərarlarının icra olunmaması ilə bağlı tez-tez şikayətlər səslənir. Prezident İlham Əliyev ötən il deyirdi ki, Azərbaycan AİHM hakimlərinin seçilməsində iştirak etmədiyindən bu məhkəmənin qərarları ölkə üçün hər hansı bir hüquqi qüvvəyə malik deyil: "Bu, bizim qəti mövqeyimizdir".

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2024-cü il yanvarın 24-də Azərbaycanın üzvlüklə bağlı öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək ölkə nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib. Buna səbəb kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi göstərilib. Cavab addımı olaraq rəsmi Bakı bu qərarın lehinə səs verən AŞPA deputatlarının ölkəyə gəlişinə qadağa (stop) qoyub. O vaxtdan bəri Azərbaycan Assambleyanın sessiyalarına nümayəndə heyəti göndərmir.

​
XS
SM
MD
LG