Keçid linkləri

2026, 07 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:18

İttifaq: Azərbaycanda  322 siyasi məhbus var 

Fransalı azadlığa çıxdı, 'siyasi məhbuslar' əfv edilmədi
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Fransalı azadlığa çıxdı, 'siyasi məhbuslar' əfv edilmədi

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq oktyabrın 5-də siyasi məhbus saydığı şəxslərin yenilənmiş siyahısını dərc edib. Sənəddə bu il mayın 13-də açıqlanan 328-nəfərlik əvvəlki siyahı ilə müqayisədə məhbus sayının 322-yə düşdüyü qeyd olunur.

İttifaqa hüquq müdafiəçiləri - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və "Siyasi Məhbusların Monitorinq Mərkəzi" İctimai Birliyinin rəhbəri Elşən Həsənov daxildir. Onlar vurğulayırlar ki, sözügedən siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müəyyən etdiyi meyarlar əsasında tərtib olunub.

Təşkilatın açıqlamasında bildirilir ki, son dörd ay ərzində siyahıdakı 28 nəfərin həbs müddəti başa çatdığı üçün onlar azadlığa buraxılıblar. Bununla belə, eyni dövr ərzində müxalifət, vətəndaş cəmiyyəti, milli azlıqlar və dindar kəsim nümayəndələri arasından yeni həbs edilənlərin olduğu vurğulanır.

İttifaq siyahıdakı 322 nəfəri 12 qrup üzrə təsnif edib:

1-ci qrup - jurnalistlər və bloqerlər (31 nəfər),

2-ci qrup - hüquq müdafiəçiləri (7 nəfər),

3-ci qrup - müxalif partiya və vətəndaş cəmiyyətin üzvləri (46 nəfər),

4-cü qrup - milli azlıqların fəalları (6 nəfər)

5-ci qrup - müharibə əleyhinə fəallar (2 nəfər)

6-ci qrup – "Söyüdlü kəndi işi" üzrə fəallar (2 nəfər)

7-ci qrup - Avropadan deportasiya olunmuş siyasi mühacirlər (6 nəfər),

8-ci qrup – "İmişli işi" üzrə həbs edilmiş şəxslər (12 nəfər),

9-cü qrup – dindar kəsimin nümayəndələri (178 nəfər),

10-ci qrup – "Tərtər işi" üzrə məhkum olunanlar (8 nəfər),

11-ci qrup – "Gəncə işi" üzrə məhkumlar (13 nəfər),

12-ci qrup - ömürlük azadlıqdan məhrum edilənlər (12 nəfər).

"Söyüdlü işi" 2021-ci ildə Gədəbəydə ekoloji tələblərlə keçirilən aksiyanı, "İmişli işi" 2025-ci ildəki yerli etirazları, "Tərtər işi" 2017-ci ildə dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunanları, "Gəncə işi" isə 2018-ci il iğtişaşlarını əhatə edir.

Bəhs edilən siyahı ilə bağlı Azərbaycanın rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Hazırda Azərbaycanda siyasi məhbuslarla bağlı vahid bir siyahı mövcud deyil və digər bir sıra hüquq müdafiəçiləri də bu rəqəmin daha az olduğunu iddia edirlər. Rəsmi Bakı isə ölkədə ümumiyyətlə siyasi məhbus olmasını rədd edir. Rəsmi mövqeyə görə, siyahıda adları çəkilən şəxslər siyasi fəaliyyətlərinə görə deyil, törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.

Xatırlatma

AŞPA 2012-ci il oktyabrın 3-də almaniyalı deputat Kristofer Ştrasserin hazırladığı "Siyasi məhbus anlayışı" məruzəsini dinləyib. Sənəd 64 əleyhinə, 100 lehinə səslə qəbul edilərək, "siyasi məhbus" anlayışının meyarlarını müəyyənləşdirib.

Bu meyarlara əsasən, azadlıqdan məhrum edilmiş şəxs aşağıdakı hallarda siyasi məhbus kimi tanınmalıdır:

- Şəxs fikir, vicdan, din, ifadə, informasiya, həmçinin toplaşma və birləşmək azadlığı pozulmaqla həbs edildikdə;

- Həbs qərarı hər hansı bir cinayətlə əlaqəli olmadıqda və sırf siyasi motivlərlə verildikdə;

- Həbs müddəti və ya saxlanma şərtləri şəxsin törətdiyi iddia olunan cinayətə aşkar dərəcədə qeyri-mütənasib olduqda;

- Şəxs digərləri ilə müqayisədə ayrıseçkiliyə məruz qalaraq həbs olunduqda və ya bu qərar hakimiyyətin siyasi motivlərinə xidmət edən ədalətsiz məhkəmə prosesinin nəticəsi olduqda.

​
XS
SM
MD
LG