Keçid linkləri

2026, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:07

'Washington Examiner': İki jurnalistin həbsi ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaradır

 Fərid Mehralızadə
Fərid Mehralızadə

Co Bayden administrasiyası dövründə ABŞ ilə Azərbaycanın gərginləşən münasibətləri son bir ildə xeyli yaxşılaşıb. Ancaq ABŞ media qurumları ilə əməkdaşlıq etmiş iki jurnalistin həbsdə saxlanması münasibətlərdə ciddi gərginlik mənbəyi olaraq qalır. Bunu "Washington Examiner" yazır.

Nəşr son üç ildə Azərbaycanda müstəqil MeydanTV, AbzasMedia ilə bağlı cinayət işləri açıldığını qeyd edir. "AbzasMedia işi" üzrə yeddi nəfər valyuta qaçaqmalçılığı, çirkli pulların yuyulması, vergidən yayınma və sənəd saxtakarlığında; "MeydanTV işi" üzrə isə 12 nəfər bənzər qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham olunur. Təqsirləndirilənlər bu ittihamların birbaşa onların jurnalist fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Ötən dövr ərzində ToplumTV-yə qarşı cinayət işi çərçivəsində isə doqquz jurnalist, siyasi fəala 12 ildən 15 ilədək həbs cəzası kəsilib. Onlar da ittihamları siyasi motivli sayılar.

Xüsusi işçi qrup yaradılıb

"Washington Examiner" yazır ki, həbsdəki jurnalistlər arasında ABŞ media qurumları ilə işləmiş 32 yaşlı Ülviyyə (Əli) Quliyeva və 31 yaşlı Fərid Mehralızadə Vaşinqtonun diqqət mərkəzindədir.

Ü.Əli "Amerikanın Səsi" ilə əməkdaşlıq edib. O, 2025-ci il mayın 7-də "MeydanTV işi" bağlı saxlanılıb. Özü ittihamları rədd edir və peşə fəaliyyətinə görə hədəf alındığını bildirir.

AzadlıqRadiosunun Azərbaycan xidmətinin əməkdaşı, iqtisadçı F.Mehrəlizadə 2024-cü il mayın 30-da saxlanılıb. O, xarici valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və sənəd saxtakarlığında təqsirli bilinərək 9 il həbsə məhkum edilib.

2025-ci ilin dekabrından fəaliyyətə başlayan xüsusi işçi qrup bu jurnalistlərin müdafiəsi ilə məşğul olur. Qrupa "Amerikanın Səsi" və AzadlıqRadiosunun hazırkı və keçmiş əməkdaşları, eləcə də Virciniya ştatında yerləşən və Erik Fillipsin rəhbərlik etdiyi "MediaSafe" jurnalist təhlükəsizliyi təşkilatı daxildir.

"Amerikanın Səsi"nin direktor müavini Kris Uolles "Washington Examiner"ə deyib ki, məqsəd ABŞ-nin hökumət qurumlarının Quliyeva ilə Mehrəlizadəni düşdükləri ağır vəziyyətdən çıxarmaq səylərində həmrəy olduqlarını göstəməkdir.

Ölkəni tərk etməyə razılaşıblar

İşçi qrup iki jurnalistin azadlığa çıxma ehtimalını artırmaq üçün strateji planların hazırlanmasına kömək edib. "Amerikanın Səsi"nin daxili sənədinə əsasən, Quliyeva və Mehrəlizadə azad olunsalar, ölkəni tərk etməyə razıdırlar. İşçi qrup da bu addımı dəstəkləyir.

ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri vəzifəsini icra edən Maykl Riqas "Washington Examiner" nəşrinə bildirib ki, qurum Azərbaycanda və digər ölkələrdə saxlanılan jurnalistlərin, o cümlədən Ü.Əli və F.Mehrəlizadənin azadlığa buraxılması üçün bütün diplomatik, hüquqi və ictimai müdafiə imkanlarından istifadə edir.

"Washington Examiner" şərh almaq üçün Dövlət Departamentinə müraciət edib.

Nəşr məlumatlı mənbəyə istinadən yazır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Azərbaycan üzrə qrupun həmsədrləri Stiv Kohen və Robert Aderholt ötən ay Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimə məktub ünvanlayaraq ondan bu məsələyə xüsusi diqqət yetirməsini istəyiblər.

Ağ evin də məsələdən xəbərdar olduğu bildirilir. Vitse-prezident Cey Di Vens bu ilin əvvəlində Bakıya səfəri zamanı həbsdə olan iki jurnalistin məsələsini qaldırdığı bildirilir.

Ülviyyə Əli
Ülviyyə Əli

Bakı susur, amma iki jurnalistin buraxılacağına "böyük inam var"

Di gəl, indiyədək Bakıdan hər hansı müsbət siqnal gəlməyib.

"Tamamilə susqundurlar", – "MediaSafe" təşkilatının rəhbəri E.Fillips Bakının reaksiyası barədə suala cavabında deyib.

"Washington Examiner" şərh almaq üçün Azərbaycanın Xarici İşlər və Ədliyyə nazirliklərinə müraciət edib.

Bundan əvvəl Azərbaycan rəsmiləri jurnalistlərin həbsi ilə bağlı beynəlxalq tənqidləri "əsassız və məsuliyyətsiz" adlandırıblar.

F.Mehrazıladə və Ü.Əli saxlanma şəraitləri, onlara qarşı pis rəftarla bağlı iddialar da səsləndiriblər.

Fərid həbs olunduqdan sonra qızı dünyaya gəlib.

AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru vəzifəsini icra edən Liza Körtis "Washington Examiner"ə açıqlamasında deyib: "Fərid sırf jurnalist fəaliyyətinə görə cəzalandırılır. Azərbaycan hakimiyyəti onu dərhal azad etməli və ailəsinə qovuşmasına imkan verməlidir".

Nəşrin yazdığına görə, "Amerikanın Səsi"nin məsələ ilə bağlı daxili sənədində qeyd olunur ki, Əliyevin müəyyən siyasi güzəştlər qarşılığında hər iki jurnalistin azad edilməsinə göstəriş verə biləcəyinə "böyük inam var".

Ötən həftə ABŞ-də üç senator — Piter Uelç, Tom Tillis və Tim Keyn — Donald Tramp administrasiyasını Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılmasına nail olmağa çağırıblar. Senatorlar regionda sülhün təşviq edilməsi məsələsində Tramp administrasiyası ilə həmrəy olduqlarını, amma bütün siyasi məhbusların azadlığa buraxılmasının Strateji Tərəfdaşlığın əsas şərti kimi irəli sürülməsini istədiklərini bildiriblər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var.

Hökumət təmsilçiləri isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, həmin siyahılarda adları keçən şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız yerə tutulanları dərhal azad etməyə çağırır.

​
XS
SM
MD
LG