ABŞ-nin Atlantik Şurası (Atlantic Council) təhlil mərkəzi Tramp administrasiyasına Azərbaycana silah satışına məhdudiyyətlərin qaldırılmasını, bunun müqabilində isə Bakının onlarla siyasi məhbusu həbsdən buraxmasını təklif edir. Bu model Ağ Evin Belarusla danışıqlarda uğurla tətbiq etdiyi və 500-dən çox məhbusun azadlığa çıxması ilə nəticələnən yanaşmaya əsaslanır.
Təklifin müəllifləri – Avrasiya Mərkəzinin direktor müavini Endrü Danyeri və əməkdaşı Mersedes Sapuppo – yazırlar ki, ABŞ-nin Cənubi Qafqaz siyasətindəki dəyişiklik, Ermənistanda keçiriləcək parlament seçkiləri və yekun sülh sazişinin vacibliyi Vaşinqtonla Bakı arasında "böyük razılaşma" ehtimalını artırır.
Kimlər azad edilməlidir
Müəlliflərin qənaətinə görə, Tramp administrasiyası Konqreslə işləyərək silah satışı qadağasını ləğv etməli, Bakı isə haqsız yerə barəsində həbs qərarı çıxarılmış şəxsləri sərbəst buraxmalıdır. Qeyd olunanlar arasında iqtisadçı Qubad İbadoğlu (ev dustaqlığında), AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə (9 il həbs), "Amerikanın Səsi"nin keçmiş müxbiri Ülviyyə Əli, hüquqşünas Ələsgər Məmmədli var.
Məqalədə vurğulanır ki, addım vaxtında atılarsa və Bakıda saxlanılan erməni məhbuslardan da bəziləri buraxılarsa, Ermənistan da bunu dəstəkləyə bilər. Həmin erməni məhbuslar keçmiş separatçı rejimin təmsilçiləridir və terrorçuluq, soyqırımı, təcavüzkar müharibə, işgəncə ittihamları ilə 20 ilədək cəza alıblar.
ABŞ senatoru Cinn Şahin də ötən ilin oktyabrında Azərbaycanda ABŞ ilə əlaqəli şəxslərin azad edilməsinə çağırmışdı. F.Mehralızadə və digər həbs olunan jurnalistlər rəsmi olaraq maliyyə cinayətlərində ittiham olunsalar da, özləri bu təqibləri peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
"907-ci düzəliş" və Konqres maneəsi
Atlantik Şurasının analitikləri yazır ki, Azərbaycan rəsmiləri üçün "907-ci düzəliş"in ləğvi simvolik əhəmiyyət daşıyır – onlar bu mexanizmi Vaşinqtonla münasibətlərin qarşısında maneə sayırlar. Konqresdə hər hansı bir qanunverici təşəbbüsü keçirmək çətin olsa da, Azərbaycan bunun müqabilində ABŞ-də hər iki partiyanın yüksək qiymətləndirəcəyi bir addım ata —əsassız həbs edildiyi bildirilən şəxsləri azadlığa buraxa bilər.
Müəlliflər belə bir sövdələşmənin ABŞ maraqlarına Belarusdakı analoji addımdan daha az ziyan vuracağını düşünürlər. Çünki Belarusda sanksiyaların yumşaldılması birbaşa Rusiyaya xeyir verə bilər. Azərbaycanla bağlı isə bu risk daha aşağıdır.
Vitse-prezident Cey Di Vens fevralda Bakıya səfəri zamanı sayı açıqlanmayan dəniz patrul katerlərinin verilməsini vəd etmişdi. Bu, "907-ci düzəliş"in tətbiqindən imtina sayəsində mümkün olan kiçikhəcmli, qeyri-öldürücü təhlükəsizlik yardımı kimi təqdim edilir. ABŞ hökuməti ötən il həmin düzəlişin icrasını dayandırsa da, onun tam ləğvi üçün Konqresin qərarı lazımdır.
Xatırlatma
Bakı siyasi məhbus iddialarını rədd etsə də, Avropa Parlamenti daxil olmaqla beynəlxalq birlik dəfələrlə bu şəxslərin azad olunması barədə çağırışlar edib. Yerli insan hüquqları təşkilatları isə ölkədə 340-a yaxın siyasi məhbusun olduğunu bildirir.
Atlantika Şurasının nümayəndələri Bakıda tədbirlərdə iştirak ediblər – sonuncusu ötən ilin noyabrında "Ortaq Baxışlar: Strateji tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" mövzusunda keçirilib. Azərbaycanın hökumətyönlü mediası da vaxtaşırı bu qurumun hesabatlarına istinad edir.