Keçid linkləri

2026, 09 Oktyabr, cümə, Bakı vaxtı 02:14

Məhkəmədən çıxanda qaçırılan Türkiyə vətəndaşı Azərbaycana qarşı işi uddu

Məhkəmə Mustafa Ceyhanı azadlığa buraxsa da, o, binadan çıxarkən naməlum şəxslər tərəfindən saxlanılıb. (Foto illüstrasiya)
Məhkəmə Mustafa Ceyhanı azadlığa buraxsa da, o, binadan çıxarkən naməlum şəxslər tərəfindən saxlanılıb. (Foto illüstrasiya)

Avropa İnsan Haqları Məhkəməsi Türkiyə vətəndaşı Mustafa Ceyhanın Azərbaycana qarşı şikayəti əsasında qərar çıxarıb. Qərara əsasən, Məhkəmə Ceyhanın Azərbaycanda həbs olunmasını Avropa İnsan Haqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusu hesab edib. Bu pozuntuya görə Azərbaycan hökumətinin ərizəçiyə mənəvi ziyanın əvəzi olaraq 3 min avro, məhkəmə xərclərinə görə isə 500 avro təzminat ödəməsinə qərar verilib.

52 yaşlı M.Ceyhan Avropa Məhkəməsinə şikayətində Azərbaycanda qanunsuz həbs olunduğunu, haqqındakı həbs qərarının əsassız olduğunu vurğulayıb.

O, 2017-ci ilin aprelində Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda saxlanılıb. Türkiyə vətəndaşına Cinayət Məcəlləsinin 318.1 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu ittihamla Qazax rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb və o, 1 il azadlıqdan məhrum edilib.

Məhkəmə zalından azadlığa buraxılıb və...

Bir il sonra M.Ceyhanın cəza müddəti başa çatsa da, məlum olub ki, Türkiyə tərəfi onun FETÖ üzvü kimi axtarışda olduğunu əsas gətirərək, ekstradisiyası üçün Bakıya müraciət edib. (Türkiyə hakimiyyəti ilahiyyatçı Fətullah Gülənin tərəfdarlarını "terror şəbəkəsi" sayır - red.) 2018-ci il aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində M.Ceyhanın Türkiyəyə təhvil verilməsi ilə bağlı Azərbaycanın Baş Prokurorluğu və Ədliyyə Nazirliyinin təqdimatına baxılıb. Məhkəmə bu təqdimatı təmin etməyib. Ceyhan məhkəmə zalından azadlığa buraxılsa da, dərhal naməlum şəxslər tərəfindən saxlanılaraq aparılıb. Bir gün sonra isə Türkiyə mediası onun İstanbula gətirildiyini və orada həbs olunduğunu yazıb.

M.Ceyhan Azərbaycanda məhkəmədə ifadə verərkən istər sərhədi qanunsuz keçmə, istərsə də FETÖ ittihamını qəbul etmədiyini bildirmişdi. Onun sözlərinə görə, Gürcüstanda yaşaması üçün icazə sənədi olub və oradan Azərbaycana sığınacaq tapmaq üçün gəlib: "Sığınacaq üçün gələndə Qazaxda qanunsuz həbs edilmişəm".

BMT-dən də qaçqın kimi sığınacaq aldığını deyən M.Ceyhan heç bir terror təşkilatının üzvü olmadığını, barəsindəki axtarış qərarının da əsassız olduğunu vurğulamışdı.

"Himayə sənədi" almışdılar

2018-ci ildə Azərbaycanda M.Ceyhanla yanaşı, bir sıra digər Türkiyə vətəndaşları da eyni aqibətlə üzləşmişdilər. İsa Özdemir, Ayhan Seferoğlu, Erdoğan Taylan və başqaları FETÖ üzvü kimi axtarışda olduqları əsas gətirilərək Azərbaycanda həbs olunsalar da, məhkəmə onların ekstradisiyası barədə təqdimatı təmin etməmiş və onları sərbəst buraxılmışdı. Lakin onlar məhkəmə zalından çıxan kimi tutulub naməlum istiqamətdə aparılmışdılar. Bir neçə gün sonra isə ailələrinə onların Türkiyədə həbsdə olması barədə xəbər çatdırılmışdı.

Azərbaycandan aparılan Türkiyə vətəndaşlarının əksəriyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyindən "himayə sənədi" almışdılar.

Rəsmi Ankara 2016-ci ilin iyulundakı uğursuz çevriliş cəhdinə görə uzun illər ABŞ-də yaşayan və 2024-cü ilin oktyabrında 83 yaşında vəfat edən F.Güləni və tərəfdarlarını suçlayır. Gülən bu ittihamları rədd edirdi.

​
XS
SM
MD
LG