Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Alpay (Məmmədzadə) bildirir ki, onu və bir neçə digər vətəndaş cəmiyyəti fəalını Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı başladılmış cinayət işi çərçivəsində həbs ediblər, amma sonradan cinayət işinin istiqaməti və motivi dəyişdirilib. O, bu barədə iyunun 11-də keçirilən məhkəmə iclasında ifadə verərkən danışıb.
Artıq 1 il 3 aydır həbsdə olan M.Alpayın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, mənimsəmə, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınma kimi ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Cinayət işində iddia olunur ki, o, aldığı qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyib.
M.Alpay isə özünü təqsirli bilmir və həbsini Azərbaycanda güclənən repressiyaların tərkib hissəsi sayır. O, Azərbaycanda qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildən başlayan təzyiqlərdən söz açaraq, hazırda ölkənin siyasi repressiya baxımından ən ağır dövrlərindən birini yaşadığını vurğulayıb.
"Qrantların qeydiyyatında Ədliyyə Nazirliyi bizi birlik kimi tanımır"
İctimai fəal həm istintaq orqanının, həm də məhkəmələrin onun təqsirsizlik prezumpsiyasını pozduğunu, qərarlarında onu layiqincə araşdırma aparılmadan "cinayətkar" kimi təqdim etdiyini bildirib. Yada salıb ki, prokurorluq istintaqın gizliliyini pozaraq, onun və digər QHT rəhbərlərinin işi ilə bağlı materialları müxtəlif telekanallara, hökumətyönlü saytlara ötürüb. Nəticədə efirlərdə qarayaxma kampaniyasına məruz qaldığını qeyd edib.
M.Alpay rəhbərlik etdiyi təşkilatın dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsi barədə ittihamlara da münasibət bildirib. Deyib ki, ictimai birliklərin qeydiyyatsız fəaliyyəti qanunsuz deyil. Bununla belə, həm özü, həm də digər QHT rəhbərləri təşkilatlarının rəsmiləşdirilməsi üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsələr də, hər dəfə imtina cavabı alıblar. Hətta qeydiyyat məsələsinə görə Ədliyyə Nazirliyini məhkəməyə də veriblər, amma məhkəmə bu şikayətləri təmin etməyib: "Ədliyyə Nazirliyi seçki monitorinqi, insan hüquqları və demokratiya istiqamətində fəaliyyət göstərmək istəyən ictimai birlikləri qeydiyyata almır. Qrantların qeydiyyatı zamanı nazirlik bizi birlik kimi tanımaqdan imtina edir. Amma Baş Prokurorluq istintaq aparanda bizi birlik kimi görür. Bu, tamamilə absurd yanaşmadır. Üstəlik, Azərbaycan hökuməti 2022-ci ildə Avropa Şurası Nazirlər Komitəsi qarşısında bəyan edib ki, QHT-lərin dövlət qeydiyyatı könüllüdür və ölkədə rəsmi qeydiyyatı olmadan fəaliyyət göstərən QHT-lər də var".
Sizin brauzer HTML5-i dəstəkləmir
'Hüquqi əsaslandırması yoxdur' - QHT-lərlə bağlı cinayət işləri niyə yenidən başladılıb?
"USAID son 30 ildə ölkəyə 3 milyard dollardan çox maliyyə yatırıb"
O, USAID-dən qrant almış və ya xidmət müqaviləsi əsasında çalışmış vətəndaş cəmiyyəti fəallarına qarşı aparılan qarayaxma kampaniyasından, onların ünvanına "xain", "agent" kimi ifadələrin səsləndirilməsindən də bəhs edib. Fəal vurğulayıb ki, vaxtilə USAID-dən Azərbaycanın dövlət orqanları on milyonlarla dollar qrant alıblar, amma indi həmin adamlar müstəqil QHT-ləri ittiham edirlər: "USAID son 30 ildə ölkəyə qrantlar şəklində 3 milyard dollardan çox maliyyə vəsaiti qoyub. Ədliyyə Nazirliyi 17 milyon dollar, Baş Prokurorluq 10 milyon dollar, 100-dən çox qeyri-hökumət təşkilatı isə milyonlarla dollar vəsait əldə edib. Həmin qrantlar əsasında Ədliyyə Nazirliyi QHT-lərlə bağlı qeydiyyatın sadələşdirilməsi, Baş Prokurorluq isə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə bağlı layihələr icra edib. Amma indi bizi USAID-lə bağlı cinayət işi çərçivəsində həbs ediblər. Sonradan isə cinayət işinin istiqaməti və motivi dəyişdirilib".
M.Alpayın ifadəsi yarımçıq qalıb. O, ifadəsini iyulun 2-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.
USAID təmsilçisi Marqot Ellis 2017-ci ildə bildirmişdi ki, ABŞ 25 illik əməkdaşlıq dövründə demokratik və sabit Azərbaycan üçün 1.3 milyard dollar maliyyə yardımı ayırıb. Bunun 400 milyon dolları məhz USAID vasitəsilə yönəldilib. Son illər, məsələn, 2023–2024-cü illərdə Azərbaycana illik ortalama 20–22 milyon dollar rəsmi yardım və qrant paketi təsdiqlənib.
Xatırlatma
Azərbaycanda QHT-lərlə bağlı 2014-cü ildə başlanmış cinayət işinin icraatı 2022-ci ildə dayandırılsa da, 2025-ci ilin fevralında Baş Prokurorluq icraatı yenidən təzələyib. Bundan sonra USAID ilə əməkdaşlıq etmiş şəxslər istintaqa cəlb olunub. Onlardan bir qismi şahid kimi dindirilib, beş nəfər həbs edilib, 10-a yaxın vətəndaş cəmiyyəti fəalı barəsində isə alternativ qətimkan tədbirləri seçilib. Dindirilənlər arasında beynəlxalq donor təşkilatlarının təmsilçiləri də olub.
"QHT işi" üzrə həbs olunanlardan Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlı da məhkəmədə bəyan edib ki, Ədliyyə Nazirliyindən tutmuş, İqtisadiyyat Nazirliyinə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinədək müxtəlif dövlət qurumları USAID-dən on milyonlarla dollar qrant alıblar.
AzadlıqRadiosu hələ 2012-ci ildə USAID-in 1.5 milyon dollarlıq layihəni hökumətyönlü QHT-lərə verməsi iddiaları barədə yazmışdı.
USAID-lə əməkdaşlıqda adları çəkilən dövlət qurumlarının heç biri ictimai fəalların bu iddialarına rəsmi şərh verməyib.
2023-cü ilin noyabrında Azərbaycanda müstəqil media və QHT-lərə qarşı yeni həbs dalğası başlayandan sonra hökumətyönlü mediada USAID-lə əməkdaşlıq edən fəallar haqqında ittiham xarakterli materiallar yayılıb. Onların ünvanına "xain", "agent" və bu kimi digər ağır ifadələr səsləndirilib.
Ardınca USAID-in ölkədəki fəaliyyəti dayandırılıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2024-cü il iyunun 1-dən təşkilatın bu ölkədə fəaliyyəti de-yure mümkün deyil və qurumun bundan sonra Azərbaycanda təmsilçiliyinin qalmasının heç bir əsası yoxdur.
ABŞ dövlət katibi Marko Rubio 2025-ci ilin avqustunda USAID-in fəaliyyətinə xitam verildiyini elan edib. Bu qurum bağlanmamışdan əvvəl beynəlxalq humanitar təşkilatlar belə bir addımın fəlakətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdilər. BMT bildirirdi ki, USAID qlobal humanitar yardımın 40 faizindən çoxunu təmin edir. O, ABŞ hökumətinin beynəlxalq yardımlar üzrə əsas qolu hesab olunurdu.