QHT-lərlə bağlı cinayət işində təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına qarşı əsas ittihamlardan biri budur ki, onlar layihələr həyata keçirərkən maliyyəni xidmət müqaviləsi ilə alıblar. Baxmayaraq ki, maliyyə rəsmi şəkildə bank hesabına köçürülüb, vergisi ödənilib, amma prokurorluq bunu "cinayət yolu ilə əldə edilmiş vəsait" kimi qiymətləndirib. QHT təmsilçilərinə də Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli vəsaitin leqallaşdırılması) maddəsi ilə ittiham verilib.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, bu ittihamla həbsdə olan Bəşir Süleymanlının iyulun 30-da keçirilən məhkəmə iclasında xidmət müqavilələri əsasında qurulan fəaliyyətdən danışılıb.
Niyə xidmət müqaviləsi ilə işləyiblər?
Məhkəmədə ABŞ-nin German Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli şahid kimi ifadə verərkən deyib ki, bu qurum 2013-cü ilədək qrant verirdi. Ancaq 2013-cü ildə Azərbaycan qrant haqqında qanuna dəyişiklik edəndən sonra artıq qrant verməyi dayandırdı. Hansısa layihəyə maliyyə dəstəyi göstərməyə qərar verilirdisə, o halda, qarşı tərəflə xidmət müqaviləsi bağlanırdı.
M.Rəhimli vurğulayıb ki, xidmət müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə cəhd göstəriblər. Amma qarşı tərəfdən rəsmi şəkildə cavab gəlib ki, xidmət müqavilələrinin qeydiyyatdan keçirilməsinə ehtiyac yoxdur. O, məhkəmənin nəzərinə çatdırıb ki, əlində nazirliyin idarə rəisinin möhürlü-imzalı cavabı var: "Xidmət müqaviləsinə keçəndə nazirliyə müraciət etdik ki, o müqavilələr qeydiyyata alınsın. İdarə rəisi möhür və imzası ilə cavab göndərdi ki, xidmət müqavilələrinin Azərbaycanda qeydə alınmasına ehtiyac yoxdur. Ona görə də ötən müddətdə xidmət müqaviləsi ilə işləmişik. Əlimdə dediklərimi sübut edən yazılı sənəd var".
Mehriban Rəhimli
"Elə bir hal olsaydı, mütləq aşkarlanardı"
M.Rəhimlinin sözlərinə görə, işlədiyi təşkilatda vəzifəsi Azərbaycandan daxil olan layihələrə rəy vermək idi. Amma maliyyə ayırıb-ayırmamaq məsələsinə o baxmırdı. Məbləğ 30 minədək olanda İdarə Heyəti, daha yuxarı olanda isə ABŞ ofisi qərar verirdi: "Bəşir Süleymanlının təklif etdiyi layihələr üzrə üç dəfə rəy vermişəm. Hamısı da 30 mindən aşağı məbləğlər olub".
B.Süleymanlıya qarşı ittihamda bildirilir ki, o, ayrılmış maliyyə vəsaitlərindən səmərəsiz istifadə edib. Bu haqda suala M.Rəhimli belə cavab verib: "Bizdə kifayət qədər ciddi audit yoxlamaları olub. Elə bir hal olsaydı, mütləq aşkarlanardı. Müstəntiqin yazdığı şəxsi mülahizəsidir, fakta əsaslanmır".
B.Süleymanlı özü də əlavə edib ki, maliyyə vəsaitləri qanuni şəkildə əldə olunub və regionlarda vətəndaşlara hüquqi yardım, seçkilərin monitorinqi kimi işlərə xərclənib.
Dindirmə zamanı M.Rəhimli hakimin sualına cavab olaraq xatırladıb ki, onun özü də QHT-lərlə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edilib və hazırda məhkəməsi gedir: "Qurama ittihamlarla mən də təqsirləndirilən şəxsəm...".
B.Süleymanlının məhkəməsi oktyabrın 1-də davam edəcək. Məhkəməsinin iki ay təxirə salınması onun narazılığına səbəb olub. Hakimlər isə bunu məzuniyyətə getmələri ilə əsaslandırıblar.
Xatırlatma
Azərbaycanda QHT-lərlə bağlı 2014-cü ildə başlanmış cinayət işinin icraatı 2022-ci ildə dayandırılıb. 2025-ci ilin fevralında Baş Prokurorluq icraatı təzələyib, beynəlxalq donor təşkilatlarla əməkdaşlıq etmiş vətəndaş cəmiyyəti fəalları cinayət məsuliyyətinə cəlb olunub. Onlardan beş nəfər həbs edilib, 10-a yaxın vətəndaş cəmiyyəti fəalı haqqında isə alternativ qətimkan tədbiri seçilib, daha iki nəfər isə axtarışa verilib.
Həbs olunanlar arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə yanaşı, "Ubuntu" Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və ictimai fəal Əhməd Məmmədzadə də var.
Həbsdə olan QHT təmsilçilərindən bir neçəsinin məhkəməsi yekunlaşıb, A.Əhmədova 8 il, Z.Zəkiyevə 7 il 6 ay həbs cəzası kəsilib.
Barəsində alternativ qətimkan tədbiri seçilmiş fəallardan Aygül Pəncəliyeva, Nərgiz Muxtarova, Asiman Qocayevə isə şərti cəza verilib. Digərlərinin mühakiməsi isə hələ də gedir.
Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.