Prezidentin Xəzərdəki qəza ilə bağlı sərəncamı

İlham Əliyev sənəd imzalayarkən

Prezident Ilham Əliyev “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar sərəncam imzalayıb.

Sənədin məqsədi yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılmasıdır.

Buna da bax:​ Estakada uçub, neftçilər itkin düşüb

Sərəncamda qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçiliyi baş vermiş hadisə zamanı itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etməlidir.

Nazirlər Kabinetinə isə hadisə nəticəsində zərər çəkmiş şəxslərə, həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsi ilə bağlı tapşırıq verilib.

Dövlət Neft Şirkəti həmçinin, yığım məntəqəsinə dəymiş zərəri və məntəqənin yararlılıq vəziyyətini müəyyənləşdirməli, nəticələrin aradan qaldırılmasından ötrü təxirəsalınmaz tədbirlər görməlidir.

Buna da bax: 'Budka' dənizin dibindən tapıldı, amma boşdur...

Şirkətə eləcə də, tabeliyindəki müəssisələrdə texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə əməl etmək, onların təhlükəsiz istismarı müddətlərinə riayət olunması vəziyyətini araşdırıb, nöqsanları aradan qaldırmaq tapşırılıb.

Baş Prokurorluq isə sərəncama uyğun olaraq baş vermiş hadisənin səbəblərinin araşdırılmasından ötrü təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.

Xatırlatma

Dekabrın 15-i səhər saat 5 radələrində «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə düşməsi nəticəsində 10 neftçi itkin düşüb. Onlardan yalnız birinin, İlham Qafarovun cəsədi tapılıb. Qalan neftçilərin axtarışı davam edir.

Buna da bax:​ 'Fövqəlnazir' və SOCAR rəhbəri dənizdə

Bu, son illər Xəzərdə Azərbaycan neftçilərinin üzləşdiyi heç də yeganə faciəli hadisə deyil.

2014-cü ildə də «Azneft» İstehsalat Birliyinin strukturuna daxil olan bu idarədə 3 dəfə qəza baş verdiyi, nəticədə 5 nəfərin həlak olduğu bildirilir.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında baş verən yanğında isə itkin düşənlərdən bəzilərinin cəsədləri, hələ də, tapılmayıb. Həmin yanğın zamanı 64 nəfərdən 34-ü xilas edilmişdi. Onda itkin sayılan 30 neftçidən 15-dən çoxunun meyiti doğmalarına verilməyib.