Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:59

Estakada uçub, neftçilər itkin düşüb


Arxiv fotosu: Neft Daşları
Arxiv fotosu: Neft Daşları

«Budkada 10 nəfər işçi olub. Bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itkin düşüb».

“İki gün sonra evə gələcəkmiş”

İtkin düşən neftçilərdən biri 46 yaşlı Ramiz Abbasovdur. O, atasını körpə ikən itirib. Üç qardaşın ortancılı olub. “Anası üçüncüyə hamilə olanda atası rəhmətə gedib. Ata üzü görməyiblər. Anaları təkbaşına, zülmlə böyüdüb onları”, – Salyanın Xıdırlı kənd bələdiyyəsinin sədri Pəri Zülfüqarova AzadlıqRadiosu-nun müxbirinə danışır. Səsindən hadisədən mütəəssir olduğu duyulur.

“ÖZÜNƏ GÖRƏ HƏYATINI QURMUŞDU”

Ramiz Abbasovun iki övladı var: Rəşid, Rəşidə. Biri 14, o biri 13 yaşındadır, orta məktəbdə oxuyurlar, biri 8-ci, digəri 7-ci sinifdə. Yoldaşı evdar xanımdır, işləmir.

Bələdiyyə sədri sözünə davam edir: “Qonşumuz olub. Çox abırlı, təmkinli, tərbiyəli oğlan idi. Təzəlikcə maşinist vəzifəsinə keçibmiş. İki gün sonra evə gələcəkmiş, sabah yox, birigün. O da belə... Ayrıca evi, təsərrüfatı var. Özünə görə həyatını qurmuşdu. İndi gün görərdi. İndi də əcəl başının üstünü aldı. Allah rəhmət etsin”.

Ramiz Abbasov 15 ildən çoxdur neftçidir. İşdəki vəziyyətdən, təhlükədən heç vaxt evdəkilərə danışmayıb. Qardaşı Mübariz Abbasov deyir: “O elə bir təbiətli adamıydı ki, söz danışmazdı...”

Qara xəbəri onlara dənizdə işləyən əmioğlusu verib.

Buna da bax:​ 'Budkaqarışıq dənizə getdilər'

“SAĞ QALMAQ EHTİMALI YOXDUR”

Qardaşları, qohumları hazırda Sahil qəsəbəsində axtarışların nəticəsini gözləyirlər.

“Sağ qalmaq ehtimalı yoxdur. Bütün platforma dənizə gedib”, – qaynı Natiq asta səslə danışır.

“Bu saat bircə şeyə ümid edirik, heç olmasa, cəsədləri tapılsın, gözümüz yığılsın”, - qardaşı Mübariz dillənir. “İstədiyimiz odur ki, axtarış güclü aparılsın. Cəsədlər tapılsın... Deyirlər axtarış gedir, bizi buraxmırlar... Bizə kömək edin, suya dalğıclar buraxsınlar. Əsas odur ki, axtarışa dalğıclar qoşulsun. Çünki platforma dağılıb altında qala bilərlər. Bəlkə dalğıclar tapar...”

Ramiz Abbasovun xanımı Zahirəylə danışmağın isə mümkün olmadığını deyirlər, "danışacaq halda deyil" – söyləyirlər.

Evin tək övladı idi

Atbulaq kənd bələdiyyəsinin sədri Tahir Güləliyev itkin düşən neftçilərdən yalnız bir nəfərin onların kəndindən olduğunu deyir: «O da Rüstəm Qorxmazovdur».

Bələdiyyə sədrinin sözlərinə görə, 40-45 yaşında olan Qorxmaz Rüstəmov evin tək övladı idi.

«Anası yataq xəstəsidir, kəlmə kəsə bilmir. Atası da xəbəri eşidəndən sonra Bakıya yola düşüb. Biz də dayanıb gözləyirik», – Tahir Güləliyev söyləyir. «Amma onun itkin düşüb-düşmədiyini dəqiq bilmirik. Hələlik, rəsmi məlumat gəlməyib. Nə ailəsi, nə də qohumları dəqiq bir şey bilir. Hamıya hər şey qaranlıqdır. Gəlib dəqiq söz deyən, məlumat verən yoxdur. Kimi deyir ki, dünən işdən çıxıb, evə gəlirmiş, kimi də deyir ki, yox, dənizdə olub. Amma adı rəsmi siyahıda var», – T.Güləliyev belə deyir.

Buna da bax: «"Günəşli"də qaz sızması xəbərini versələr də...»

Estakada bu ilin avqustunda təmirdən çıxıb

«İtkin düşən neftçilərdən Ələt qəsəbəsinin sakini İlham Qafarovun meyiti artıq tapılıb. Onun meyiti hazırda gəminin göyərtəsindədir».

«Azneft» İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov saat 15:00-da keçirdiyi brifinqdə belə deyib.

O, qeyd edib ki, «Azneft» İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın 150 metr olan hissəsi dənizə uçub. Bunun nəticəsində ümumilikdə 10 neftçi itkin düşüb. Onlardan birinin meyiti tapılıb, 9-nun axtarışları davam edir.

Mətbuat konfransı
Mətbuat konfransı

B.Ağarəhimov axtarışların davam etdirildiyini, hava şəraitinin əlverişsiz olmasının işi çətinləşdirdiyini bildirib: «Hava şəraitinin əlverişsiz olacağı əvvəlcədən məlum idi. Bununla bağlı öncədən müvafiq tədbirlər görülmüşdü. Küləyin sürəti hadisə vaxtı saniyədə 41 metr olub. Həmin estakadada daimi 15 nəfər çalışır. Ancaq hadisə vaxtı təhlükəsizlik tədbirlərinə görə, iş yerində 10 nəfər olub. Həmin köşkdə bütün lazımi avadanlıqlar, xilasedici jiletlər olub».

B.Ağarəhimov hadisə baş verən estakadanın istifadəyə yararlı olduğunu bildirib. «Estakada 1978-ci ildə istismara verilib. Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir cari ilin avqust ayında aparılıb», - deyə o, vurğulayıb.

Buna da bax: Xəsarət alan neftçilərin maaş şikayəti

Hava axtarışa mane olur

Qərargahdan AzadlıqRadiosuna verilən məlumata görə, axtarışlara 10 gəmi cəlb edilib, ancaq hava şəraiti imkan vermədiyindən helikopterlərin axtarışlarda iştirakı, hələlik, mümkün deyil.

SOCAR rəsmilərinin itkin düşən neftçilərin ailələrinə baş çəkməyə yollandıqları bildirilir.

Qəza baş verən estakada- Göründüyü kimi köhnə, paslı dəmir-dümür. Foto qəzadan sonra, dekabrın 15-i səhərə yaxın çəkilib
Qəza baş verən estakada- Göründüyü kimi köhnə, paslı dəmir-dümür. Foto qəzadan sonra, dekabrın 15-i səhərə yaxın çəkilib

Qərargah yaradılıb

N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar «Azneft» İB-də qərargah yaradılıb.

Bu barədə SOCAR məlumat yayıb.

Hadisə ilə əlaqədar bu gün, dekabrın 15-i saat 15:00-da qərargahda jurnalistlərə açıqlama veriləcəyi bildirilir.

Estakadanın yararlılığına kim rəy verib?

Neft eksperti İlham Şaban N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində estakadanın uçması və 10 neftçinin dənizə düşməsi ilə bağlı bəzi rəsmi qurumların məsuliyyəti məsələsini qaldırıb.

«Yataqlar dənizin dayaz hissəsində yerləşdiyindən (10-30 metr) onların istismarı estakada üsulu, qazma prosesi isə meydançalardan (ploşadka) həyata keçirilir. Meydançalar nədir? Onların qalıqlarını Pirallahı adasına gedənlər daha yaxından görüblər. Təyyarə ilə Bakıya gələnlər isə çox zaman məhz Nərimanov NQÇİ-nin meydançaları üzərindən eniş edirlər. Görünür ki, onların bəziləri artıq ömrünü başa vurub. Əlbəttə, 40-50 il istismarda olub və laylardan karbohidrogen ehtiyatları çıxartdıqdan sonra, sadəcə, ömürlərini başa vurublar».

Buna da bax:​ Neftçilərin kredit borcları bağışlandı

İlham Şaban
İlham Şaban

İlham Şaban bildirib ki, SOCAR-ın balansında olan bu qurğuların yararlığına dair hər il müvafiq dövlət orqanları rəy verirlər.

«Necə ki, avtomobilin idarə edilməsi üçün «texosmotr» deyilən bir vacib sənədləşmə prosedurundan keçmək vacibdir, burda da elə»,-deyə İlham Şaban yazır.

Estakada aşıb, 9 neftçidən xəbər yoxdur

Dekabrın 15-i gecə saatlarında «Azneft» İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakada uçub.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat yayıb.

Onun bildirməsinə görə, nəticədə neftçilərin istirahət etdiyi budka dənizə düşüb.

«Budkada 10 nəfər işçi olub. Aldığım ilkin məlumata görə, bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itkin düşüb».

M.Qəhrəmanlının bildirməsinə görə, 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub. Nəticədə 5 nəfər həlak olub.

Buna da bax: Neftçilərə mobil telefon qadağası - niyə indi?

SOCAR təsdiqlədi

Şirkətin yaydığı məlumata görə, hadisə dekabrın 15-i səhər saat 5:00 radələrində güclü külək nəticəsində baş verib.

«Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb», - deyə SOCAR-ın məlumatında qeyd edilir.

Dənizə düşən neftçilər axtarılır

AZƏRTAC xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FİN) və «Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və «Azneft» İB-nin rəhbərliyinin hadisə yerində olduğu bildirilir.

Buna da bax:​ Deputat: 'Mənim bu xalqa yazığım gəlir...'

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

AZƏRTAC itkin düşən neftçilərin siyahısını da açıqlayıb.

1. Zülfüqarov Güloğlan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

XATIRLATMA

Bu, son illər Xəzərdə Azərbaycan neftçilərinin üzləşdiyi heç də yeganə faciəli hadisə deyil.

2014-cü ildə də «Azneft» İstehsalat Birliyinin strukturuna daxil olan bu idarədə 3 dəfə qəza baş verdiyi, nəticədə 5 nəfərin həlak olduğu bildirilir.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında baş verən yanğında isə itkin düşənlərdən bəzilərinin cəsədləri, hələ də tapılmayıb. Həmin yanğın zamanı 64 nəfərdən 34 nəfər xilas edilmişdi. Onda itkin sayılan 30 neftçidən 15-dən çoxunun, meyiti doğmalarına verilməyib.

'Günəşli' yatağındakı yanğından görüntülər [arxiv]

''Günəşli'' yatağındakı yanğından yeni görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG