'MeydanTV işi': 'Uşaqpulu vermirlər, amma öz uşaqları üçün milyonları xaricə daşıyırlar'

Xəyalə Ağayeva

MeydanTV-nin həbsdə olan əməkdaşlarından Xəyalə Ağayeva məhkəmədəki ifadəsində Əliyevlər ailəsinin xaricdəki əmlakları və hökumətdəki korrupsiya barədə danışanda məhkəmə yarımçıq dayandırılıb. Hakimlər qəfildən qalxaraq məhkəmə zalını tərk ediblər. Bu olay mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.

"MeydanTV işi" üzrə təqsirləndirilən 12 nəfərin işinə Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Mayın 22-də məhkəmədə jurnalistlərdən yalnız Xəyalə Ağayeva ifadə verib.

Hazırda Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu keçirildiyini yada salan X.Ağayeva deyib ki, prezident İlham Əliyev gələn qonaqlara Bakının tarix və memarlıq irsinin qorunmasından danışır: "Lakin paytaxtın xatirələrinin dağıdılmasından, tarixi binaların yerlə-yeksan edilməsindən danışmır. Həbsimizdən əvvəl çəkdiyim, amma hakimiyyətin yayımlamağa imkan vermədiyi son süjetimiz də Bayırşəhərin məhv edilməsiylə bağlı idi. Foruma gələn xarici qonaqlar Ağ Şəhərdə gəzdirildiyi vaxt Bayırşəhərdə tarix artıq dağıntılar altındadır".

Sizin brauzer HTML5-i dəstəkləmir

Bayırşəhər sakinləri: 'Elə bil 'ujas' filmindəyik'

Özü daxil, MeydanTV əməkdaşlarının siyasi sifarişlə həbs olunduğunu deyən jurnalist vurğulayıb ki, onların məqsədi rəsmilərin yalanlarını ifşa etmək, insanlara doğru xəbəri çatdırmaq olub.

"Gəlin, sizə orada heç yoxlanılmamış bir şəxsdən danışım"

Jurnalist ona verilən qaçaqmalçılıq ittihamı haqda danışarkən deyib ki, həbs olunanadək nə vaxt xarici ölkəyə gedib-gəlibsə, həmişə sərhəd-keçid məntəqəsində yoxlanılıb. Heç bir pozuntu da aşkarlanmayıb.

"Gəlin, sizə orada heç yoxlanılmamış bir şəxsdən danışım. Mənimlə həmyaşıd balaca Heydər hələ 9 yaşında ikən adına 75 milyon dollarlıq Dubay mülkləri alınmışdı. Bu, hökumətimizin ölkədə uşaqpulunun verilməsini dayandırdığı 2006-cı ildə baş verib. Bəs eyni vaxtda öz uşaqları üçün milyonlarla pulu xaricə necə çıxarmışdılar?", - jurnalist ifadəsində sual edib.

X.Ağayeva ifadəsində Azərbaycan hökumətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA-dakı) deputatları ələ almaqdan ötrü rüşvət verməsiylə bağlı qalmaqala da toxunub: "Cinayətkar məqsədlər üçün hökumət təxminən 3 milyon dollar rüşvət verib. Nəticədə ləyaqətini satışa çıxaran həmin deputatlar Azərbaycan hökumətiylə eyni mövqedən çıxış ediblər…".

X.Ağayevanın çıxışı zamanı hakimlər bir neçə dəfə ona xəbərdarlıq ediblər. Son cümlə səslənəndə isə onlar qəfildən məhkəmə zalını tərk edərək məhkəmə prosesini yarımçıq dayandırıblar.

Xatırlatma

2024-cü il dekabrın 6-da MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva, Ramin Deko və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs edilib. Cinayət işi çərçivəsində daha sonra jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və fotojurnalist Əhməd Muxtar da saxlanılıb. Onlara qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və qaçaqmalçılıq maddələri ilə ittihamlar irəli sürülüb. İttihamlar təsdiqlənərsə, jurnalistlər 12 ilədək həbs oluna bilərlər.

Ümumilikdə, 2023-cü ilin noyabrından bəri Azərbaycanda 30-dan çox jurnalist və fəal bənzər ittihamlarla qruplar halında həbs olunub. Artıq "AbzasMedia işi" üzrə 7 jurnalistə 7 il 6 aydan 9 ilədək (o cümlədən AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadəyə 9 il) həbs cəzası verilib.

"Toplum TV işi" üzrə isə məhkəmə hələ davam edir.

Jurnalistlər ittihamları rədd edərək korrupsiya və məmur özbaşınalıqlarını işıqlandırdıqlarına görə hədəfə alındıqlarını deyir. Rəsmilər isə həbslərin peşə fəaliyyəti ilə deyil, konkret cinayət əməlləri ilə bağlı olduğunu bildirir.