MeydanTV əməkdaşlarının məhkəməsi 6 aydan sonra yenidən başladı

Öncəki məhkəmə heyətinin dövründə ittiham aktı elan olunmuş, təqsirləndirilən jurnalistlərdən dörd nəfər ifadə vermişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım ilə yaxın "MeydanTV işi"nə baxan hakimlərdən biri – Aytən Əliyeva vəzifədə irəli çəkilərək apellyasiya məhkəməsinə göndərildiyindən 12 jurnalistin mühakiməsi yenidən başlayıb. "MeydanTV işi" bu dəfə Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilib. Tərkibdəki digər iki hakimdən biri – Azər Tağıyev "ToplumTV işi"ndəki doqquz jurnalist və ictimai fəalın məhkəməsində sədrlik edir. Daha bir hakim - Roman Ələkbərli isə parlamentin fəaliyyətini araşdıran meclis.info saytının həbsdə olan rəhbəri İmran Əliyevin işini aparır.

İyulun 3-də MeydanTV əməkdaşlarının məhkəməsində onların vəkilləri müvəkkillərinin hökm çıxarılanadək ev dustaqlığına buraxılmasına dair vəsatətlər veriblər. Müdafiəçilər təqsirləndirilənlərin həbsdə saxlanması üçün nə maddi, nə də prosessual əsaslar olmadığını vurğulayıblar. Müvəkkillərinin jurnalist fəaliyyətinə görə həbs olunduğuna diqqət çəkən vəkillər onların hər biri haqqında ayrıca məlumat veriblər.

Məsələn, Zibeydə Sadıqova bildirib ki, MeydanTV-nin baş redaktoru Aynur Qənbərovanın (Elgünəş) sağlamlığında ciddi problemlər var, II qrup əlildir: "Onun üzərində 17 dəfə cərrahiyyə əməliyyatı aparılıb...".

Fotojurnalist Əhməd Muxtarovun himayəsində azyaşlı övladının olduğu, atası və həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyi vurğulanıb.

Müdafiə tərəfinin gətirdiyi əsaslara baxmayaraq, 12 nəfərin heç biri ev dustaqlığına buraxılmayıb.

Vəkillər təqsirləndirilən jurnalistlərdən "Amerikanın səsi"nin əməkdaşı Ülviyyə Quliyeva (Əli) və MeydanTV-də çalışan Aytac Əhmədovanın (Tapdıq) sağlamlığındakı problemlərə də diqqət çəkiblər. Onlar bildiriblər ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinədən ötrü gərəkli avadanlıq olmadığından özəl xəstəxanada müayinəyə icazə verilməlidir.

Öncəki məhkəmə heyətinin dövründə ittiham aktı elan olunmuş, təqsirləndirilən jurnalistlərdən dörd nəfər ifadə vermişdi. Qərara alınıb ki, vaxt itirməməkdən ötrü bunlar təkrarlanmasın, proses elə qaldığı yerdən davam etsin.

Öncə ifadə verməyənlərdən Ə.Muxtarovun ifadəsi dinlənilib. O bildirib ki, 2008-ci ildə Bakı Jurnalistika Məktəbində təlimdə olub, ondan sonra A.Elgünəşlə dostluğu yaranıb və bu illər ərzində bu dostluq sürüb. Digər təqsirləndirilən jurnalistlərdən Natiq Cavadlı ilə Türkiyədə prezident seçkisi zamanı birlikdə səfərdə olub, Rəcəb Tayyib Ərdoğandan müsahibə götürüblər və s.

2009-cu ildən peşəkar fotoqraf kimi fəaliyyət göstərdiyini deyən Ə.Muxtarovun sözlərinə görə, müxtəlif təşkilatlarla müqavilə əsasında əməkdaşlıq edir, vergi ödəyir: "2020-ci ildə "İlin fotoqrafı" olmuşam, Vətən müharibəsində çəkdiyim fotolar "The Associated Press" və başqa beynəlxalq media orqanlarında yayılıb. Dillər Universitetində dərs demişəm. Prezident Administrasiyasının Qarabağ səfərlərində fotoqraf kimi iştirak etmişəm".

Onun sözlərinə görə, MeydanTV ilə heç vaxt əməkdaşlığı olmayıb. 2024-cü il dekabrın 6-da MeydanTV əməkdaşları tutulan gün onu da saxlayıblar. Ondan A.Elgünəş üçün Tbilisidən pul gətirməsini soruşublar. Bu barədə ifadə verəndən sonra onu MeydanTV ilə bağlı cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etməsələr də, polisə müqavimət ittihamı ilə 20 sutka həbs cəzası veriblər və 20 gün sonra azadlığa buraxılıb. Ötən ilin avqustunda isə onu həbs ediblər.

"MeydanTV işi" üzrə məhkəmə prosesi iyulun 24-də davam edəcək.

Xatırlatma

MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub.

Bu cinayət işi üzrə ötən ilin fevralında daha üç jurnalist - Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı da saxlanılıb.

Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda fotojurnalist Əhməd Muxtarov da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunublar.

Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və başqa maddələri ilə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yoluyla xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin xeyli əməkdaşı da var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən 7 jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmədə indi vəkil çıxışları mərhələsidir. Orada jurnalist və fəallara prokuror 13 ildən 16 ilədək həbs cəzası istəyib.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. Onlar iddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.