ABŞ prezidenti Donald Tramp və İran Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəsə razılaşıblar. Bu addım tərəflərə sülh razılaşması üzrə danışıqlar aparmaq üçün vaxt qazandırıb.
Tramp aprelin 7-də səhər saatlarında sosial şəbəkədə "İran razılaşmaya gəlməsə, bu gecə bütöv bir sivilizasiya məhv olacaq" yazmışdı. O, daha sonra bildirib ki, Tehrandan 10-bəndlik təklif alıb və bunun "danışıqlar üçün işlək əsas" olduğuna inanır.
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Tasnim" xəbər agentliyi tərəflər arasında "müəyyən şərtlərlə" atəşkəsin bərqərar olduğunu təsdiqləyib.
"Çoxlu pullar qazanılacaq"
Tramp İranın təklifinin detalları haqda yazmayıb. Amma razılaşma üçün əsas şərtin Hörmüz boğazından gəmilərin sərbəst keçidinə icazə verilməsi olduğunu bildirib. Bu boğaz neft və qaz daşımaları üçün əsas marşrutdur.
ABŞ prezidenti daha sonra "Truth Social"da dünyada sülh üçün böyük günün çatdığını qeyd edib.
"İran bunun baş verməsini istəyir… ABŞ Hörmüz boğazında nəqliyyatın sıxlığına kömək edəcək. Xeyli müsbət işlər baş verəcək! Çoxlu pullar qazanılacaq. İran bərpa prosesinə başlaya bilər", –postda deyilir.
İsrailin baş naziri Binyamin Netanyahunun ofisi Trampın İrana zərbələri dayandırmaq qərarına dəstək bildirib. Ancaq atəşkəsin Livana aid olmadığını vurğulayıb: "İsrail prezident Trampın İrana qarşı zərbələri iki həftəlik dayandırmaq qərarını dəstəkləyir. Bunun üçün İran dərhal boğazları açmalı, ABŞ-yə, İsrailə və region ölkələrinə bütün hücumları dayandırmalıdır… İki həftəlik atəşkəs Livana aid deyil".
İki həftə ərzində Hörmüzdən təhlükəsiz keçid təmin olunacaq
Təhlilçilər Hörmüzün açılmasını razılaşmanın əsas məqamı adlandırırlar. Onların fikrincə, atəşkəsin sabitliyi Tehrandan asılıdır.
"İndi diqqət bütünlükdə İrana yönəlib, çünki prezident atəşkəsi boğazın açılması ilə şərtləndirib", – Atlantik Şurasının eksperti və Pentaqonun keçmiş rəsmisi Aleks Plitsas belə deyib.
İranın xarici işlər naziri Abbas Əraqçi X platformasında yazıb ki, İrana qarşı hücumlar dayandırılarsa, İran silahlı qüvvələri də cavab zərbələrini dayandıracaq.
"İki həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçid İran Silahlı Qüvvələri ilə koordinasiya əsasında və texniki məhdudiyyətlər nəzərə alınmaqla mümkün olacaq", – o əlavə edib.
"Taktiki fasilə"
Tramp ABŞ-nin İranın elektrik stansiyalarını və körpülərini hədəfə ala biləcəyi barədə xəbərdarlıq səsləndirmişdi. Atəşkəs razılaşması həm də ABŞ və İsrailin İranın müxtəlif bölgələrinə, infrastrukturuna və strateji Xarq adasına zərbələrindən bir neçə saat sonra əldə olunub.
Tramp administrasiyasının yüksəkvəzifəliləri bu razılaşmanı "qələbə" adlandırıblar. "United Against Nuclear Iran" təşkilatının siyasət direktoru Ceyson Brodski isə bunu ABŞ tərəfindən "taktiki fasilə" kimi xarakterizə edib. "Məncə, prezident Tramp eskalasiya variantını saxlayır. Hücum planları hazırdır, bu real hərbi təhdid qalır", – o deyib.
"İran da Hörmüz boğazını təhdid edə bilər. Razılaşma pozularsa, tərəflər əvvəlki mövqelərinə qayıda bilər", – təhlilçi əlavə edib.
"Atəşkəs davamlı olarsa, bu, gələcək toqquşmalardan çıxış yolu ola bilər. Bu mənada eskalasiya, hətta onun təhdidi belə hazırkı deeskalasiyanı sürətləndirmək üçün zəruri ola bilər", – Dövlət Departamentinin keçmiş sözçü müavini Keyl Braun AzadlıqRadiosuna deyib.
"Diplomatiya yeganə çıxış yoludur"
Trampın İran sivilizasiyasını məhv etməklə bağlı açıqlamaları isə qlobal miqyasda narahatlıqları gücləndirib. Amerikalı Roma Papası Leo bu bəyanatı "tamamilə qəbuledilməz" adlandırıb, digərləri isə mülki infrastrukturu vurmamaqla bağlı xəbərdarlıq ediblər.
Müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayıb. Vaşinqton və Tehranın təklifləri arasında ciddi fərqlər qaldığından tərəflərin kompromisə hazır olmasının əlamətləri böyük deyil.
ABŞ-nin demokrat senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü Cinn Şahin müvəqqəti atəşkəsi alqışladığını bildirib. Amma o, müharibənin nəticələri ilə bağlı narahatlıqların qaldığını vurğulayıb. Belə ki, qaz kəskin bahalanıb, qlobal iqtisadiyyatda böyük pozuntular baş verib, 13 ABŞ hərbçisi həlak olub.
"Diplomatiya yeganə çıxış yoludur. İndi müttəfiqlərimizlə birlikdə intensiv diplomatik səylər göstərilməli, münaqişə başa çatdırılmalı, İranın nüvə silahı əldə etməsinin qarşısı alınmalıdır", – senator deyib.