İran xalqı illərdir davam edən ağır iqtisadi sanksiyalara baxmayaraq, süfrəsinə çörək qoya bilirdi. Amma bu, indiyə qədər belə idi. ABŞ və İsraillə müharibənin alovlandırdığı kəskin bahalaşma və tədarük qıtlığı İranın infrastruktur və sənayesini çökdürüb. Bu isə ölkədə qarşısıalınmaz inflyasiyaya və işsizliyə yol açıb.
Çörək tarixən dövlət subsidiyaları sayəsində ucuz saxlanılan azsaylı əsas ərzaqlardan biri olub. Dövlət çörək sexlərinə unu aşağı qiymətlərlə verirdi. Amma paytaxt Tehran kimi şəhərlərdə çörəyin qiyməti ötən illə müqayisədə iki dəfə bahalaşıb. Bu da bir çox insanın gündəlik çörəkpulunu tapmasını belə çətinləşdirib.
Paytaxt sakinlərindən biri AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) bildirib: "Vəziyyət çox bərbaddır. Amma biz yenə də bir çox insandan yaxşı durumdayıq". Hökumətin təzyiqlərindən qorxaraq adının gizli qalmasını istəyən qadın İrandakı yaşayış böhranını belə təsvir edib: "Artıq ət almıram, restoranlarda, demək olar ki, yemək yemirəm və aylardır özümə heç nə almamışam".
Tehran və Vaşinqton təxminən dörd aydır davam edən müharibəyə son qoymaq məqsədilə müvəqqəti saziş imzalayıb. Hazırda tərəflər tam sülh müqaviləsi bağlamaq üçün 60 günlük danışıqlar mərhələsindədirlər. Amma diplomatlar sazişin bəndlərini müzakirə etdiyi bir vaxtda milyonlarla iranlı hələ də iqtisadi çətinliklərlə boğuşur. Hətta bəzi insanlar gündə cəmi bir dəfə yemək yeməli olurlar.
İnflyasiya 58 faizə çatdı – BVF 69 faiz proqnozlaşdırır
Çörəyin qiymətini dövlət özü təyin edir. Tehran rəsmiləri çörəyin ucuz saxlanılması ilə bağlı subsidiya vədini pozaraq iyunun 23-də qiymətlərin kəskin artırılmasına razılıq veriblər. Qeyri-rəsmi qiymət artımları digər əyalətlərə də yayılıb, orada da xərclər iki dəfə artıb. Mağazalarda və çörək sexlərində adətən ən ucuz çörək növü olan lavaşın qiyməti 14 min rialdan (0.01 ABŞ dolları) 27 min riala (0.02 dollar) yüksəlib.
İranlı qadın Tehrandakı yerli bazarda alış-veriş edir.
Bahalaşma təkcə çörəklə məhdudlaşmır. İran Statistika Mərkəzinin məlumatına görə, təxminən 90 milyon əhalisi olan ölkədə may ayında ərzaq qiymətləri təxminən 130 faiz sıçrayıb. Bu, ümumi inflyasiyanın ardıcıl olaraq üçüncü ay artması deməkdir və hazırda inflyasiya 58 faizə yaxındır. Beynəlxalq Valyuta Fondu (BVF) İranın ümumi inflyasiyasının 2026-cı ildə 69 faizə çatacağını proqnozlaşdırır. Bu, 1979-cu il İslam İnqilabından bəri ən yüksək göstərici olacaq.
İran iqtisadiyyatı illərdir ABŞ-nin ağır sanksiyaları və dövlətin səmərəsiz idarəçiliyi ucbatından iflic vəziyyətində idi. Yanvarda milli valyutanın kəskin dəyər itirməsi kütləvi hökumət əleyhinə etirazlara səbəb olmuşdu. Cəmi bir neçə həftə sonra ABŞ və İsrailin hava hücumları ölkənin əsas enerji və nəqliyyat sistemini sıradan çıxardı və ya ciddi zədələdi. Əsas sənaye sahələrinin də hədəfə alınması yerli istehsalı pozdu və təməl ərzaq məhsullarının qiymətini kəskin artırdı.
Çörəkçi Hüseyn: "Hər şey yüz qat bahalaşıb"
ABŞ-nin dəniz blokadası ölkə iqtisadiyyatının can damarı olan neft ixracını dayandırdı. Eyni zamanda, İranın interneti aylarla tamamilə söndürmək qərarı bir çox biznes sahəsinə və sahibkarlara ciddi zərbə vurdu.
Minimum aylıq əməkhaqqının təxminən 100 dollar olduğu İranda bu gərginlik hər bir ailədə hiss olunur. "Donya-e Eqtesad" qəzetinin hesablamalarına görə, orta hesabla dörd nəfərlik ailə gəlirinin təxminən 70 faizini təkcə əsas ərzaq məhsullarına xərcləyir.
Çörəkçi Hüseyn isə çörəyin qiymətinin artmasını arenda haqqı və kommunal xərclərin yüksəlməsi ilə əlaqələndirib. O, "Radio Fərda"nın Instagram səhifəsindəki şərhində yazıb: "Siz hadisəyə yalnız bir tərəfdən baxırsınız. Hər şey yüz qat bahalaşıb".
Tehranda çalışan iqtisadçı Cavad Rəhimpur "Radio Farda"ya bildirib ki, İran iqtisadiyyatı ciddi struktur çatışmazlıqlarından əziyyət çəkir: "Heç bir sahədə xərclərin idarə olunmasını və ya cilovlanmasını təmin edəcək mexanizm yoxdur". Onun sözlərinə görə, bütün səviyyələrdə biznes strukturları artan xərcləri sadəcə qəbul edərək istehlakçıların üzərinə yükləyir. O, bu vəziyyəti "yanlış idarəçiliyin zəncirvarı ötürülməsi" adlandırır.
Rəhimpur ABŞ ilə imzalanacaq hərtərəfli sülh sazişinin müvəqqəti rahatlıq gətirə biləcəyini söyləsə də, xəbərdarlıq edib ki, hər hansı bir razılaşmadan asılı olmayaraq, İranın ticarət və iqtisadi sistemi genişmiqyaslı yenidənqurmaya ehtiyac duyur.