ABŞ və İranın imzaladığı Anlaşma Memorandumu istər-istəməz 2015-ci ildə ABŞ prezidenti Barak Obama dövründə Tehranla imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə müqayisə olunur.
Donald Tramp Obamanın imzaladığı sazişi sərt tənqid etmiş, 2018-ci ildə prezidentliyinin ilk dövründə Birləşmiş Ştatları bu razılaşmadan çıxarmışdı. Tramp dəfələrlə bildirib ki, onun əldə etdiyi saziş daha yaxşı olacaq. Ancaq Versalda imzaladığı sənəd yekun razılaşma deyil, bir çox məsələlərin növbəti 60 gün (və ya daha uzun müddət) ərzində danışıqlar yolu ilə həllini nəzərdə tutur.
"Əgər bu asan olsaydı, iki müharibə əvvəl həll etmişdik", – Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Naysan Rafati AzadlıqRadiosuna bildirib. O, həm ötən ilin iyunundakı 12 günlük müharibəni, həm də bu il fevralın 28-də ABŞ və İsrailin hava zərbələri ilə başlayan qarşıdurmanı nəzərdə tutur.
"Ötən ilin iyunundan bəri İranın nüvə proqramının əsas parametrləri JCPOA dövründəkindən fərqlidir", – Rafati əlavə edib.
JCPOA-da nə var idi?
Əsas bir məsələ dəyişməyib – İran həmişə nüvə silahı hazırlamaq niyyətində olmadığını bəyan edib. Amma Tehran uranı mülki məqsədlər üçün tələb olunan səviyyədən yüksək dərəcədə zənginləşdirib. Bu problem o zaman da əsas mübahisə mövzusu idi, indi də belədir.
JCPOA-da vurğulanırdı ki, İran zənginləşdirilmiş uran ehtiyatının 98 faizini ölkədən çıxarmalı, gələcək zənginləşdirməni silah səviyyəsindən xeyli aşağı həddə saxlamalı, bəzi sentrifuqaların işini dayandırmalı və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bütün bunları yoxlamasına imkan verməli idi.
Bunun qarşılığında, İranın öhdəliklərini yerinə yetirdiyi təsdiqləndikdən sonra nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyalar ləğv edilməli idi. Amma saziş Tehranın Yaxın Şərqdəki silahlı qruplaşmalara dəstəyini, raket proqramını və ya insan hüquqları məsələlərini əhatə etmirdi.
Bundan əlavə, İran müxtəlif hesablamalara görə, 50-100 milyard dollarlıq dondurulmuş xarici aktivlərinə çıxış əldə etdi. ABŞ hökuməti də ümumilikdə 1.3 milyard dollar ödəniş etdi. Sazişdə mübahisələrin həlli mexanizmi və 2030-cu ildə onun qüvvədən düşməsini nəzərdə tutan müddəa vardı. BMT Təhlükəsizlik Şurası da sənədi təsdiqləmişdi.
O zaman saziş Konqresdə hər iki partiyanın müqaviməti ilə üzləşdi. Konqresmenlər deyirdilər ki, saziş İranın nüvə proqramını məhdudlaşdırsa da, onu tamamilə sıradan çıxarmır.
Müharibəyə gedən yol
2018-ci ilin mayında Tramp bu sazişdən çıxdığını elan edərək onu "dəhşətli və birtərəfli" adlandırdı. 2020-2021-ci illərdə isə İran həm sentrifuqaların sayını, həm də uranın zənginləşdirilmə səviyyəsini artırmağa başladı. BAEA bunu rəsmən təsdiqlədi.
Bu addımdan sonra Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 qrupu Tehranın JCPOA öhdəliklərini artıq yerinə yetirmədiyini bəyan etdi.
İsrail və ABŞ ötən ilin iyununda İranın nüvə silahı hazırlamağa çox yaxınlaşdığı iddiası ilə onun nüvə obyektlərinə hava zərbələri endirdi. Pentaqonun hesabatlarında əməliyyatın İranın nüvə proqramını iki il geriyə atdığı bildirilsə də, ziyanın miqyası ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqda davam etdi.
Rafatinin sözlərinə görə, İranın nüvə infrastrukturu və nüvə proqramında iştirak edən yüksək vəzifəli şəxslər ciddi zərər görsələr də, hədəf alınan əsas zənginləşdirmə obyektlərində yerində yoxlamalar aparılmayıb. Tehran isə iyun münaqişəsindən sonra BAEA-nın monitorinq fəaliyyətini məhdudlaşdırmağa başlayıb.
Ötən ilin sentyabrında isə JCPOA-nın "snapback" (sanksiyaların dərhal bərpası) mexanizmi işə düşüb və İranın öhdəlikləri pozması səbəbindən BMT sanksiyaları yenidən qüvvəyə minib.
2025-ci ilin iyun müharibəsindən sonra Vaşinqton və Tehran nüvə danışıqlarını bərpa etdilər. Amma fevralın 28-də ABŞ və İsrailin endirdiyi hava zərbələrindən sonra bu proses tamamilə dayandırıldı.
Bəs Anlaşma Memorandumu?
İyunun 17-də Donald Tramp və Məsud Pezeşkianın imzaladığı anlaşma memorandumu (MoU) İran neftinə qarşı ABŞ sanksiyalarının dərhal yumşaldılmasını nəzərdə tutur. Daha geniş sanksiyaların ləğvi və dondurulmuş aktivlərin açılması isə İranın öz öhdəliklərini yerinə yetirməsindən asılı olacaq. Bu şərtlərə yüksək səviyyədə zənginləşdirilmiş uranın BAEA-nın nəzarəti altında seyrəldilməsi (daha aşağı səviyyəyə endirilməsi) də daxildir.
Uranın zənginləşdirilməsi ilə bağlı əsas məsələlər növbəti danışıqlara saxlanılıb. Tehran isə nüvə silahı əldə etməyəcəyini və onu inkişaf etdirməyəcəyini bir daha təsdiqləyib.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə baş müxbiri Rey Förlonq yazır ki, JCPOA kimi, yeni memorandum da tənqid olunur. Bir sıra respublikaçı konqresmenlər Vaşinqtonun həddindən artıq güzəştə getdiyini düşünürlər.
Demokratiyaların Müdafiəsi Fondunun baş təhlilçisi Maks Meyzliş də İran neftinin sanksiyalardan kənar tutulmasını tənqid edib: "Əgər bu razılaşma həqiqətən də konkret nəticələrə hədəflənibsə, sanksiyaların yumşaldılması sadəcə danışıqlar masasına oturmaqla, memorandum imzalamaqla və ya boğazı açmaqla məhdudlaşmamalı, rejimin davranışındakı real dəyişikliklərlə əlaqələndirilməlidir".
Meyzliş İranın raket proqramı və "Hizbullah" kimi qruplaşmalara dəstəyi ilə bağlı məsələlərin sənəddə əks olunmamasını kəskin tənqid edib. Vaxtilə JCPOA da məhz bu amillərə görə tənqid hədəfinə çevrilmişdi.
İndi 2015-ci il deyil
Förlonq yazır ki, İran iqtisadiyyatını zəiflədən və nüvə obyektlərinə zərər vuran iki müharibədən sonra hazırkı şərait 2015-ci ildəkindən köklü şəkildə fərqlənir. Bu münaqişələr tərəflər arasında etimadı sarsıdaraq diplomatik danışıqları daha da mürəkkəbləşdirib.
JCPOA yalnız ABŞ və İran arasında ikitərəfli proses olmayıb – danışıqlarda Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya da iştirak edib və proses təxminən iki il çəkib. Yeni memorandum isə yekun sazişə 60 gün ərzində nail olunmasını hədəfləsə də, bu müddətin uzadıla biləcəyini də vurğulayır.
Rafatinin fikrincə, bundan sonrakı danışıqlar indiyədək aparılanlardan daha texniki və mürəkkəb olacaq.
"Əsas sual budur ki, tərəflər nüvə silahlarının yayılmaması və sanksiyaların aradan qaldırılması kimi məsələlərin bütün texniki detalları üzərində işləyəcək peşəkar ekspert nümayəndə heyətləri ilə masaya oturacaqlarmı?", – Rafati vurğulayıb.