Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 22:34

Tramp İranda rejim dəyişikliyi elan etdi, İsrail Livanda qalmaqda israrlıdır

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp iyunun 17-də Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə bildirib ki, ABŞ İranda rejim dəyişikliyinə nail olub.

"Rejim dəyişikliyindən danışırsınız, bəlkə də, heç kim bunu belə adlandırmaz, amma məncə, elədir. Birinci liderlər qrupu artıq yoxdur, ikinci liderlər qrupu da yoxdur. Üçüncü liderlər qrupunun da bir hissəsi artıq yoxdur... Məncə, bu, elə rejim dəyişikliyidir", – Tramp deyib.

Prezident əlavə edib ki, hazırda İranda əvvəlkilərlə müqayisədə daha "ağıllı" və "xeyli az radikallaşmış" yeni rəhbərlik hakimiyyətdədir və bununla da faktiki olaraq rejim dəyişikliyinə nail olunub.

"Daha yumşaq ola bilərdi"

ABŞ prezidenti İranla imzalanan anlaşma memorandumunun bir nüsxəsinin İsrailə də təqdim olunduğunu bildirib. O, son günlər İsrailin baş naziri Binyamin Netanyahudan narazılığını ifadə etsə də, İsraili "yaxşı tərəfdaş" adlandırıb.

Netanyahunun "yaxşı adam" olduğunu deyən Tramp əlavə edib ki, o, bəzən "bir az həddindən artıq emosional davranır".

"Onun bir az daha yumşaq yanaşması ola bilərdi. "Hizbullah" mənsubu bir binaya daxil oldu deyə, hər dəfə həmin binanı tamamilə dağıtmağa ehtiyac yoxdur", – Tramp vurğulayıb.

İsrailin zərbələrindən sonra Livanın cənubundan tüstü yüksəlir.
İsrailin zərbələrindən sonra Livanın cənubundan tüstü yüksəlir.

"İsrail Livandan çəkilmək niyyətində deyil"

ABŞ-İran razılaşmasında Livanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi öhdəliyi də yer alıb. Buna baxmayaraq, İsrail Livanın cənubunda qoşunlarının qalması ilə bağlı ABŞ ilə "prinsipial və sərt" danışıqlar apardığını bildirir. Bu barədə baş nazir Binyamin Netanyahuya yaxın yüksək vəzifəli İsrail rəsmisi "Reuters" agentliyinə məlumat verib.

Rəsmilərin sözlərinə görə, İsrail bu məsələdə öz mövqeyindən geri çəkilmək niyyətində deyil.

Bu müzakirələr fonunda Livanda zorakılığın səngidiyi bildirilir. Amma iyunun 18-də İsrailin Livanın cənubuna endirdiyi dron zərbəsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Bu barədə Livanın dövlət xəbər agentliyi məlumat yayıb.

İsrail ordusu əvvəlki gecə Livanın cənubunda insident zamanı bir əsgərinin öldüyünü, daha yeddi hərbçisinin isə yaralandığını açıqlayıb.

"Hizbullah"ın İrana dəstək məqsədilə hücumlara başlamasından sonra İsrail Livanın cənubunda hərbi əməliyyatlarını genişləndirib. İsrail rəsmiləri bildirirlər ki, Livan, Qəzza və Suriyada nəzarətə götürülmüş ərazilər təhlükəsizliyi gücləndirmək üçün yaradılmış bufer zonalardır.

ABŞ və İran iyunun 16-da razılığa gəldiklərini açıqlayandan sonra "Hizbullah" İsrailə qarşı yeni hücumlara görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, tərəflər arasında məhdud atışmalar davam edib.

"Başqalarının raketi varsa, onların da olmalıdır"

D.Tramp bildirib ki, yekun razılaşma üzrə danışıqlar yalnız İranın nüvə proqramını deyil, həmçinin Tehranın adi ballistik raketləri də daxil olmaqla, digər qeyri-nüvə məsələlərini də əhatə edəcək.

Prezidentin sözlərinə görə, ona İrana bütün növ raketləri qadağan etmək tövsiyə olunsa da, bunun real olmadığını düşünür: "Belə alınmır. Başqalarında raket varsa, onların da müəyyən qədər raketi olmalıdır".

ABŞ prezidenti həmçinin xəbərdarlıq edib ki, Tehran razılaşmanı pozarsa, Vaşinqton İrana yenidən ağır zərbələr endirməyə hazırdır: "Öhdəliklərə əməl etməsələr, yenidən zərbə alacaqlar. Amma onlar bombardman olunmaq, zərbə almaq istəmirlər".

İyunun 17-də ABŞ və İran prezidentləri anlaşma memorandumu imzalayıblar. Bu sənəd münaqişəyə son qoymağa yönəlmiş və dərhal qüvvəyə minən ilkin sülh razılaşması kimi təqdim olunur.

XS
SM
MD
LG