Həbsdə olan ilahiyyatçı: 'Bədənim çürüməyə başlayıb...'

Mənsur Vəlişov

Umbakı Penitensiar Kompleksində qapalı həbsxana rejimində saxlanılan ilahiyyatçı Mənsur Vəlişov bütün bədənini dərialtı yaralar bürüdüyünü, orqanizmdə çürümə başladığını deyir. Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, bu haqda o, ailə üzvləri ilə telefon danışığında məlumat verib.

"Üç aydır, heç cür düzəlmirəm. Bədənim çürüməyə başlayıb...", - M.Vəlişovun sözləridir.

İlahiyyatçının yaxınları bildirir ki, ona Umbakıda müəssisə daxilində müəyyən tibbi yardım göstərilir. Amma bu, kifayət etmir. Çünki o, öncə ciddi yoxlanmalı, ətraflı müayinə və diaqnozdan sonra müalicə olunmalıdır: "Müəssisə daxilində həkim müəyyən tibbi yardım göstərir, amma effekt vermir. Ətraflı müayinə, dəqiq diaqnoz üçün Müalicə Müəssisəsinə köçürülməlidir. Bundan ötrü Tibb Baş İdarəsinin razılığı lazımdır. Onlar da köçürməyə razılıq vermirlər".

Yaxınlarının dediyinə görə, M.Vəlişov onun cəza müddətini artırmaqdan ötrü yeni ssenari hazırlandığını da bildirib. Dini inanclı fəalın sözlərinə görə, qanunsuzluqlara göz yummaması, bir müddət öncə ona qarşı işgəncələri ictimailəşdirməsinə görə bu addımı atmağı planlaşdırırlar.

"Düzü, (Penitensiar Xidmətin rəisi) Mirsaleh Seyidov rəis təyin olunandan sonra müsbət dəyişikliklər var. Bəlkə də, müəyyən məsələlərdən xəbəri olmur. Məni narkotiklə namərdcəsinə şərlədilər, ürəkləri soyumadı. Yenə də şərləyib, 10 saylı Cəzaçəkmə Müəssisəsindən Umbakıya - qapalı rejimə göndərdilər. Yenə də istəyirlər ki, mən susum, baş əyim. Yəqin, buna görə cəzamı artırmaq üçün ssenari qurublar", - ilahiyyatçı belə deyib.

Yaxınlarının bildirdiyinə görə, dini inanclı fəalı narazı salan məqamlardan biri də xanımı, övladları ilə telefon danışığı zamanı söhbətlərinin dinlənilməsidir.

M.Vəlişovun yaxınları ona lazım olan tibbi yardımın göstərilməsi, təzyiqlərin dayandırılması üçün Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Tibb Baş İdarəsinə müraciət edib.

İlahiyyatçının şikayətlərinə Penitensiar Xidmətdən və Tibb Baş İdarəsindən şərh almaq mümkün olmayıb. Bu qurumlar AzadlıqRadiosuna bundan öncəki açıqlamalarda penitensiar müəssisələrdə saxlanılan şəxslərin qanunda nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğunu, onlara lazımi tibbi yardımların göstərildiyini bəyan edib.

M.Vəlişov 2026-cı ilin fevralında Umbakı Penitensiar Kompleksində işgəncəyə məruz qaldığını bildirmişdi. Ailəsi ilə telefonla danışarkən bu haqda məlumat verən ilahiyyatçı bildirmişdi ki, saxlandığı müəssisənin 10 nəfərə yaxın əməkdaşı onun əllərini və ayaqlarını çarpayıya qandallayaraq huşunu itirənədək döyüb.

Xatırlatma

Mənsur Vəlişov 2023-cü ilin martında narkotik ittihamı ilə həbs olunub. O, 6 il azadlıqdan məhrum edilib. O, özünü təqsirli bilmir, narkotik ittihamının saxta olduğunu deyir.

Son üç il ərzində Azərbaycanda yüzlərlə dini inanclı şəxs narkotik ittihamı ilə həbs olunub. Onlar bu ittihamı qəbul etmir, tənqidi fikirlərinə görə şərlənərək cəzalandırıldıqlarını bildirirlər. Hökumət təmsilçiləri isə onların konkret faktlara görə həbs olunduqlarını iddia edir.

İnsan haqları təşkilatlarının hesabatlarına görə, hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var ki, onların da 190 nəfərdən çoxu dini inanclı şəxslərdir.