"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov deyir ki, siyasi sifarişlə həbs olunduğundan heç bir cinayət törətməsə də, onunla bağlı 8 illik cəza hökmünün dəyişməyəcəyini bilir.
Fevralın 4-də Ali Məhkəmədə A.Məmmədovun kassasiya şikayətinə baxılıb.
"Onsuz da bilirəm ki, mənimlə bağlı qərar qüvvədə qalacaq. Başınızın üstündəki divarda yazılıb ki, "Ədalət mühakiməsi dövlətin əsasını təşkil edir". Sifarişli qərarlarla dövlətin əsasını sarsıdırsınız", - ictimai fəal onun şikayətinə baxan Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyasına belə deyib.
A.Məmmədov özü də, vəkili Zibeydə Sadıqova da vurğulayıb ki, heç kimi bıçaqlamayıb. Onun Səfər Hüseynov adlı şəxslə mübahisə etməsi, bu üzdən ona bıçaqla xəsarət yetirməsi haqda ittihamda yazılanlar yalandır.
"İttihamda göstərilib ki, saat 16:28-də bıçaqlanma hadisəsi baş verib, 16:30-da zərərçəkmiş polisə zəng edib, dörd dəqiqə sonra polis hadisə yerinə çatıb və Afiəddini götürüb aparıb. Bu qədər qısa müddətdə bütün bunların baş verməsi ağlabatan deyil", - vəkilin sözləridir.
Müdafiəçi yada salıb ki, A.Məmmədov bu olaydan öncə qısa müddətdə üç dəfə inzibati qaydada həbs olunub. Ona xəbərdarlıq edilib ki, əgər etiraz aksiyalarında iştirakı, işçilərin hüquqlarının müdafiəsini davam etdirsə, daha ağır şəkildə cəzalandırılacaq.
A.Məmmədov özü də daim təzyiq altında olduğunu, izlənildiyini vurğulayıb. O, həbs ediləcəyini bildiyini, amma məhz bu şəkildə şərlənəcəyini gözləmədiyini söyləyib: "Mənim burnum sınıb, üst-başım qan olub. Ağır xəsarət alan adam məni necə bu vəziyyətə sala bilərdi? O cür ağır bıçaq yarası almış adam əvvəl 34-cü bölməyə gedir, oradan 20 dəqiqə sonra Xətai rayon Məhkəməsinə. Bu necə bıçaqlanıb?".
A.Məmmədov və vəkili bəraət istəyiblər.
Prokuror qərarın dəyişmədən qüvvədə saxlanmasını təklif edib.
Qısa müşavirədən sonra hakimlər A.Məmmədovun kassasiya şikayətinin təmin olunmadığını açıqlayıblar.
Xatırlatma
2023-cü il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər.
Elə həmin gün Konfederasiyanın sədri A.Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib. O, həmin həbsdən buraxılandan az sonra – sentyabrın 20-də yenidən saxlanıb. Bu dəfə haqqında cinayət işi başlanıb. A.Məmmədov Səfər Hüseynov adlı şəxsi bıçaqlamaqda ittiham edilib.
Avqustda A.Məmmədovla yanaşı, "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü - Elvin Mustafayev və Ayxan Mustafayev də aralarında bir neçə gün fərqlə narkotik ittihamıyla həbs olunublar.
Adları çəkilən ictimai fəalların heç biri ittihamları qəbul etmir. Onlar işçilərin hüquqlarını qoruduqlarına, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyirlər.
Daxili İşlər Nazirliyi ictimai fəalların şərlənməsi, polis idarələrində təzyiqlərə məruz qalması barədə iddiaları yalanlayır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıblar və onların dedikləri özünümüdafiə məqsədi daşıyır.
Hökumət rəsmiləri də ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edir.