Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 21:30

'İşçi Masası'nın həbsdəki üzvü: 'Üzümə qadın qoyub zorlama ittihamı ilə hədələyirdilər'


Elvin Mustafayev
Elvin Mustafayev

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayev deyir ki, onu polis idarəsində "zorlama", "İran casusu" kimi ittihamlarla hədələyiblər. Təzyiq və təhdidlər üzündən ona aidiyyəti olmayan narkotiki üzərinə götürməyə məcbur qalıb. Gənc fəal bu sözləri dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində dilə gətirib.

E.Mustafayevə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (bir qrup şəxsin satış məqsədilə külli miqdarda narkotik əldə etməsi, saxlaması) maddələri ilə ittiham verilib. Bu maddələrdə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, ictimai fəal paytaxtın Binəqədi rayonundakı Cəfər Xəndan küçəsində özünü şübhəli apardığına görə saxlanılıb. İdarədə üstündə axtarış vaxtı təxminən 3 qram narkotik tapılıb.

E.Mustafayev üstündən narkotik tapılmasından tutmuş, saxlandığı yerədək iş materiallarında yazılanların yalan olduğunu bildirir. Onun sözlərinə görə, avqustun 4-də Nizami rayonu ərazisində, mağazadan çıxarkən saxlayıblar: "Marketdən çıxanda dörd nəfər zorbalıqla mənə hücum çəkdi. Dərhal telefonumu götürdülər. Zorbalıqla da maşına mindirib Binəqədi rayon Polis İdarəsinə gətirdilər. Mən əvvəl Binəqədi rayonunda yaşayırdım, məni o rayonun polisləri nəzarətdə saxlayırdılar. Bir ay olardı ki, Nizami rayonuna köçmüşdüm. Orada da tapdılar".

"1 qramdır... Prokuror da sabah buraxacaq"

Gənc fəal vurğulayıb ki, narkotiklə suçlanmasını özünə utanc sayır. Dediyinə görə, bu ittihamı üzərinə götürməməkdən ötrü polis idarəsində də xeyli etiraz edib. Amma təzyiq və təhdidlərdən sonra etiraf ifadəsi verib: "Dedilər ki, bunu boynuma götürməsəm, üzümə qadın qoyub zorlama ilə ittiham eləyəcəklər. Yaxud "İran agenti" ittihamı ilə həbsə göndərəcəklər. Bildirdilər ki, "1 qramdır, 234.1 maddəsi ilə ittiham verəcəklər, prokuror da sabah buraxacaq". Hamısı da öz paylarına söyüş qoyub söz verdilər ki, dedikləri kimi olacaq. Nə bilim ki, bunların hamısı yalan danışar?".

E.Mustafayev ilkin ifadəsində üstündən tapıldığı iddia edilən narkotikin özünün olduğunu, onu yerdən tapdığını söyləsə də, ertəsi gün həbs qərarına görə məhkəmə önünə çıxarılanda hakimə şərləndiyini, əksinə, həmişə narkotik əleyhinə təbliğatla məşğul olduğunu vurğulayıb.

"Tamamilə quraşdırılmış işdir. Siz də bunu gözəl bilirsiniz", - E.Mustafayev hakimlərə belə deyib.

İctimai fəal həbsindən öncə kuryerliklə - aptekdən dərmanların evlərə, iş yerlərinə çatdırılması ilə məşğul olduğunu da söyləyərək ictimai fəaliyyətinə görə cəzalandırıldığını vurğulayıb. O, daha öncə inzibati qaydada həbs edildiyini də məhkəmədə xatırladıb.

Xatırlatma

E.Mustafayev 2023-cü ilin martında da Saatlı rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıq və polisə dirənişdə suçlanaraq inzibati qaydada 25 sutka həbs olunmuşdu. Gənc fəal o zaman da ittihamları qəbul etməyərək bildirmişdi ki, Saatlıda sakinlərin su tələbi ilə keçirdiyi etiraz aksiyasında polislərin davranışını, yerli hakimiyyət təmsilçilərinin bu problemə reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.

Avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər.

Elə həmin gün "İşçi Masası"nın sədri Afiəddin Məmmədova polisə dirəniş və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra – sentyabrın 20-də yenidən həbs edilib. Bu dəfə haqqında cinayət işi başlanıb və o, bir nəfərə bıçaqla xəsarət yetirməkdə suçlanıb. Ona verilən indiki ittihamlarda 11 ilədək həbs cəzası nəzərdə tutulub.

A.Məmmədov bu ittiham yalan sayır, ümumiyyətlə, heç kimə xəsarət yetirmədiyini, tam tərsi, yaşadığı evin blokundan çıxanda özünün hücuma məruz qaldığını və dərhal ətrafdan polislərin peyda olaraq onu tutub apardığını söyləyir.

Avqustun 4-də Elvin Mustafayev, avqustun 10-da "İşçi Masası"nın İdarə Heyətinin üzvü Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar. A.İsrafilov da bu ittihamın saxta olduğunu, işçilərin hüquqlarını qoruduğuna görə şərləndiyini deyir.

Daxili İşlər Nazirliyi ictimai fəalların şərlənməsi, polis idarələrində təzyiqlərə məruz qalması barədə iddiaları yalanlayır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıb və onların dedikləri özünümüdafiə məqsədi daşıyır.

Hökumət rəsmiləri də ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG