Müsəlman Birliyi Hərəkatının üzvü, 20 gündür həbsdə olan Samir Babayevin işgəncəyə məruz qalması barədə şikayətindən sonra onun ailəsi ilə telefon zənglərinə və görüşlərinə qadağa qoyulduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna hərəkatdan məlumat verilib.
Bakı İstintaq Təcridxanasında saxlanılan S.Babayev ailəsi ilə telefon söhbətində martın 6-da saxlanılıb aparılarkən və daha sonra polis bölməsində başına gələnləri danışıb. O, işgəncələrə məruz qaldığını, özünə aidiyyəti olmayan narkotiklə bağlı etiraf ifadəsi vermədiyinə görə hətta başını unitaza salmağa cəhd göstərildiyini deyib.
"Samir Babayev ailəsi ilə sonuncu dəfə martın 16-da danışıb. O vaxtdan heç bir əlaqə yoxdur. Ailə bu vəziyyətdən çox narahatdır. İşgəncə şikayətindən sonra onun daha pis rəftara məruz qalmasından ehtiyatlanır", – Müsəlman Birliyi Hərəkatından bildirilib.
"Müstəntiq telefon zənglərinə qadağa qoyub"
Təşkilatdan əlavə ediblər ki, təkcə S.Babayev deyil, martda həbs olunan bir neçə başqa dini inanclı fəalın da ailə üzvləri ilə ünsiyyət hüquqları məhdudlaşdırılıb. Onların arasında martın 2-dən həbsdə olan Qoşqar Məmmədov, martın 12-də saxlanılan Əlikram Namazov da var: "Qoşqar Məmmədov da bir dəfə ailəsi ilə əlaqə saxlayıb, ondan sonra qadağa qoyulub. O da narkotiklə şərləndiyini, işgəncəyə məruz qaldığını deyib. Əlikram Namazov, ümumiyyətlə, əlaqə saxlamayıb. Ailəsinə Penitensiar Xidmətdən deyilib ki, müstəntiq telefon zənglərinə qadağa qoyub".
Ailəsi ilə ünsiyyət hüququ məhdudlaşdırılan dini inanclılardan Q.Məmmədovun vəkili Elçin Sadıqov telefon danışıqları və görüşlərə qadağa qoyulması ilə bağlı qərardan məhkəməyə müraciət edəcəyini bildirib.
Ə.Namazovun vəkili Rəsul Cəfərov da müvəkkilinin ünsiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı müstəntiqin qərarından məhkəməyə şikayət etmək niyyətindədir.
Həbsdə olan dini inanclı fəalların ailə üzvləri ilə telefon danışığı və görüş hüquqlarının məhdudlaşdırılması barədə deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Bir qayda olaraq, Penitensiar Xidmətin açıqlamalarında cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qanunla nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğunu iddia edilir.
Narkotik ittihamını rədd edirlər
Adları çəkilən dini inanclı fəallar narkotik ittihamı ilə həbs olunsalar da, hamısı bu ittihamı rədd edir.
S.Babayev də bundan öncə iki dəfə inzibati qaydada, bir dəfə isə uzunmüddətli həbsdə olub. 2022-ci ildə dini inanclı fəalların narkotik ittihamı ilə kütləvi həbsi zamanı o da tutulmuşdu. S.Babayev ona verilən 3 illik cəzanı 2025-ci ilin dekabrında çəkib azadlığa çıxmışdı. O, əvvəlki həbslərini Müsəlman Birliyi Hərəkatının üzvü olması ilə əlaqələndirmişdi. Budəfəki həbsindən öncə isə sosial şəbəkədə İranın mərhum ali dini lideri Əli Xameneinin vəfatı ilə bağlı paylaşımlar edib. Ə.Xamenei fevralın 28-də İrana ABŞ və İsrailin hava zərbələri ilə öldürülüb.
Martın 2-də iki dostu ilə birlikdə saxlanılan Q.Məmmədov toplanılan ianələr hesabına ehtiyaclı ailələrə yardım etdiklərinə görə cəzalandırıldığını bildirib.
Xatırlatma
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onların bir qismi 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı, əksəriyyəti isə sonradan narkotik ittihamı ilə həbs olunub. Onların heç biri özünü təqsirli bilmir.
Hökumət təmsilçiləri ölkədə heç kimin dini inancına görə təqib olunmadığını, həbsdəkilərin konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.
Hüquq müdafiəçiləri narkotik ittihamı ilə həbsdə olan dini inanclı şəxsləri siyasi məhbus siyahısına daxil ediblər.