Tənqidçi müəllim hakimlərə: 'Bu, tək məni şərləmək deyil, sizə də hörmətsizlikdir'

Sizin brauzer HTML5-i dəstəkləmir

Sosial şəbəkələrdə hökuməti tənqid edən müəllim həbs olunub

Sosial şəbəkələrdə prezident də daxil olmaqla, hökumətin siyasətini tənqid edən ictimai fəal Dəyanət Çələbiyev başqasına ağır xəsarət yetirmə ittihamı ilə 6 aydır ki, həbsdədir. İngilis dili müəllimi olan fəal isə məhkəməsində deyib ki, ümumiyyətlə, belə hadisə baş verməyib, onu şərləyiblər.

D.Çələbiyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. İyunun 1-də onun işi üzrə məhkəmə istintaqı başlayıb, prokuror onun konkret nədə ittiham olunduğunu elan edib.

İddia edilir ki, D.Çələbiyev 2025-ci ilin dekabrında Mirsahib Xudaverdizadə adlı şəxsi bıçaqlayıb. Bu üzdən ona Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. Bu maddədə 6 ildən 11 ilədək həbs cəzası nəzərdə tutulub.

Prokuror ittihamı elan edəndən sonra hakim D.Çələbiyevdən özünü təqsirli bilib-bilmədiyini soruşub. O, cavabında deyib ki, özünü qətiyyən təqsirli bilmir, çünki heç bir cinayət törətməyib. "Ümumiyyətlə, belə hadisə baş verməyib. Bu, mütəşəkkil şəkildə əvvəlcədən mənə qarşı qurulmuş işdir. Belə bir işi düzüb-qoşub məhkəməyə göndərmək tək məni şərləmək deyil, məhkəməyə, siz hakimlərə qarşı da hörmətsizlikdir", – təqsirləndirilən müəllim vurğulayıb.

D.Çələbiyevin məhkəməsi iyunun 25-də dindirmələr ilə davam edəcək.

Xatırlatma

45 yaşlı D.Çələbiyev 2025-ci il dekabrın 22-dən həbsdədir. O, həbsindən bir gün öncə - dekabrın 21-də Facebook hesabında uzun illərdir mərkəzində prezident İlham Əliyev və ailə üzvlərinin dayandığı hakimiyyət modelinin ölkəni fəlakətə apardığını yazmışdı: "Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu".

İctimai fəal bundan öncə 2025-ci ilin mayında inzibati qaydada həbs olunmuşdu. O zaman xırda xuliqanlıq və polisə müqavimət ittihamı ilə ona 30 sutka inzibati həbs cəzası verilmişdi. D.Çələbiyev bu ittihamları qəbul etməmiş, sosial şəbəkələrdə hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını söyləmişdi.

Son illər bir çox ictimai-siyasi fəal kiməsə bıçaqla xəsarət yetirmək ittihamı ilə həbs olunub. Onların arasında işçi hüquqlarını qoruyan Afiyəddin Məmmədov, AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Kənan Zeynalov (Basqal), ictimai fəallar Əhməd Məmmədli, Nicat İbrahim, keçmiş diplomat Emin İbrahimov və başqaları var. Bu şəxslərin hamısı özünü təqsirli bilmir, heç kimə xəsarət yetirmədiklərini bildirirlər. Deyirlər ki, zərərçəkmiş qismində tanınan şəxslər qəfildən qarşılarına çıxıb və bıçaqlandığını iddia edərək özünü yerə yıxıb.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycanda 328 nəfər siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.