Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən biri, eyni zamanda, partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevə 6 il həbs cəzası kəsilib. Bakı Ağır Cinayətlər Məhkəməsi aprelin 3-də hökmü elan edib.
N.Tağıyev həmin gün məhkəməsində deyib ki, azadlığa buraxılmasından ötrü qarşısına şərt qoyulub. Onun sözlərinə görə, Ə.Kərimlinin əleyhinə ifadə verəcəyi halda, həbsdən çıxa biləcəyi deyilib: "Tələb edirdilər ki, Əli Kərimlinin Ramiz Mehdiyevlə görüşməsi barədə ifadə verim. Deyim ki, həmin görüşə gedəndə mən də orada olmuşam".
"Ortada bir videogörüntü var"
Aprelin 3-də AXCP fəalının işi üzrə sonuncu məhkəmə iclası keçirilib, vəkili müdafiə nitqiylə çıxış edib, özü son sözünü deyib.
Həbsindən öncə ev alqı-satqısında vasitəçiliklə məşğul olan N.Tağıyev dələduzluq ittihamıyla həbs olunub. İddia edilir ki, o, ev almaq istəyən Nicat Abbasov adlı şəxsin 70 min manatını ələ keçirib.
Prokuror bu ittihamla ona 8 il həbs cəzası istəyib.
Vəkil Nemət Kərimli çıxışında ittihamın əsassız olduğunu, müvəkkilinin bir ildir heç bir mötəbər sübut olmadan həbsdə saxlandığını vurğulayıb: "Ortada bir videogörüntü var ki, pul verdiyini deyən şəxs əlində sellofan ofisə tərəf gəlir, vəssalam. Amma o sellofanın içində puldur, yoxsa nədir, bilinmir".
Vəkil bildirib ki, heç bir alıcı rəsmi alqı-satqı olmadan, ən azı, notarial qaydada sənədləşmə aparılmadan maklerə 70 min manat pul verməz: "Bu da düşünməyə əsas verir ki, bu, Novruz Tağıyevə qarşı əvvəldən quraşdırılan plan olub".
"Yanıma bir nəfəri salmışdılar"
N.Tağıyev də son sözündə bildirib ki, onun 70 min manat alıb ələ keçirməsi barədə ittihamda yazılanlar yalandır. O, siyasi sifarişlə həbs olduğunu vurğulayıb.
AXCP fəalının sözlərinə görə, istintaq idarəsində Ə.Kərimli əleyhinə ifadə vermək təklifindən imtina edəndən sonra saxlandığı kameraya göndərilən şəxs vasitəsilə psixoloji təzyiqlər başlayıb: "Yanıma bir nəfəri salmışdılar, guya ağıl verirdi ki, "özünü fikirləş, Əli Kərimliyə nə var, sən bədbəxt olacaqsan". Dedim, mənim öz əqidəm, öz mənliyim var...".
N.Tağıyev son sözündə əlavə edib ki, ev alqı-satqısıyla məşğul olduğu dövrdə dəyəri kifayət qədər yüksək olan əmlakların satışında iştirak edib. Əgər dələduzluq etmək, kimisə aldatmaq niyyəti olsaydı, həmin vaxt edərdi.
Müşavirədən sonra Vüqar Quliyev, Aytən Əliyeva və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası AXCP fəalına 6 il həbs cəzası kəsildiyini elan edib.
Xatırlatma
Novruz Tağıyev 2025-ci il mayın 20-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Ə.Kərimli də daxil, AXCP-nin 20-dən çox fəalı hazırda həbsdədir. Onlardan bir neçəsi ictimai əsaslarla Ə.Kərimlinin sürücüsü, mühafizəçisi kimi çalışmış şəxslərdir.
Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.
Rəsmilər ölkədə siyasi həbslərin olmasıyla bağlı fikirləri "əsassız" adlandıraraq siyasi məhbus siyahılarında adları yer alan şəxslərin törətdikləri konkret əmələ görə mühakimə edildiyini bildirirlər.
Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahılara görə, hazırda Azərbaycandakı penitensiar müəssisələrdə təxminən 340 siyasi məhbus var.