AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalov (Basqal) ehtimal edir ki, onun işində zərərçəkmiş kimi tanınan şəxs öncədən polislərlə razılaşaraq təxribatın iştirakçısına çevrilib. Özü də AXCP üzvü olan K.Zeynalovun bu düşüncəsinə dayanaraq, iyunun 1-dəki məhkəmədə onun vəkili vəsatət qaldırıb və hadisə baş verən gün həmin zərərçəkmiş şəxsin kimlərlə ünsiyyətdə olduğunu aydınlaşdırmaqdan ötrü telefon bilgilərinin araşdırılmasını istəyib.
Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlanan cəbhəçinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Zərərçəkmiş qismində tanınan A.Rəhimov məhkəmə iclaslarına gəlmədiyindən, K.Zeynalov da, vəkili də buna etiraz edirlər.
“Səbəbi aydınlaşdırılsın ki, niyə məhkəməyə gəlmir? Niyə bu işin araşdırılmasında maraqlı deyil? Bizim ona suallarımız var”, – vəkil Nazim Musayevin sözləridir.
K.Zeynalov heç kimi bıçaqlamadığını, yol gedərkən adıçəkilən şəxsin ona yaxınlaşdığını, ardınca qışqırıb yerə yıxıldığını və dərhal da polislərin hadisə yerinə gəldiyini bildirir.
“Hadisələrin bu cür gedişatı bizdə ciddi şübhələr yaradır. Necə oldu ki, bu hadisə baş verəndən dərhal sonra polislər gəldi? Bu hadisənin əvvəldən hazırlanmış plan olduğunu düşünürük. Ona görə də xahiş edirik, həmin gün kimlərlə əlaqə saxlayıbsa, müəyyənləşdirilsin”, – vəkil vəsatətini belə əsaslandırıb.
Müdafiəçi vurğulayıb ki, ekspertiza bir xəsarət haqda rəy verib. Amma zərərçəkmiş 2-3 bıçaq zərbəsiylə xəsarət aldığını iddia edib. Bu üzdən, vəkilin fikrincə, bu ziddiyyətə də aydınlıq gətirilməlidir.
Vəkilin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb.
İyunun 25-də keçiriləcək növbəti iclasda məhkəmə istintaqının yekunlaşacağı və prokurorun K.Zeynalova cəza istəyəcəyi gözlənilir.
Xatırlatma
K.Zeynalov 2025-ci il martın 21-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia olunur ki, AXCP üzvü A.Rəhimovla mübahisə edərək, onu bıçaqla yaralayandan sonra əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Partiya sədri Əli Kərimli mühafizəçisinin həbsini “qeyri-adi şərləmə” adlandırıb: “Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır”.
AXCP sədri də daxil, bu müxalif partiyanın hazırda 15-dən çox üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Həbsdəki cəbhəçilərin bir neçəsi Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi, sürücüsü olub.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, indi Azərbaycanda 328 nəfər siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.