Bayramov Əraqçi ilə danışıb: Azərbaycan öz ərazisindən İrana hücuma imkan verməyəcək

A.Əraqçi və C.Bayramov

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İrandan olan həmkarı Abbas Əraqçiyə deyib ki, ərazilərindən onların ölkəsinə qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək. O, bunu yanvarın 29-da İranın xarici işlər naziri ilə telefon danışığı zamanı söyləyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, C.Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan çəkinmələrinin zəruriliyini hər zaman vurğulandıqlarını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq, diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.

"Azərbaycan Respublikasının hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb", - məlumatda əlavə edilib.

Xatırlatma

ABŞ prezidenti Donald Tramp İranı nüvə proqramını dayandırması üçün hərbi zərbə ilə hədələyib, "nəhəng" hərbi donanmanın Fars körfəzinə yollandığını bildirib.

Bundan əvvəl, ötən ilin iyununda ABŞ İranın nüvə obyektlərinə zərbələr endirmişdi. İstər ABŞ, istərsə də bir sıra Qərb ölkələri hesab edirlər ki, Tehranın nüvə proqramı dünyaya təhdid yaradır. Prezident Tramp həmin vaxt vurğulamışdı ki, İran sülhə gəlməlidir: "Bunu etməsələr, gələcək hücumlar daha böyük və xeyli asan olacaq".

Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı səfirliyə hücumdan sonra xeyli gərginləşmişdi. Həmin il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olub, ikisi xəsarət almışdı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.