ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2026-cı il Qış Olimpiya Oyunlarının açılışı üçün İtaliyaya yola düşüb. Onun daha sonra Ermənistana və Azərbaycana səfər edəcəyi, ötən il Ağ evdə əldə olunmuş sülh razılaşmasına dəstək ifadə edəcəyi gözlənilir.
"The Associated Press" yazır ki, bir həftə çəkəcək səyahət Vensin bu il azsaylı beynəlxalq səfərlərindən biri ola bilər. Prezident Donald Tramp və hökumət üzvləri noyabrda Konqresə aralıq seçkilərdən dolayı daha çox daxili məsələlərə, daxili səfərlərə fokuslanırlar.
İtaliyada açılış mərasiminə vitse-prezidentin xanımı Uşa Vens, dövlət katibi Marko Rubio, ABŞ-nin İtaliyada səfiri Tilman Fertitta da qatılacaq.
Agentlik qeyd edir ki, Tramp Vensə Azərbaycanla Ermənistan arasında 30 ildən çox davam etmiş münaqişəni bitirəcək sazişi möhkəmləndirməyi tapşırıb.
Sülh razılaşması Vaşinqtonun regiondakı mövqeyini gücləndirir, bu arada Rusiyanın nüfuzunun azaldığı bildirilir.
Bakı və Yerevan Vaşinqtonda sülh sazişini paraflayıblar. Onlar əsas nəqliyyat marşrutlarını açmağa, ABŞ ilə enerji, texnologiya və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyə razılaşıblar. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) isə Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistan ərazisindən keçməklə birləşdirəcək.
"Prioritetlər dəyişib"
Beynəlxalq Böhran Qrupu (ICG) 2005-ci ildə ABŞ prezidenti Corc Buşun Gürcüstana səfərini yada salaraq qeyd edir ki, C.D.Vensin marşrutu ABŞ-nin Qafqazdakı prioritetlərinin necə dəyişdiyini göstərir.
"Tbilisinin yeni administrasiyanın könlünü xoş etməyə çalışmasına baxmayaraq, vitse-prezident vaxtilə Amerikanın regiondakı siyasətinin əsas elementi olan Gürcüstana getməyəcək", – Qrup bildirir.
ICG-nin Cənubi Qafqaz üzrə aparıcı təhlilçisi Coşua Kuçeranın fikrincə, ABŞ-nin kiçicik diqqəti belə Qafqaz kimi regionda böyük təsir yarada bilər. O, Donald Trampın ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında razılaşmaya vasitəçilik etməsinin real təsiri olduğunu vurğulayır. Belə ki, tərəflər kiçik həcmlərdə ticarətə başlayıb, ABŞ və Ermənistan isə "Tramp marşrutu" üzrə çərçivə razılaşmasını açıqlayıb.
"Vensin səfəri ABŞ-nin "Tramp marşrutu"na sadiqliyini bir daha təsdiqləməlidir. Regionda çoxları Vensdən ABŞ-nin bu münaqişənin həllində iştirakının daha da dərinləşməsi mesajını gözləyəcək. Nəqliyyat razılaşmasının təsiri hərtərəfli olsa da, Tramp administrasiyası hələlik normallaşma prosesinin digər aspektlərində daha dərin iştiraka çalışmayıb", – təhlilçi vurğulayır.
C.Kuçera Vensin səfərinin gündəmində İranın da olacağını qeyd edir. Bakı və Yerevan həm ABŞ-nin potensial hücumunun təsirini azaltmağa, həm də Tehran və Vaşinqtonla mehriban əlaqələr saxlamağa çalışırlar.