Keçid linkləri

2026, 30 Yanvar, Cümə, Bakı vaxtı 03:31

'Reuters': Tramp etirazçıları həvəsləndirmək üçün İrana zərbələri nəzərdən keçirir

"USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinin göyərtəsində qırıcı təyyarələr.
"USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinin göyərtəsində qırıcı təyyarələr.

ABŞ prezidenti Donald Tramp İranda etirazçıları həvəsləndirmək üçün bu ölkənin təhlükəsizlik qüvvələrinə, liderlərinə hədəfli zərbələri nəzərdən keçirir. Bunu "Reuters" çoxsaylı mənbələrə istinadla yazır. İsrail və ərəb rəsmiləri isə hava zərbələrinin teokratik rejimi devirə bilməyəcəyini söyləyib.

Müzakirələrlə tanış iki ABŞ mənbəsinin dediyinə görə, Tramp İranda rejim dəyişikliyi üçün şərait yaratmaq istəyir. Bu ayın əvvəlində ölkə boyunca etirazlar amansızlıqla yatırılıb, minlərlə insan öldürülüb.

Tramp zorakılıq üçün məsuliyyət daşıyan komandir və qurumları vurmaqla etirazçılarda hökuməti devirə biləcəklərinə inam yaratmaq istəyir, - mənbələr bildiriblər.

Trampın köməkçilərinin müzakirə etdiyi digər variant isə qalıcı təsir üçün daha böyük zərbədir, xüsusilə də ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərini vura biləcək ballistik raketlərə, yaxud nüvə zənginləşdirmə proqramlarına zərbələr.

Digər mənbə isə Trampın hələ hərbi yola əl atmaqla bağlı yekun qərar vermədiyini deyib.

Bu həftə ABŞ təyyarədaşıyanı və onu müşayiət edən hərbi gəmilər Yaxın Şərqə çatıb, Trampın hərbi addım atmaq imkanını genişləndirib. O daha öncə zorakılığa görə İranı müdaxilə ilə hədələmişdi.

"Reuters"in danışdığı dörd ərəb rəsmisi, üç Qərb diplomatı və Qərbdə bir vəzifəli mənbə bir narahatlığı dilə gətirib. Yəni belə zərbələr nəinki adamları küçələrə çıxarar, qanlı repressiyadan sarsılmış hərəkatı daha da zəiflədə bilər.

İran hərbi yük maşını parad zamanı zenit raketləri daşıyır.
İran hərbi yük maşını parad zamanı zenit raketləri daşıyır.

Suriya variantı

Yaxın Şərq İnstitutunda İran proqramının direktoru Aleks Vatanka deyib ki, İranda silahlı qüvvələrdən irimiqyaslı qopmalar olmasa, "etirazlar qəhrəmanlığı ilə seçilsə də, uğur qazana bilməyəcək".

Təhlilçinin fikrincə, ən böyük risk odur ki, İranda Suriyanın ilkin dövrlərindəki kimi parçalanma yaranar, rəqib bölmələr və vilayətlər ərazi, resurs uğrunda mübarizəyə başlar.

İranın aparıcı rəsmisi agentliyə deyib ki, "Tehran hərbi qarşıdurmaya hazırlaşır, eyni zamanda diplomatik kanallardan istifadə edir". O, Vaşinqtonun diplomatiyaya açıqlıq sərgiləmədiyini əlavə edib.

Tramp isə "Truth Sosial" şəbəkəsində İranın tezliklə danışıqlar masasına əyləşəcəyinə ümidini bildirib.

İsrail hava zərbələrinin islam respublikasını devirəcəyinə inanmadığını deyib. Bunu İsrailin vəzifəli rəsmisi "Reuters"ə deyib.

"Rejimi devirmək istəyirsənsə, ayağın oraya dəyməlidir", – deyən mənbə əlavə edib ki, ABŞ ali dini lider Əli Xameneini öldürsə belə, İran onun yerinə yeni lider qoyacaq.

Yalnız xaricdən təzyiq və təşkil olunmuş daxili müxalifət İranın siyasi trayektoriyasını dəyişə bilər, - rəsmi bildirib.

XS
SM
MD
LG