Keçid linkləri

2026, 31 Yanvar, şənbə, Bakı vaxtı 23:39

Ərdoğan Pezeşkiana deyib ki, Türkiyə İran-ABŞ arasında vasitəçi ola bilər

M.Pezeşkian və R.T.Ərdoğan
M.Pezeşkian və R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İran-ABŞ gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib. Ərdoğan bunu yanvarın 30-da İran prezidenti Məsud Pezeşkianla telefon danışığında deyib. Bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"Prezident Ərdoğan Türkiyənin İran və ABŞ arasında gərginliyin azaldılması və məsələlərin həlli məqsədilə vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu vurğulayıb", –administrasiyanın X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.

O da vurğulanır ki, Ərdoğan hazırda Türkiyədə səfərdə olan, türkiyəli həmkarı ilə danışıqlar aparan İran xarici işlər naziri Abbas Əraqçini də qəbul edəcək.

İrandan Aİ-yə sərt reaksiya: "Səfehliklərinin nəticəsini görəcəklər"

İran istənilən təcavüzə dərhal və qətiyyətlə cavab verəcək. Bunu İran prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə söhbətində deyib. Məlumatı yanvarın 30-da İran dövlət mediası yayıb.

Pezeşkian onu da əlavə edib ki, İran dialoqu alqışlayır, müharibə istəmir.

İran ədliyyəsinin başçısı isə Avropa İttifaqının SEPAH-ı (İslam İnqilab Keşikçiləri Korpusu) terrorçu təşkilat kimi tanımasına sərt reaksiya verib. Qulamhüseyn Möhsüni Ejei deyib ki, SEPAH dünyaya qlobal və regional terrorçuluqla mübarizənin önündə gəldiyini sübut edib, onun terrorçu təşkilat sayılmasını beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu vurğulayıb.

"Şübhəsiz ki, avropalıların Qəhrəman Korpusu terrorçu təşkilat saymaq kimi düşmən hərəkəti cavabsız qalmayacaq, onlar öz səfehliklərinin nəticəsini görəcəklər", – o deyib.

ABŞ-də yerləşən HRANA insan haqları qrupunun son məlumatına görə, yanvarın 29-dək etirazlarda təsdiqlənmiş ölü sayı 6 min 479 olub. Onların 6 min 92 nəfəri etirazçılardır.

"Doğru qərar"

Aİ-nin İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına Avropa liderlərindən reaksiyalar gəlməkdədir. Avropa Parlamentinin sədri Roberta Metsola Aİ-nin addımını "doğru qərar" adlandırıb. "İndi möhkəm dayanmağın vaxtıdır. İran azad olacaq", – o deyib.

Almaniya kansleri Fridrix Merts isə bildirib ki, bu, İrandakı amansız zorakılığa qarşı açıq siqnaldır: "Aİ-nin İran İnqilabı Keşikçilərini terror təşkilatı kimi tanıması onu göstərir ki, dinc iranlı etirazçılar susdurulmamalıdır. Biz onların yanındayıq".

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Aİ-nin addımının çoxdan atılmalı olduğunu vurğulayıb: "Öz xalqının etirazlarını qan içində boğan bir rejimi məhz "terrorçu" adlandırmaq olar. Avropa azadlıq uğrunda cəsarətli mübarizədə İran xalqının yanındadır".

İranın keçmiş vəliəhd şahzadəsi, ABŞ-də yaşayan Rza Pəhləvi də Aİ-nin qərarını alqışlayıb. "Bu mühüm addım cinayətkar rejimə onun qlobal legitimliyinin olmadığını göstərir. İndi İran xalqını qorumaq və ölkəni demokratiyaya aparacaq legitim keçid hökumətini dəstəkləmək üçün daha konkret tədbirlərə ehtiyac var", – o deyib.

XS
SM
MD
LG