Bakıdakı bina yanğınına elektromobil şarj cihazı səbəb olub?

Yanğın

Yasamalda üç nəfərin ölümünə səbəb olmuş bina yanğını ilə bağlı məhkəmə araşdırmaları başlayıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Binanın birinci mərtəbəsində və zirzəmisində yerləşən "Loft Dent" klinikasının ("Taxes Group" MMC) direktoru Bəhruz Paşayev təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb.

B.Paşayev icarə əsasında işlətdiyi obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə ittiham olunur. İttihama görə, o, ərazidə elektromobillər üçün enerji stansiyası quraşdırarkən "Azərişıq" ASC və Energetika Nazirliyindən icazə almayıb, həmçinin peşəkar elektrotexniki heyət cəlb etmədən qanunsuz elektrik xətləri çəkdirib.

B.Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Bu maddədə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

O, oktyabrın 8-də məhkəmədə ifadə verərkən yanğından zərər çəkənlərdən, o cümlədən həyatını itirənlərin yaxınlarından üzr istəyib. Zərərçəkmişlərə mümkün qədər yardım etdiyini bildirib.

"Heç kim mənə demədi ki, bunun üçün icazə lazımdır"

Klinikanın yerləşdiyi qeyri-yaşayış sahəsini icarəyə götürdüyünü deyən B.Paşayevin sözlərinə görə, aylıq 25 min manat icarə haqqı ödəyib: "İcarə haqqını ya obyekt sahibi Vüqar Abbasovun özünə, ya da oğluna verirdik".

Məhkəmədə məlum olub ki, binanın birinci mərtəbəsində - klinikanın yanında yerləşən restorandan da icarə haqqını B.Paşayev alaraq obyekt sahibinə çatdırırmış.

İttihama gəlincə, B.Paşayev bildirib ki, elektrik avtomobilləri üçün enerji bloku quraşdırmaqdan ötrü bir şirkətə müraciət edib. Həmin şirkəti Instagram-dan tapdığını söyləyən təqsirləndirilən şəxs hesab edir ki, hadisədə həmin şirkətin səhlənkarlığı da rol oynayıb: "Gəlib baxdılar, dedilər ki, burada alınacaq. Heç kim mənə demədi ki, bunun üçün "Azərişıq"a müraciət etmək lazımdır. Şirkət ancaq elektrikin gücünü göstərən sənədi istədi, verdik, baxdılar və qoşdular. Bilməzdim ki, enerji blokunun belə fəsadı ola bilər".

O əlavə edib ki, elektrik xətlərinin dəyişdirilməsindən obyektin sahibi V.Abbasovun xəbəri olmayıb, enerji bloku quraşdırılanda o, xaricdə olub.

Yanğın nəticəsində həyatını itirmiş azyaşlı Arzu Qəmbərlinin atası, vəkil Əli Qəmbərov hesab edir ki, B.Paşayev bütün məsuliyyəti öz üzərinə götürməklə bəzi həqiqətləri gizlədir: "Sənə vədlər verilib ki, məsuliyyəti üzərinə götürəsən. Amma bil ki, o vədlərə əməl olunmayacaq. Aç həqiqətləri danış...".

"Güc-bəla ilə bizə 25 min dollar verib"

Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova da yanğında həyatını itirənlərdən biridir. Hadisə nəticəsində onun qızı da tüstüdən zəhərlənib və uzun müddət vəziyyəti ağır olub.

K.Hümbətovanın atası məhkəmədə bildirib ki, nəvəsi hazırda da xəstəxanadadır: "Əməliyyatına 200 minə qədər pul xərcləmişik. Üçüncü əməliyyata da 65 min dollar pul lazımdır. Deyir ki, zərərçəkənlərə yardım edib. Güc-bəla ilə bizə 25 min dollar verib. Nəvəmin Türkiyədə xəstəxanada bir gün qalması 1000 dollardır".

Təqsirləndirilən B.Paşayev əvvəllər Sumqayıt Gənclər Mərkəzində işləyib. Hakim soruşub ki, birdən-birə necə oldu ki, klinika açmaq qərarına gəlib? Cavabında deyib ki, dost-tanışları, qohumları arasında həkimlər çoxdur və bu addımı da onlarla birgə işləmək üçün atıb.

Bu yanğınla bağlı məhkəmə araşdırmaları noyabrın 4-də davam etdiriləcək.