Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 10:23

Sabiq nazir oğlunun obyektindəki yanğın və... asılmış vəziyyətdə tapılan hakim


"Diqlas" ticarət mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

"Diqlas" ticarət mərkəzində yanğın

Bakı Metropoliteninin "Neftçilər" stansiyasının yaxınlığındakı "Diqlas" ticarət mərkəzi 5 il öncə güclü yanğından sonra sökülsə də, bu obyektlə bağlı məhkəmə çəkişmələri indiyədək sürür. "Diqlas"ın sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğludur - Anar Mahmudov. Bu ticarət mərkəzi ilə bağlı məhkəmə işinə baxan hakimin bir müddət sonra evində asılmış vəziyyətdə tapılması olayı yenidən gündəmə gətirib. Söhbət Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi İlqar Dadaşovdan gedir. Yaşı 62-ni haqlayan hakim aprelin 27-də yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. Yayılan ilkin məlumatlarda İ.Dadaşovun şəkərli diabetdən əziyyət çəkdiyi, xəstəlik üzündən depressiv duruma düşərək özünə qəsd etdiyi vurğulanırdı. Ancaq ötən ayyarım müddətində olayın intihar, yoxsa qətl olması barədə ictimaiyyətə rəsmi bilgi verilməyib.

Məhkəmədə baxılan işin mahiyyətinə gəlincə...

"Diqlas"ın sahibi sığorta şirkətindən 411 min manatdan çox pul tələb edir. Ticarət mərkəzini idarə edən Araz Rəhimov 2022-ci ilin noyabrında məhkəmədə "Azsığorta" ASC-yə qarşı iddia qaldırıb. O iddia edir ki, ticarət mərkəzində fəaliyyət göstərmiş 144 icarəçiyə 7.9 milyon manat pul ödənilib. Özləri də yanğından sonra sığorta ödənişini almaqdan ötrü "Azsığorta"ya məktub göndərərək gərəkli sənədləri əlavə ediblər. Di gəl, üstündən 3 il yarım keçsə də, sığorta şirkəti onlara nə pulu ödəyib, nə də imtina cavabı verib. Halbuki, müraciət daxil olubsa, uzağı 7 iş günü ərzində ya ödəniş olunmalı, ya da imtina barədə yazılı cavab verilməli idi.

Tələb olunan məbləğə gəlincə, "Diqlas" rəhbərliyi deyir ki, bunun 180 min 700 manatı sığorta ödənişi, 230 mini gecikdirilən 3 il 6 aya görə dəbbə pulu, qalanı da məhkəməyə çəkilən rüsum xərcidir.

Yanğından zərərçəkənlər etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:06:27 0:00

"Azsığorta" isə "Diqlas" rəhbərliyinin məhkəməyə müraciət etmək müddətinin ötdüyünü bildirib: "Sığorta qanunvericiliyi ödənişin icra müddətini 7 iş günü müəyyənləşdirib. Lakin iddiaçı məhkəməyə 2022-ci il 3 noyabrda müraciət edib. Bununla da 3 illik iddia müddətini ötürüb".

Bakı Kommersiya Məhkəməsi bu arqumentlə razılaşıb

Həmin məhkəmə iddia müddətinin ötürülməsini əsas gətirərək "Diqlas"ın şikayətini təmin etməyib. Şirkət bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. İş gəlib Ali Məhkəməyə çatınca, hakim İ.Dadaşovun icraatına verilib. O, aşağı instansiya məhkəməsinin qərarını ləğv edib və yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib.

"Diqlas" rəhbərliyi məhkəməyə niyə gec üz tutduğunu yanğın ilə bağlı cinayət işi ilə əlaqələndirir. Deyir ki, istintaq və məhkəmə araşdırmalarının yekunlaşmasını gözləyirdilər. Çünki yanğından sonra "Diqlas" MMC-nin direktoru Rasim Məmmədov, "Diqlas-2" MMC-nin direktoru Araz Rəhimov, həmin ərazidəki "Cin bazarı" adlanan ticarət sahəsini yönəldən Zaur Əmirov haqqında Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı. Sonradan müxtəlif əsaslarla onların haqqında cinayət işinə xitam verildi. Sonda yalnız ticarət mərkəzində elektrik çalışan Nizami Fətullayev təqsirli bilindi və ona cəzasını məntəqə tipli həbsxanada çəkmək şərti ilə 4 il 6 ay həbs cəzası kəsildi.

Anar Mahmudov
Anar Mahmudov

"Onlardan maaş alırdım"

"Diqlas" ticarət mərkəzinin sabiq nazir oğlu A.Mahmudova məxsus olması rəsmi sənədlərlə də təsdiqlənib. 3 mart 2010-cu ildə qeydiyyata alınan obyektin sənədində təsisçi və qanuni təmsilçi olaraq onun adı göstərilib.

Rəhimov ifadəsində belə deyib: ""Diqlas-1" MMC-nin rəsmi təsisçisi Anar Mahmudov idi. Mən "Diqlas-2" MMC yaratmışdım. Biz mənim "Diqlas-1" şirkətini idarə etməyim haqda müqavilə imzalamışdıq. Amma faktiki olaraq, mən Anar Mahmudovun işçisi kimi onlardan maaş alırdım".

2019-cu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən beşmərtəbəli "Diqlas" ticarət mərkəzində yanğın olub. Hadisə nəticəsində altı nəfər xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb. Bundan bir müddət sonra da ticarət mərkəzi tam sökülüb.

XS
SM
MD
LG