Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olmuş yanğına görə bu qurumun bir ildən çoxdur mühakimə edilən keçmiş direktoru Mehriban Abasquliyeva deyir ki, yanğın siqnalizasiya sistemindən qaynaqlanıb və problemdən TƏBİB xəbərdar idi. Bu barədə onlara yazılı məlumat verilsə də, qarşı tərəf gərəkən addımları atmayıb.
"Yanğın təhlükəsizliyi ilə bağlı problem - siqnalizasiyanın olmaması barədə TƏBİB-ə yazılı məlumat vermişdim. Ancaq onlardan vəsaiti ala bilmədik ki, problemi həll edək", - M.Abasquliyeva fevralın 25-dəki məhkəmədə ifadə verərkən belə deyib.
Körpələrin öldüyü yanğına görə M.Abasquliyeva ilə yanaşı, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin keçmiş müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinə rəhbərlik etmiş Elnur Əhmədli də hakim önünə çıxarılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
2022-ci il, dekabrın 27-də Perinatal Mərkəzin direktoru təyin edilən və 2024-cü il yanvarın 9-da yanğın baş verənədək bu vəzifədə çalışan M.Abasquliyeva deyir ki, rəhbərlik etdiyi qurumda ciddi çatışmazlıqlar vardı və onların bir hissəsini öz vəsaiti hesabına həll etməyə çalışırdı: "Qazanxanada problem vardı, isti su gəlmirdi. Havalandırma, generator sistemi işləmirdi. Bunları öz hesabıma təmir etdirmişəm. 6 min 500 manat maaşımın 3 min 500 manatını mərkəzin işlərinə xərcləyirdim".
"Dam açılmalı, elektrik xətləri yenidən çəkilməli idi"
Yanğın siqnalizasiyası sistemi ilə bağlı problemə gəlincə, M.Abasquliyeva vurğulayıb ki, ondan öncə Perinatal Mərkəzin direktoru olan Məryəm Rzayevanın rəhbərliyi dövründə də siqnalizasiya sistemi yararsızmış. Sabiq direktorun sözlərinə görə, bu problemin həllindən ötrü toplam 2 milyon 705 min manat lazımmış: "Çünki dam açılmalı, elektrik xətləri yenidən çəkilməli idi. Dam da, xətlər də yararsız vəziyyətdə idi. Lakin TƏBİB-dən maliyyə ala bilmədik".
O əlavə edib ki, heç sonradan da siqnalizasiya problemi həllini tapmayıb. Bu üzdən, yanğından sonra təyin olunmuş direktoru da 2025-ci ildə inzibati qaydada cəzalandırıblar.
Təqsirləndirilən Abasquliyevanın sözlərinə görə, Perinatal Mərkəzdə heç yanğınsöndürən balonların sayı da yetərli deyilmiş: "Yanğın təhlükəsizliyinə lazım olan avadanlıqları yeniləmək üçün kifayət qədər maliyyə ayrılmamışdı".
7 körpənin ölümü ilə bağlı məhkəmə araşdırmaları martın 4-də davam edəcək.
M.Abasquliyeva və onunla birlikdə mühakimə olunan keçmiş şöbə müdirlərinə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. M.Abasquliyevanın üzərində, üstəlik, CM-in 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi də var.
Cinayət işinin materiallarında iddia edilir ki, M.Abasquliyeva direktor olduğu dövrdə stasionar xəstə qəbulunu iki dəfəyə qədər artırıb. Nəticədə Mərkəzin iş yükü də çoxalıb, xəstəxananın normal iş fəaliyyəti pozulub. Perinatal Mərkəzdə elektrik təsərrüfatı artıq yüklənib və sonda yanğına səbəb olub.
"2023-cü ilin iyun ayında Perinatal Mərkəzin Doğum şöbəsində xəstələrin saxlandığı palatanın sanitar qovşağında baş vermiş yanğın ört-basdır edilib. Bu hadisə nəzarətçi orqanlardan gizlədilib, müəssisənin elektrik təsərrüfatı və yanğın təhlükəsizliyinə qarşı vəziyyətin yenidən nəzərdən keçirilməsi təmin edilməyib. Gələcəkdə eyni hadisələrin baş verməməsi üçün lazım olan tədbirləri görülməyib", - ittiham aktında belə yazılıb.
Təqsirləndirilən üç nəfərin heç biri ittihamları qəbul etmir. Onlar yaşananlara görə özlərini təqsirli bilmədiklərini söyləyirlər.