Oktyabrın 6-da mülki geyimli şəxslərin evinin qarşısında saxladığı AXCP üzvü Anar Ərkivanın evinə polislər gəlib.
Partiyadan bildirilib ki, oktyabrın 6-sı günorta saatlarında onun yaşadığı evə gələn polislər qapının açılmasını və A.Ərkivanın mobil telefonunun verilməsini tələb ediblər: "Anar Ərkivanın həyat yoldaşı telefonun yerini bilmədiyini deyib, bundan sonra polislər evdə axtarış aparıblar. Telefonu tapa bilmədikdən sonra onun şəxsiyyət vəsiqəsini götürərək gediblər".
AXCP baş verənləri ölkədəki repressiyaların davamı sayır.
Bu məlumata Daxili İşlər Nazirliyi və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi motivli həbslərin olmasını inkar edirlər.
6 oktyabr
AXCP fəalının evinin qarşısında saxlanıldığı bildirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Anar Ərkivanın oktyabrın 6-da saxlanıldığı bildirilir. Partiyanın yaydığı məlumata görə, onu bir qədər əvvəl yaşadığı evdən zibil atmaq üçün çıxarkən dörd–beş mülki geyimli şəxslər saxlayıb.
Yaxınlarının sözlərinə görə, həmin şəxslər Ərkivanı məcburi şəkildə avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
"Onun hazırda harada olduğu və onu kimlərin apardığı məlum deyil", - AXCP-dən əlavə edilib.
Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
A.Ərkivan bundan əvvəl il ərzində iki dəfə polisə müqavimət və xırda xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilib.
Partiya bu həbslərin siyasi motivli olduğunu bildirsə də, rəsmilər ölkədə siyasi həbs və təzyiqlərin olması barədə iddiaları tamamilə əsassız sayırlar.
17 iyun
AXCP-də həbslər var
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarından Anar Ərkivanın 30 sutka həbs edildiyi bildirilir. O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirləndirilib. Bu barədə AXCP məlumat yayıb.
Partiyadan vurğulandığına görə, dünən, iyunun 16-da şəxsi avtomobilini idarə edən zaman Dövlət Yol Polisinin (DYP) əməkdaşı onu saxlayaraq telefonla danışmaqda günahlandırıraq cərimələmək istəyib. O, isə avtomobili idarə edən zaman telefonla danışmadığını deyib: “Yazılacaq cəriməyə etirazını bildirib. DYP əməkdaşı əlavə qüvvə çağıraraq Anar bəyə zor işlədib, onu Nərumanov rayon Polis İdarəsinin 17- ci polis şöbəsinə gətiriblər . Bir sutka orada saxlandıqdan sonra bu gün Nərimanov rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub".
Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Anar Ərkivan bu ilin fevralında da polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka həbs edilmişdi. Yaxınları onda da onun şərləndiyini açılamışdılar.
AXCP-dən yayılan məlumata görə, ötən həftə isə Masallı Rayon Şöbələrinin fəalı Əlixan Rəcəbov narkotik ittihamı ilə həbs olunub. Partiyadan bu il yanvarın 7-də saxlanan Əlixan Rəcəbovun 1 il 6 ay həbs cəzası aldığını açıqlayıblar.
AXCP bildirir ki, o, sərt tənqidlərinə görə cəzalandırılıb.
Amma rəsmi qurumlar isə bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-i civarında üzvü isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 328 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.