Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 22:15

Hökumət toplaşmaq azadlığının pozulmasına görə kompensasiya ödəməyə razılaşıb

2020-ci il parlament seçkilərinə etiraz aksiyasında fəalın saxlanılması. (FOTO ARXİV)
2020-ci il parlament seçkilərinə etiraz aksiyasında fəalın saxlanılması. (FOTO ARXİV)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan bir sıra siyasi fəalların sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlı şikayətləri üzrə qərarını açıqlayıb. Sözügedən işdə şikayətçilər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin rəhbəri Saqif Qurbanov, partiyanın Ali Məclisinin keçmiş sədri Nurəddin Məmmədli, həmçinin fəaliyyətini dayandırmış Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Arif Əzizzadə, Arifə Hüseynli Dilarə Miriyevadır. Onlar Avropa Məhkəməsinə ünvanladıqları ərizələrində dinc toplantıların və etiraz aksiyalarının keçirilməsinə imkan verilmədiyini, bu məsələ ilə bağlı şikayətlərinin isə ölkə daxilində araşdırılmadığını vurğulayıblar. Ərizəçilər məhkəmədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozulmasının tanınmasını istəyiblər.

Bu şikayətlər üzrə Avropa Məhkəməsində aparılan kommunikasiya mərhələsində Azərbaycan hökuməti hüquq pozuntusunu etiraf edib və ərizəçilərin hər birinə buna görə təzminat ödəməyə razılaşıb. Rəsmi Bakı hüquq pozuntusu nəticəsində ərizəçilərə dəymiş mənəvi ziyana görə 1800 avro, məhkəmə xərcləri üçün isə 250 avro kompensasiya ödəməyi öhdəsinə götürüb, qarşı tərəf də bu təklifi qəbul edib.

Avropa Məhkəməsi tərəflər arasındakı bu razılaşmanı nəzərə alaraq, sözügedən şikayətlərin baxılan işlər siyahısından çıxarılmasına qərar verib.

İqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) 2024-cü ilin mayında fəaliyyətini dayandırıb. 2023-cü ilin avqustunda həbs olunan İbadoğlu 2024-cü ilin aprelində ev dustaqlığına buraxılıb. Bundan bir ay sonra partiyanın fəaliyyətinə xitam verildiyi açıqlanıb.

AXCP Ali Məclisinin keçmiş sədri N.Məmmədli 2024-cü ilin oktyabrında partiyadan getdiyini bəyan edib. 80 yaşlı partiya funksioneri istefasını yaşı və sağlamlığındakı problemlərlə izah edib.

Sərbəst toplaşmaq azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunsa da, illərdir ki, rəsmi qurumlar müxalifət partiyalarının kütləvi aksiya keçirmək barədə müraciətlərini rədd edir. Beynəlxalq təşkilatlar zaman-zaman hakimiyyəti, digər fundamental hüquqlar kimi, vətəndaşların sərbəst toplanma hüququnu da təmin etməyə çağırır. Avropa Məhkəməsi isə bu azadlığın məhdudlaşdırılmasına görə bundan əvvəl də Azərbaycana qarşı analoji qərarlar çıxarıb.

XS
SM
MD
LG