AzadlıqRadiosunun prezidenti Fərid Mehralızadəni azad etməyə çağırır

Sizin brauzer HTML5-i dəstəkləmir

Fərid Mehralızadə həbsdə də hökumətin dediyini ifşa edir (ARXİV)

AzadlıqRadiosunun prezidenti Stiven Kapus Azərbaycan hakimiyyətini radionun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin ailəsinə qovuşması üçün addım atmağa çağırıb. Aprelin 3-də Ali Məhkəmə "AbzasMedia işi" üzrə həbsdə olan yeddi nəfər haqqında hökmü qüvvədə saxlayıb.

"Bu qərar Fəridin törətmədiyi cinayətlərə görə ailəsinin vadar olunduğu əzablı ayrılığı daha da uzadacaq. Azərbaycan hakimiyyəti bu ağır ədalətsizliyi aradan qaldırmaq, Fəridin evinə qayıtmasına imkan vermək üçün tezliklə addım atmalıdır", – S.Kapus aprelin 7-də bildirib.

F.Mehralızadə məhkəməsində AzadlıqRadiosunda dərc olunan araşdırmalarına görə cəzalandırıldığını deyib.

Ali Məhkəmə 'AbzasMedia işi' üzrə hökmü qüvvədə saxlayıb

AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də daxil, "AbzasMedia" nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan yeddi nəfər haqqında hökmü Ali Məhkəmə qüvvədə saxlayıb. Aprelin 3-də Zaur Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası jurnalistlərin kassasiya şikayətinə baxıb və onların heç birinin təmin olunmamasına qərar verib.

Ali Məhkəmədə jurnalistlərin işi üzrə məhkəmə prosesləri birlikdə keçirilməyib. Amma hamısına hakim Zaur Hüseynov sədrlik edib.

F.Mehralızadənin şikayətinə "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalovla birlikdə martın 6-da baxılıb. Həmin məhkəmə iclasında onların çıxışları dinlənilsə də, yekun qərar verilməyib.

Ardından martın 13-də "AbzasMedia"nın direktoru Ülvi Həsənli Ali Məhkəmədə hakim önünə tək çıxarılıb. O, vəsatət qaldıraraq deyib ki, aşağı instansiya məhkəməsində digər jurnalist həmkarları ilə birlikdə mühakimə olunub. İndi də şikayətlərinə birlikdə baxılmasını istəyir. Lakin vəsatət təmin olunmayıb. Ü.Həsənlinin məhkəməsində də qərar verilməyib, proses təxirə salınıb.

Hafiz Babalı

Hafiz Babalı iki ildən çoxdur pensiyadan da məhrumdur

Aprelin 3-də isə Ali Məhkəmədə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə QasımovaHafiz Babalının kassasiya şikayətinə baxılıb. Adları çəkilən jurnalistlərdən yalnız H.Babalı özü məhkəmədə iştirak edib. Lənkərandakı Penitensiar Müəssisədə saxlanılan xanım jurnalistlərin heç biri Ali Məhkəməyə gəlməyib.

H.Babalı çıxışında həm özünün, həm də jurnalist həmkarlarının təqsirsiz olduğunu, korrupsiya araşdırmalarına görə cəzalandırıldığını deyib, cinayət işinə xitam verilməsini istəyib. O, korrupsiyaya nümunə olaraq, cəzaçəkmə müəssisələrində saxlanılan və məhkəmə qərarı ilə vaxtından əvvəl azadlığa çıxmaq istəyən məhkumlardan rüşvət alınmasını misal göstərib.

Görmə məhdudiyyətinə görə əlil olduğunu və buna görə pensiya aldığını deyən H.Babalı hakimlərin nəzərinə çatdırıb ki, iki ildən çoxdur bu pensiyadan da məhrumdur. Həbsindən sonra pensiyanın köçürüldüyü bank kartı bloklanıb və indiyə qədər açılmır.

Sevinc Vaqifqızı və Ülvi Həsənli

"Görüntü xatirinə olsa belə..."

Məhkəmədə jurnalistlərin vəkilləri çıxış edib, onların özlərinin məhkəməyə göndərdikləri məktublarda yazdıqları elan edilib.

S.Vaqifqızı məktubunda yazıb ki, aşağı instansiya məhkəmələrində sifarişlə hökm verilib. Ali Məhkəmədən də fərqli gözləntiləri yoxdur. O vurğulayıb ki, məhkəmələrə sifarişi verən də prezident İlham Əliyevdir.

E.Qasımova bildirib ki, hətta görüntü xatirinə olsa belə, bu işdə hakimlər peşə etikasına uyğun davranmadılar, ən adi vəsatətləri də təmin etmədilər.

Müdafiə tərəfinin çıxışlarından sonra prokuror Rəşad Məmmədli deyib ki, kassasiya şikayətləri əsassızdır, jurnalistlər haqqında aşağı instansiya məhkəməsinin qərarı qüvvədə qalmalıdır.

Dövlət Vergi Xidmətinin nümayəndəsi də eyni təkliflə çıxış edib.

Ardından bir neçə dəqiqəlik müşavirədən sonra hakim Z.Hüseynov "AbzasMedia işi" üzrə həbsdə olan jurnalistlərin hamısının kassasiya şikayətlərinin təmin olunmadığı haqda qərarı elan edib.

Xatırlatma

"AbzasMedia" nəşri ilə bağlı həbslər 2023-cü ilin noyabrında başlayıb. Amma F.Mehralızadə 2024-cü il mayın 30-da saxlanılıb.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, "AbzasMedia"nın direktoru Ü.Həsənli, baş redaktor S.Vaqifqızı, "Turan" informasiya agentliyinin redaktoru, araşdırmaçı-jurnalist H.Babalı və AzadlıqRadiosunun jurnalisti, iqtisadçı F.Mehralızadənin hər biri 9 il, jurnalistlər N.Absalamova və E.Qasımova 8 il, "AbzasMedia"nın koordinatoru M.Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əməllərdə ittiham ediliblər. Jurnalistlər və müdafiəçiləri bu ittihamları rədd edib, ortaya tutarlı sübut qoyulmadığını bildiriblər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamıyla həbs olunub. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 340 siyasi məhbus var.

Hökumət təmsilçiləri isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edir ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız tutulanları azad etməyə çağırıb.