ABŞ-nin İranla çərçivə razılaşması bazarlara dərhal müsbət təsir göstərib: səhmlər bahalaşıb, neft ucuzlaşıb. Amma bunun uzunmüddətli iqtisadi faydaya çevrilə bilməsi Hörmüz boğazından daşımaların bərpasından asılı olacaq.
"Windward" dəniz kəşfiyyatı şirkətinin məlumatına görə, ABŞ və İran prezidentlərinin memorandumu imzalamasından dərhal sonra, iyunun 18-də boğazda hərəkət canlanıb. İyunun 17-si Bakı vaxtı ilə saat 22:00-dan növbəti gün saat 18:00-dək boğaz vasitəsilə 18 gəminin keçidi qeydə alınıb.
Müharibədən əvvəl dünya neft tədarükünün 20 faizi Hörmüz boğazından keçirdi. Bundan əlavə, böyük həcmdə mayeləşdirilmiş təbii qaz, gübrələr və digər mühüm məhsullar da bu marşrutla daşınırdı.
"Windward" şirkətinin baş analitiki Mişel Vize Bokmann onlayn brifinqdə bildirib ki, iyunun ilk iki həftəsində boğazdan gündə orta hesabla yeddi gəmi keçirdi. İyunun 14-də razılaşma xəbərləri yayıldıqdan sonra hərəkət artmağa başlayıb. İyunda qeydə alınan ümumi tranzit sayı artıq maydakı 156 keçidi üstələyib.
"Hər şey tankerlərin hərəkətindən asılıdır"
Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin baş elmi əməkdaşı Ben Kahill hesab edir ki, iqtisadi dividendlərin əldə edilməsi üçün gəmi axını daha da artmalıdır.
"Burada hər şey tankerlərin hərəkətindən asılıdır. Kağız üzərindəki razılaşmaların əhəmiyyəti yoxdur, əgər onlar Hörmüz boğazı vasitəsilə neft axınını bərpa etmirsə. Hamı boğazdan çıxan və bazarlara neft, qaz və digər məhsullar daşıyan tanker sayını izləyəcək", – o, AzadlıqRadiosuna bildirib.
Kahill əlavə edib ki, boğaza daxil olan tankerlərin sayı da eyni dərəcədə vacibdir, çünki normal yükləmə əməliyyatları və Yaxın Şərqdə neft-qaz hasilatının tam bərpası birbaşa bununla bağlıdır.
AzadlıqRadiosunun jurnalistləri Rey Förlonq və Aleks Raufoğlu yazırlar ki, bu məqam razılaşmanın ilk real sınağıdır. Gəmiçilik şirkətləri əmin olmalıdırlar ki, gəmilər yenidən Fars körfəzinə daxil olduqdan sonra hərbi əməliyyatların bərpası səbəbindən orada ilişib qalmayacaqlar.
HÖRMÜZ BOĞAZI
İlk sınaq
Razılaşma çərçivəsində Vaşinqton İran neftinə sanksiyalardan istisna qərarı da verib ki, bu da ölkə iqtisadiyyatına əlavə dəstək göstərə bilər.
"Windward" eyni zamanda İran gəmilərinin Hörmüz boğazından keçdiyini, ölkəyə məxsus LNG və neft tankerlərinin Malakka boğazı üzərindən Cənub-Şərqi Asiyadan qərbə doğru hərəkət etdiyini qeydə alıb. Bu isə Birləşmiş Ştatların dəniz blokadasını ləğv etməsindən sonra gəmilərin artıq İran limanlarında sərbəst yüklənə bildiyini göstərir.
Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Naysan Rəfati hesab edir ki, hazırda müəyyən mənada konsepsiyanın sınağı prosesi gedir: "İlk sınaq dənizdə olacaq. Hörmüzdə hərəkət artırmı? İran gəmiləri hələ də təqib və ya dronlarla hücum edirmi? ABŞ İran gəmilərinin nəzarət zonasından keçməsinə icazə verirmi?".
Boğazın gələcəyi üçün digər mühüm göstəricilər sığorta haqları, dəniz minalarının təmizlənməsi və mümkün rüsum məsələsidir.
Memorandumda bildirilir ki, İran İslam Respublikası tərəfindən minaların təmizlənməsi şərti ilə, kommersiya gəmilərinin hərəkətinə dərhal başlanılacaq və bu proses 30 gün ərzində tam bərpa olunacaq. Bununla belə, minaları dəqiq nə vaxt və kimin təmizləyəcəyi barədə hələlik məlumat yoxdur.
Razılaşmaya əsasən, İran gələcək danışıqlara qədər 60 gün müddətində Hörmüz boğazından ödənişsiz keçidə razılıq verib.
Sığorta xərcləri hələ yüksəkdir
Bokmann bildirib ki, sığorta haqlarının nə vaxt azalacağını söyləmək üçün hələ tezdir. Onun sözlərinə görə, müharibədən əvvəl əlavə risk sığortası gəmi dəyərinin 1 faizindən az olduğu halda, müharibə dövründə bu göstərici 3-5 faizə, bəzi hallarda isə hətta 10 faizədək yüksəlib.
Kahillin fikrincə, əsas problem sığorta deyil: "Məsələ ondan ibarət idi ki, gəmi sahibləri heyətlərini riskə atmaq istəmirdilər. Onlar təhlükəsizliyin yenidən təmin olunduğuna əmin olan kimi çox tezliklə müsbət nəticə görəcəyik".
Sizin brauzer HTML5-i dəstəkləmir
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Hörmüzün sonu?
İran fevralın 28-də başlayan müharibəyə cavab olaraq Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb. Bu addım qlobal bazarlarda ciddi narahatlıq yaradıb və Asiyanın böyük hissəsində yanacaq qıtlığına səbəb olub.
Körfəz ölkələri alternativ marşrutlar axtarmağa başlayıblar. Səudiyyə Ərəbistanı nefti Qırmızı dənizdəki Yanbu limanına daşıyan Şərq-Qərb boru kəmərindən istifadəni artırıb. Birləşmiş Ərəb Əmirlikləri isə Oman körfəzindəki Füceyrə limanına uzanan boru kəmərindən yararlanıb.
Bəzi ekspertlərin fikrincə, müharibə İrana gələcəkdə nüvə arsenalından daha güclü təsir vasitəsi verib, yəni istədiyi vaxt qlobal ticarət axınlarını pozmaq imkanı qazandırıb.
Kahill isə bu fikirlə tam razı deyil: "Bu hadisənin dərslərindən biri odur ki, tək bir dar keçiddən həddindən artıq asılı olmaq təhlükəlidir. Hörmüz boğazı dünyanın ən mühüm neft keçididir".
Onun qənaətinə görə, idxalçı ölkələr təchizat və tranzit risklərini yenidən qiymətləndirəcəklər: "Artıq Hörmüz boğazının qlobal neft ixracatında əvvəlki qədər böyük payı olacağına dair şübhələr yaranıb. Alternativ boru kəmərləri çəkilir, ölkələr yeni infrastruktur variantlarını araşdıracaqlar".