ABŞ və İran arasında cümə günü – iyunun 19-da İsveçrənin Bürqenştok kurortunda keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq. İsveçrə Xarici İşlər Nazirliyi belə bir bəyanatla çıxış edib.
Bundan əvvəl ABŞ vitse-prezidenti Cey Di Vensin İsveçrəyə səfərini ləğv etdiyi açıqlanıb.
İsveçrədə Tehran və Vaşinqton arasında müharibəyə son qoymaq üçün əldə edilmiş razılaşmanın icrası ilə bağlı danışıqlar başlamalı idi.
Vens İranla danışıqlar üçün İsveçrəyə getməyəcək
ABŞ administrasiyası bildirib ki, vitse-prezident Cey Di Vens İranla iyunun 19-na planlaşdırılan birbaşa danışıqlar üçün İsveçrəyə səfərini logistika problemlərinə görə təxirə salıb. Bu səfər ABŞ və İran prezidentləri Yaxın Şərqdəki müharibənin dayandırılmasına yönəlmiş anlaşma memorandumunu (MoU) imzalayandan iki gün sonra gerçəkləşməli idi.
"Bu danışıqların logistikası heç vaxt sadə və ya proqnozlaşdırılan olmayıb. Hazırkı vəziyyətdə vitse-prezident bu gecə yola düşmür. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik", – Ağ evin sözçüsü iyunun 18-də gecə AFP-yə bildirib.
Danışıqların özünün də təxirə salınıb-salınmadığı hələlik məlum deyil. Almaniyanın dpa agentliyi Ağ ev rəsmisinə istinadla yazıb ki, qarşıdakı görüşlə bağlı planlar hələ tam dəqiqləşməyib.
"Tasnim" agentliyi Tehranın İsveçrəyə nümayəndə heyəti göndərməsi ilə bağlı rəsmi təsdiqin olmadığını bildirib. İran mediası isə rəsmi olmayan mənbələrə istinadən yazıb ki, Tehran İsrailin Livana hücumları davam etdiyindən öz nümayəndə heyətini göndərməyi təxirə salıb.
ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian iyunun 17-də təxminən dörd aydır davam edən müharibəyə son qoymaq məqsədi daşıyan çərçivə razılaşmasını imzalayıblar.
"60 günlük müddət rəsmi olaraq bu gün başlayıb"
Müvəqqəti razılaşmada Tehran və Vaşinqtonun yekun saziş əldə etməsi üçün 60 gün vaxt verilir. Bu saziş İranın nüvə proqramına məhdudiyyətlər qoyulmasını və ABŞ sanksiyalarının ləğvini nəzərdə tutur. Razılaşmada həmçinin İranın Livanda İsrail hücumlarının dayandırılması tələbi də yer alıb.
İyunun 18-də keçirdiyi brifinqdə Vens jurnalistlərə bildirib ki, ABŞ və İran arasında yekun razılaşmaya nail olmaq üçün nəzərdə tutulan 60 günlük müddət artıq başlayıb: "Deyərdim ki, 60 günlük müddət rəsmi olaraq bu gün başlayıb".
Əvvəlcə iyunun 19-da Cenevrədə rəsmi imzalanma mərasiminin keçirilməsi, ABŞ-dən Cey Di Vensin, hər iki ölkədən isə yüksək səviyyəli diplomatların iştirakı gözlənilirdi. Amma Tramp və Pezeşkian iyunun 17-də memorandumu gözlənilmədən rəqəmsal formatda imzalayıblar. Bundan sonra diqqət Cenevrədə gözlənilən texniki danışıqlara yönəlib. Həmin görüşlərdə tərəflər memorandumu ətraflı icra planına çevirməyə çalışacaqlar.
ABŞ-ın yüksəkvəzifəli rəsmisi bildirib ki, bu həftəsonu İsveçrədə keçiriləcək görüş kritik olacaq. O əlavə edib ki, tərəflərdən hər hansı biri gözləntiləri yerinə yetirməsə, bunun nəticələri aylar yox, günlər və ya həftələr ərzində üzə çıxacaq.