İran prezidenti ölkənin nüvə müfəttişlərinin üzünə açıq olduğunu bildirib

Tehranda İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən şənliklər zamanı nümayiş olunan raketlər.

İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi nüvə proqramının dinc məqsədli olduğunu isbatlamaq üçün beynəlxalq müfəttişləri qəbul etməyə hazırdır. Bu açıqlama İslam İnqilabının 47-ci ildönümü ərəfəsində səslənir. Bu arada ABŞ hərbi-dəniz qüvvələrini mümkün hərbi zərbələr üçün bölgədə hazır vəziyyətə gətirib.

"Biz nüvə silahı əldə etməyə çalışmırıq. Bunu dəfələrlə bəyan etmişik və istənilən yoxlamaya hazırıq", – Pezeşkian fevralın 11-də ildönümü tədbirlərində deyib.

Atəşfəşanlıq və "Xameneiyə ölüm" şüarı

Ötən ay təhlükəsizlik qüvvələri ölkədə kütləvi etiraz aksiyalarına qanlı divan tutub, minlərlə insan öldürülüb. Fevralın 10-dan 11-nə keçən gecə yayımlanan videolarda isə ildönümü münasibətilə Tehranda atəşfəşanlıq görünür, baxmayaraq ki, ölkədə çoxları yaxınlarına görə yasdadır.

Videolarda "diktatora ölüm" və "Xameneiyə ölüm" şüarları da səslənir. Əli Xamenei İranın ali dini rəhbəridir.

ABŞ və müttəfiqləri etirazçılara qarşı zorakılığı kəskin pisləyib, ABŞ bölgədə hərbi qüvvələrini artırıb. ABŞ prezidenti Donald Tramp Vaşinqtonun etirazçılara dəstək verməyə gəldiyini bildirib.

Fevralın 6-da Omanda ABŞ və İran nümayəndə heyətləri arasında ev sahibinin vasitəçiliyi ilə danışıqlar keçirilib. Bundan sonra Vaşinqton İranın neft sektoruna əlavə sanksiyalar tətbiq edib. Əlavə danışıqların keçiriləcəyi gözlənilir, amma tarixi hələlik bəlli deyil.

Netanyahu Tramp ilə görüşəcək

Fevralın 11-də isə İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda Trampla görüşməlidir. Netanyahunun ofisi bildirib ki, o, İranla bağlı danışıqlara ölkənin ballistik raket proqramının, Livan, İraq və Yəməndə Tehranın dəstəklədiyi silahlı qruplara yardım məsələlərinin də salınmasını istəyir.

Trampın ilk prezidentlik dövründə Milli Təhlükəsizlik Şurasında çalışmış Aleksandr Qrey AzadlıqRadiosuna bildirib ki, mümkün hərbi zərbələrin taleyini məhz bu məsələlər müəyyən edəcək, İran müxalifətinə dəstək məsələsi yox.

"Prezident bu qəddar repressiyaları görmək istəmir. Amma düşünürəm ki, o, həm də realistdir", – Qrey deyib. Onun fikrincə, Birləşmiş Ştatların əsas maraqları baxımından, insan haqlarının dəhşətli şəkildə pozulmasını qınaya bilər, amma "biz onların proksi fəaliyyətləri, raket və nüvə proqramları ilə bağlı dəyişikliklərə nail olmaq üçün daha çox təsir göstərə bilərik".

ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 11-də Azərbaycanı tərk edərkən bu mövqeni təsdiqləyən açıqlama verib.

"İran xalqı rejimi devirmək istəyirsə, bu, İran xalqının öz işidir. Bizim hazırda diqqət yetirdiyimiz məsələ İranın nüvə silahı əldə etməməsidir. Bu, hətta ilk administrasiya dövründə də prezidentin siyasətinin əsas istiqaməti olub", – o deyib.