Fevralın 6-da Ağ evin xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi müharibəni önləməkdən ötrü son cəhd olaraq görüşəcəklər.
Bu arada ABŞ prezidenti Donald Tramp administrasiyası Fars körfəzinə hərbi qüvvələr yerləşdirib, Tehrana mümkün zərbələri nəzərdən keçirir.
İran danışıqlarda yalnız nüvə proqramının müzakirəsinə çalışır. ABŞ isə elə bir razılaşma istəyir ki, həm İranın ballistik raket proqramını məhdudlaşdırsın, həm də Tehranın Yaxın Şərqdə silahlı qruplara dəstəyinə son qoysun.
Haaqadakı Tətbiqi Elmlər Universitetindən Deymon Qolriz deyir ki, Tramp saziş istəyir, çünki bunu "İran kimi böyük bir ölkə ilə müharibədən üstün tutur". "Razılaşma əldə olunarsa, bu, İslam Respublikasının maraqlarına uyğun olacaq, hətta ictimaiyyət bunu İslam Respublikası üçün təslimçilik kimi görsə belə", – o əlavə edib.
Razılaşmadan ötrü ABŞ və İran təmsilçiləri öncəki danışıqları pozmuş mübahisəli məqamları yoluna qoymalıdırlar.
Uran zənginləşdirilməsin, ehtiyat da yığılmasın
ABŞ İrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmağı, təxminən 400 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatından imtinasını tələb edir. Bu addımların Tehranın nüvə silahı yaratmasının qarşısını alacağı bildirilir. İran indiyədək bu tələbləri rədd edib. Amma ekspertlərin fikrincə, hazırda danışıqlarda mövqeyi zəifdir deyə, müəyyən güzəştlərə gedə bilər.
İranın dini isteblişmenti son onilliklərin ən zəif dövrünü yaşayır, ölkədə misilsiz narazılıq, iqtisadi çöküş, sərhədləri yaxınlığında isə ABŞ-nin hərbi qüvvələri ilə üzləşib.
İranın nüvə proqramı da ciddi ziyan görüb. ABŞ iyunda 12 günlük İran-İsrail müharibəsi vaxtı Tehranın Fordo və Nətənzdəki yeraltı zənginləşdirmə obyektlərini bombalayıb.
Mümkün əngəllərdən biri yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının bərpasıdır. BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş yoxlama rəhbəri Tariq Raufun sözlərinə görə, ABŞ-nin ötən il yeraltı nüvə obyektlərinə hava zərbələrindən sonra bu ehtiyat dağıntılara qarışıb.
Rauf onu da qeyd edib ki, bombardmanda istifadə olunan ABŞ istehsalı "Bunker Buster" bombalarından biri partlamayıb. "Nətənzdə hələ də 2 min kiloqramdan çox güclü partlayıcı qalır... bu çox qeyri-sabit durum yarada, toxunularsa, partlaya bilər", – o, AzadlıqRadiosunun fars xidmətinə söyləyib.
Zənginləşdirmə məsələsinin həll yollarından biri 2025-ci ilin mayındakı təklifdir, yəni regional zənginləşdirmə konsorsiumunun yaradılması. Bu model İrana uranı zənginləşdirməyə davam etməyə imkan verər, amma yalnız mülki enerji məqsədlərinə uyğun aşağı səviyyədə.
Konsorsium adətən artıq nüvə proqramı olan ölkədə qurulur. Yaxın Şərqdə rəsmi nüvə proqramı olan yeganə ölkə Birləşmiş Ərəb Əmirlikləridir. Amma bu Körfəz dövləti uranı zənginləşdirmək hüququndan imtina edib, nüvə yanacağını idxal edir.
Raketlər və proksilər
ABŞ həm də İranın ballistik raketlərinin uçuş məsafəsinə, sayına elə bir məhdudiyyətlər qoymaq istəyir ki, Tehranın İsraili vurması mümkün olmasın.
Hazırda İran raketlərinin uçuş məsafəsi üçün məhdudiyyət 2 min kilometrdir. Ortamənzilli raketləri İsraili vura, qısamənzilli raketləri isə Fars körfəzindəki ABŞ hərbi bazalarına zərbə endirə bilər.
İranın ortamənzilli raketlərinin sayı bəlli deyil. İsrail iyun müharibəsində İranın raket istehsalı obyektlərini, raket buraxılış qurğularını hədəfə alıb. Ancaq İranın hələ də bir neçə min qısamənzilli ballistik raketinin olduğu ehtimal olunur.
İran raket proqramına hər hansı məhdudiyyəti qəti rədd edir, bunu öz müdafiəsi üçün həyati əhəmiyyətli sayır.
İslam Respublikası Livan, İraq və Yəməndə dəstəklədiyi silahlı qruplardan, proksi qüvvələrdən imtinanı da qəbul etmir. İran özünün "müqavimət oxu" adlandırdığı bu şəbəkəni İsrail və ABŞ-nin mümkün təcavüzünə qarşı əsas çəkindirmə vasitəsi sayır.
Bu şəbəkə iyunda İsrailin hava kampaniyası zamanı, əsasən, kənarda qalıb. Təhlilçilərin fikrincə, danışıqlar uğursuz olsa, ABŞ ilə müharibə başlasa, bu dəfə həmin qüvvələr İranın köməyinə gələ bilər.