Amerikanın ərəb müttəfiqlərinin üzləşdiyi seçim

ABŞ prezidenti Donald Tramp Ağ evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ilə görüşür.

Amerikanın Fars körfəzindəki müttəfiqləri İran müharibəsinə görə sərt dilemma ilə üzləşiblər: müdafiə mövqeyində qalmaqmı, yoxsa ABŞ və İsrailin İrana qarşı müharibəsinə qoşulmaqmı.

Fevralın 28-də müharibə başlayandan İran ABŞ-nin hərbi və diplomatik obyektlərinə minlərlə dron, raket atıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Küveytdəki enerji infrastrukturuna ziyan dəyib. Tehran Hörmüz boğazını bağlamaqla ərəb qonşularını da əsas ixrac məhsullarından məhrum edib. Media yazır ki, Səudiyyə Ərəbistanı və BƏƏ özlərinin ölüm-dirim riski ilə üzləşdiklərini düşünür, daha çox hücum mövqeyinə keçməyi götür-qoy edirlər. Ekspertlərin fikrincə, bu addım onları İranın daha sərt qisasına məruz qoyar.

Ekspertlər Səudiyyə Ərəbistanı və BƏƏ-nin müharibəyə birbaşa qoşulma ehtimalının az olduğunu deyirlər. Ancaq ABŞ-yə logistika dəstəyini genişləndirə, İrana iqtisadi təzyiq göstərə bilərlər.

"İranın şantajı"

Bunun artıq başladığı görünür. "The Wall Street Journal" martın 23-də yazırdı ki, Ər-Riyad bu yaxınlarda ABŞ qüvvələrinin krallığın cənub-qərbindəki "Kral Fəhd" hava bazasından istifadəsinə icazə verməyə razılaşıb.

AzadlıqRadiosunun baş regional redaktoru Frud Bejan bunun əhəmiyyətli dəyişiklik olacağını yazır. Səudiyyə Ərəbistanı da, ərəb qonşuları kimi, hava məkanı və hərbi obyektlərindən İrana hücum üçün istifadə olunmayacağına söz vermişdi.

İran Körfəz dövlətlərini Amerikanın müharibə səylərinə kömək etməkdə günahlandırıb. Bu ölkələrin çoxunda ABŞ hərbi bazaları yerləşir. Xarici işlər naziri Abbas Əraqçi martın 25-də deyib ki, "region ölkələrinin amerikalılara xidmət göstərməsinə dəlillər var".

Ər-Riyad martın 21-də İranın hərbi attaşesinin və səfirliyin dörd əməkdaşının ölkədən çıxarılmasına əmr verib, bunu İranın Səudiyyə ərazisinə davamlı hücumları ilə əsaslandırıb. Son üç həftədə İran dronları və raketləri dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanındakı əsas neft emalı zavodlarını hədəfə alıb. İran Ər-Riyaddakı ABŞ səfirliyini də vurub.

BƏƏ isə bu arada İrana bağlı qurumlara qarşı sərt tədbirlər görüb, bir xəstəxana, sosial klub və bir neçə məktəbi bağlayıb. Ötən həftə BƏƏ Dubaydakı İran Xəstəxanasını qapadıb. Bu, ölkədə ən qədim tibb ocaqlarından idi, onu İran Qırmızı Aypara Cəmiyyəti idarə edirdi.

İki ölkə arasında sərt bəyanatlar da səslənib.

İran dronları və raketləri Qətər, Bəhreyn, Küveytdə neft və qaz obyektlərini, ABŞ və İsrail isə İranın neft anbarları, duzsuzlaşdırma zavodunu vurub.

Əks-hücumlar olarsa...

Ekspertlərin fikrincə, eskalasiya ritorikasına baxmayaraq, Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranla birbaşa hərbi qarşıdurmaya getmək riski azdır.

"Hər iki ölkənin infrastrukturu - elektrik stansiyaları, duzsuzlaşdırma zavodları və çoxmərtəbəli yaşayış binaları İranın hücumları qarşısında çox həssas durumdadır", – bunu Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutundan Saymon Henderson deyir.

"Hər iki ölkədə İrana meylli şiə müsəlman azlığı var. Müharibəyə daha çox cəlb olunmaq onların vəziyyətini daha da pisləşdirəcək", – o əlavə edir.

Ekspertlər deyirlər ki, İran ABŞ və İsraillə müharibədən sağ çıxarsa, Körfəz ölkələri daha cəsarətli və radikal İranla üz-üzə qalacaqlar. Rejimin çökməsi isə xaos yaradar, bu da bölgəyə yayılar.

Yaxın Şərq siyasəti üzrə britaniyalı mütəxəssis Kristofer Devidson düşünür ki, Körfəz ölkələri üçün ən yaxşı ssenari rejim dəyişikliyi yox, ABŞ-yə dolayı, ölçülü-biçili dəstək verməkdir: "Bu, İranı çəkindirər, Vaşinqtonla təhlükəsizlik əlaqələrini dərinləşdirər, Körfəz nefti ilə bağlı böyük eskalasiyaya səbəb olmadan İranın təsirini məhdudlaşdırar".

Onun sözlərinə görə, ən pis nəticə o olar ki, Səudiyyə Ərəbistanı və ya BƏƏ-nin daha dərin, xüsusilə hücum xarakterli müdaxiləsi İran və proksilərinin hücumlarını alovlandırsın. "Bu hücumlar enerji obyektlərinə ziyan vurur, Hörmüz boğazında gəmiçiliyi pozur, investisiyaları azaldır, onları uzun və bahalı regional müharibəyə sürükləyir", – təhlilçi vurğulayır.