Bir qrup konqresmen Vaşinqtondakı insidentin araşdırılmasını istəyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Vaşinqtonda prezident Əliyevə etiraz: 'Cangüdənləri paltarımı cırdı'

Bir qrup ABŞ konqresmeni dövlət katibi Marko Rubioya məktub yazaraq Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevin mühafizəçiləri ilə etirazçılar arasındakı insidentin araşdırılmasını istəyir.

Konqresmenlər fevralın 19-da Əliyevin mühafizə xidməti üzvlərinin dinc etirazçılara qarşı zorakılığından ciddi narahatlıq bildirir. Məktubda deyilir ki, bu hadisə ABŞ hökumətinin ən yüksəkvəzifəli rəsmilərinin yaxınlığında törədilmiş "transmilli repressiya aktı" kimi görünür.

Həmin gün bir neçə gənc Vaşinqtonun mərkəzindəki "Waldorf Astoria" otelinin qarşısında Azərbaycanda 400-ə yaxın siyasi məhbusa azadlıq tələb ediblər. Videolardan görünən odur ki, prezident Əliyevin mühafizəçiləri buna aşırı güc tətbiqi ilə cavab verib, etirazçıları döyüb, təpikləyib və qovublar.

"Bu hücumları ABŞ-də hər bir insanın dinc toplaşmaq və söz azadlığından istifadə hüququna birbaşa təhqir kimi qınayırıq… Prezident Əliyevin mühafizəçilərinin hücumları onun rejiminin uzun illərdir Azərbaycan daxilində müxaliflərə qarşı əl atdığı qəddar və repressiv üsulların nümunəsidir", – məktubda vurğulanır.

Konqresmenlər Dövlət Departamentdən xahiş edirlər ki, hadisənin hərtərəfli araşdırılmasını nəzarətə götürsün, insident barədə Konqresə tam hesabat versin, zorakılığa görə məsul şəxslərin məsuliyyətə cəlbini təmin etsin.

"Administrasiya prezident Əliyevin mühafizəçilərinin hərəkətlərini həm ictimai, həm də rəsmi diplomatik kanallar vasitəsilə mümkün qədər sərt şəkildə qınamalıdır. Bundan əlavə, Azərbaycanda bütün siyasi məhbuslara azadlıq çağırışlarını davam etdirməli, etirazçılara, onların ailələrinə qarşı ABŞ-də və ya Azərbaycanda heç bir qisas tədbirinin görülməməsini təmin etməlidir", – məktubda vurğulanır.

Məktuba konqresmenlər Ceyms Makqovern, Tim Keyn və digərləri imza atıblar.

ABŞ-də Donald Tramp administrasiyası hakimiyyətə gələndən Azərbaycana insan haqları, demokratiyanın durumu ilə bağlı açıq çağırış səslənməyib. Ötən ay vitse-prezident Cey Di Vensin Bakıya səfəri zamanı da bu məsələlərin qaldırılıb-qaldırılmadığı bəlli deyil.

26 fevral

Konqresmenlər Vaşinqtonda azərbaycanlı etirazçılarla bağlı insidentin araşdırılmasına çağırır

İki ABŞ konqresmeni ötən həftə Vaşinqtonda azərbaycanlı etirazçıların döyülməsinin araşdırılmasına çağırır. Konqresdə Azərbaycan üzrə Kokusun həmsədrləri, konqresmenlər Stiv Koen (Tennessi) və Robert Aderholt (Alabama) fevralın 25-də bu haqda bəyanat yayıblar.

Fevralın 19-da Azərbaycan prezidenti İlham Əliyevin Sülh Şurasında iştirak üçün Vaşinqtona səfəri zamanı bir qrup azərbaycanlı mühacir "Waldorf Astoria" otelinin qarşısında şüarlar səsləndirərkən hücuma məruz qalıblar. Konqresmenlər Azərbaycan təhlükəsizlik əməkdaşlarının etirazçılara hücum etməsinə dair məlumatlar və videoların onları ciddi narahat etdiyini bildirirlər.

"ABŞ Konstitusiyası dinc etiraz hüququnu qoruyur, bir şərtlə ki, bu, normal fəaliyyətə mane olmasın. Sözügedən insident zamanı belə bir halın baş verdiyi görünmür. ABŞ-nin qonağı olan Azərbaycan rəsmilərindən Amerikanın söz azadlığı və sərbəst toplaşmaq hüququ kimi demokratik prinsiplərinə hörmət gözləyirik. İnsidentin tam araşdırılmasına, Azərbaycan rəsmilərini gələcəkdə oxşar hərəkətlərdən çəkinməyə çağırırıq", – bəyanatda vurğulanır.

'The Washington Post' azərbaycanlı etirazçıların döyülməsindən yazır

"The Washington Post" qəzeti yazır ki, "Uber" sürücüsü işləyən 27 yaşlı Rəhim Yaqublu prezident Əliyevin cangüdənlərinin onu döydüyünü, çənəsindən, qarnından vurduğunu deyib. Digər etirazçı, 35 yaşlı Adil Əmrahlı isə cangüdənlərdən qaçarkən ayağından xəsarət alıb. Qəzet, Yaqublu daxil, azı dörd nəfərin xəsarət aldığını yazır.

Vaşinqton polisinin sözçüsü Tom Linçin dediyinə görə, departamentin xüsusi əməliyyatlar bölməsinin, ABŞ Gizli Xidmətinin üzvləri Azərbaycan təhlükəsizlik əməkdaşlarının cəlb olunduğu insident vaxtı hadisə yerində olublar. O, polisin insidentə müdaxilə edib-etmədiyi, sözügedən cangüdənlərin fevralın 19-da gecə ABŞ-də qalıb-qalmadığı barədə bir söz deməyib. Sözlərinə görə, məsələ ilə Dövlət Departamenti məşğul olur.

Gizli Xidmətin rolu dövlət başçıları üçün "təhlükəsizlik infrastrukturu qurmaq və qoruyucu əməliyyatları təmin etmək olub", - bunu isə Gizli Xidmətin sözçüsü Entoni Qulyelmi söyləyib. O, otelin təhlükəsizlik parametrinə daxil olduğunu, orada Azərbaycan nümayəndə heyətinin qaldığını əlavə edib.

Qəzet Dövlət Departamentindən əlavə şərh, Azərbaycanın Vaşinqtondakı səfirliyindən ittihamlara cavab ala bilmədiyini yazır.

Polis yaxınlıqda olsa da, müdaxilə etməyib

Qəzet 2017-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin Vaşinqtonda Türkiyə səfirinin iqamətgahı qarşısında etirazçılarla zorakı toqquşmasını yada salır. O zaman biri polis əməkdaşı olmaqla 11 nəfər xəsarət almışdı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava

R.Yaqublu qəzetə deyib ki, insident zamanı polis yaxınlıqda olsa da, müdaxilə etməyib. Bir neçə dəqiqə sonra cangüdənlər gediblər, etirazçılar ambulans çağırıblar. Həkimlər xəsarətlərə baxıblar, amma heç kəs xəstəxanaya aparılmayıb. "Bu yalnız onun diktator olduğunu, ölkəmizdə azad söz olmadığını göstərir", – Yaqublu prezident Əliyev barədə deyib.

A.Əmrahlının sözlərinə görə, etirazçılar otelin ön girişindən digər girişə doğru qaçıblar ki, Əliyevin heç kəs görmədən çıxıb getməsinə mane olsunlar. "Niyyətimiz Azərbaycanda siyasi məhbuslara azadlıq tələbi ilə dinc aksiya keçirmək idi", – Əmrahlı vurğulayıb.

Vaşinqton Baş Prokurorluğu azərbaycanlı mühacirlərlə bağlı insidenti araşdırdığını bildirir

Vaşinqton DC Baş Prokurorluğu "Waldorf Astoria" otelinin qarşısında azərbaycanlı mühacirlərlə bağlı insidenti araşdırır. Bu haqda AzadlıqRadiosunun Vaşinqton müxbiri xəbər verir.

Fevralın 19-da sosial mediada ABŞ-də yaşayan və Azərbaycan hökumətinin tənqidçilərindən olan mühacirlərin etiraz aksiyasından görüntülər yayılıb. Onlar Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda qaldığı deyilən otelin önündə "siyasi məhbuslara azadlıq", "Tofiq Yaqubluya" azadlıq şüarları səsləndiriblər.

İ.Əliyev fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak üçün ABŞ-də səfərdə olub.

Yayılan videoda aksiya iştirakçıları prezidentin mühafizə xidmətinin əməkdaşlarının etirazçılara zor tətbiq etdiyini bildirir.

Hökumətə yaxın media mühacirlərin təxribat yaratdığını, zorla hotelə girmək istədiyini yazıb, etirazçılar isə bu iddiaları qəbul etmirlər.

Azərbaycan prezidentinin sərt tənqidçilərindən olan, hazırda dələduzluq ittihamı ilə 9 il həbs cəzası çəkən T.Yaqublunun ABŞ-də yaşayan oğlu Rəhim Yaqublu deyir ki, yeddi-səkkiz mühacir dinc aksiya üçün toplaşıb: "Bizim məqsədimiz İlham Əliyevin qaldığı otelin qarşısında – "Waldorf Astoria" otelinin qarşısında sadəcə dinc etiraz aksiyası, "siyasi məhbuslara azadlıq" aksiyası, şərlənən jurnalistlər, hüquq müdafiəçiləri, AXCP sədri Əli Kərimli, Tofiq Yaqublu başda olmaqla, bütün siyasi məhbuslara azadlıq tələb etmək idi. Burada təxribat və s. ola bilməz. İlham Əliyevə onsuz da ölkədə etiraz etmək mümkün deyil, Azərbaycanda 2019-cu ildən sərbəst toplaşmaq azadlığı qadağan olunub. Biz də məcbur xaricdə öz fikirlərimizi, şüarlarımızı səsləndirmək istədik. Təəssüf ki, Azərbaycan hakimiyyətinin, Əliyevin cangüdənləri buna sərt reaksiya verdilər. Bizimlə əlbəyaxa oldular, vurdular. Mənim paltarımı cırdılar, yumruq-təpik vurdular".

Azərbaycan hakimiyyəti ölkədə heç kimin tənqidi fəaliyyətinə görə həbs edilmədiyini, sərbəst toplaşmaq və digər hüquqların pozulmadığını deyir.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda 340 siyasi məhbusun olduğunu bildirir. Tənqidçilər ölkədə bir çox hüquq və azadlıqların məhdudlaşdırıldığını söyləyir.

ABŞ-də Azərbaycan səfirliyi

Səfirlik: Etirazçılar prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər

Azərbaycanın Birləşmiş Ştatlardakı (ABŞ) səfirliyi bildirir ki, fevralın 19-da prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində "Waldorf Astoria" mehmanxanasının qarşısında "təxribatçı hərəkətlər" törədib.

Səfirliyin bəyanatına görə, prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər: "Bu qrup həmçinin Azərbaycan rəhbərliyinə qarşı nalayiq ifadələr işlədib. Dövlət başçısının mühafizə olunan nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb".

Bəyanatda hesab edilir ki, təhlükəsizlik tədbirləri standart əməliyyat prosedurlarına uyğun olaraq, yalnız təhlükəsizlik və mühafizənin təmin olunmasına yönəlib.