Keçid linkləri

2026, 12 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:52

HRW: Azərbaycan mühacirətdə olan fəallara təzyiqləri genişləndirir

Xaricdəki 7 bloqer haqqında həbs qərarı: 'Onlarda psixoloji gərginlik yaratmaq istəyirlər'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Xaricdəki 7 bloqer haqqında həbs qərarı: 'Onlarda psixoloji gərginlik yaratmaq istəyirlər' (Arxiv. 2025)

Azərbaycanda məhkəmələr xaricdə yaşayan jurnalistlərə, bloqerlərə, hökumətin digər tənqidçilərinə siyasi motivli qiyabi hökmlər çıxarmağa davam edir, hakimiyyətin transmilli repressiya kampaniyasını genişləndirir. Bunu "Human Rights Watch" insan haqları təşkilatının Avropa və Orta Asiya bölməsinin direktor müavini Giorgi Qogiya yazır.

Qurum təmsilçisi yanvarda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökumətin ABŞ-də yaşayan bir sıra tənqidçiləri barədə çıxardığı hökmləri qeyd edir. Jurnalist Sevinc Osmanqızı, videobloqer Vaqif Allahverdiyev, bloqer Murad Quliyev barədə hökmlər çıxarılıb.

G.Qogiya bu halların "Human Rights Watch"un sənədləşdirdiyi daha geniş təzyiq dalğasını əks etdirdiyini vurğulayır. Ötən il mühacirətdə olan tənqidçilər Qənimət Zahid barədə hökm çıxarılıb, tarixçi Altay Göyüşov, politoloq Ərəstun Oruclu barədə cinayət işləri açılıb.

Qurum təmsilçisi Azərbaycan hakimiyyətinin sərhədlərindən kənarda "aşkar adam oğurluğu" ilə də məşğul olduğunu vurğulayır. Ötən il talış tarixçi Zahirəddin İbrahimov Rusiyada, etnik milli fəal, Rusiya vətəndaşı Kamal İsayev Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

"Bu hallar xaricdə Azərbaycanın tənqidçilərinə transmilli repressiyanın genişləndiyini göstərir, diaspor icmalarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır", – G.Qogiya yazır. O, Azərbaycan hakimiyyətini mühacirətdə olan tənqidçilərə qarşı bütün siyasi motivli ittihamları dərhal ləğv etməyə çağırır.

Azərbaycan hakimiyyəti siyasi motivli təqiblərlə bağlı iddiaları rədd edir, adıçəkilən şəxsləri konkret cinayətlərdə ittiham edir. Amma insan haqları müdafiəçiləri hazırda ölkədə 340 siyasi məhbusun olduğunu deyirlər.

XS
SM
MD
LG