Keçid linkləri

2026, 08 Aprel, çərşənbə, Bakı vaxtı 17:03

Qəzza üçün 7 milyard dollar yığılıb. Əliyevin köməkçisi məsələyə aydınlıq gətirir

Azərbaycan Sülh Şurasından nə qazanacaq?
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Azərbaycan Sülh Şurasından nə qazanacaq?

"Sülh Şurasının bugünkü iclasında Qəzzaya dair səsləndirilən 7 milyard ABŞ dolları məbləğində maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur". Bunu Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

Amma o vurğulayıb ki, gələcəkdə Azərbaycan Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirakı nəzərdən keçirə bilər. "Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir", - Hacıyev yazır.

Qəzza üçün 7 milyard dollar yığılıb

ABŞ prezidenti Donald Tramp fevralın 19-da Sülh Şurasının iclasında Qəzza üçün 7 milyard dollar yığıldığını elan edib. O, Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu məbləğə töhfə verən ölkələr sırasında olduğunu deyib.

"Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə toplam 7 milyard dollardan çox vəsait ödəyiblər", – Tramp Vaşinqtonda Şuranın ilk iclasında bildirib.

BMT də humanitar yardım ayıracaq

Qəzzanın bərpası fondunun məqsədi HƏMAS qruplaşması tərksilah olunandan sonra anklavın yenidən qurulmasıdır. ABŞ və Aİ qruplaşmanı terrorçu kimi tanıyır.

D.Tramp Birləşmiş Ştatların Sülh Şurasına 10 milyard dollar ayıracağını deyib. Onun sözlərinə görə, 7 milyard Qəzzanın bərpası üçün ilkin ödəniş kimi yığılıb.

ABŞ prezidenti deyir ki, FIFA Qəzzada futbolla bağlı layihələrə 75 milyon, BMT isə humanitar yardım üçün 2 milyard dollar ayıracaq.

HƏMAS silahı yerə qoyacaqmı

Tramp HƏMAS-ın tərksilahı üçün gücdən istifadənin lazım olmayacağına ümidini bildirib. Dediyinə görə, HƏMAS silahı yerə qoymaq vədi verib: "Görünür, bunu edəcəklər, amma biləcəyik".

İsrailin baş naziri Benyamin Netanyahu isə İsraildə deyib ki, HƏMAS istənilən halda tərksilah olacaq. "Tezliklə HƏMAS dilemma qarşısında qalacaq – ya dinc yolla silahı yerə qoyacaq, ya da zorla tərksilah olacaq", – o söyləyib.

Atəşkəsə beynəlxalq qüvvə nəzarət etməli, "İsrailin işğalı davam etdirməsinin qarşısını almalıdır". Bunu isə HƏMAS-ın sözçüsü Hazim Qasım Qəzzada deyib, tərksilahı müzakirə etməyin mümkün olduğunu sözlərinə əlavə edib.

Rubio: Qəzza üçün B planı yoxdur

Qəzza üçün prezident Donald Trampın Sülh Şurası təşəbbüsündən savayı B planı yoxdur. Bunu ABŞ-nin dövlət katibi Marko Rubio fevralın 19-da qurumun ilk iclasında deyib.

"Bunu nizama salmalıyıq. Qəzza üçün B planı yoxdur. B planı müharibəyə qayıtmaqdır. Burada heç kim bunu istəmir", – Rubio vurğulayıb.

18 fevral

Əliyev Vaşinqtondadır

Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Birləşmiş Ştatlara səfər edib. O, Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün ABŞ prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə gedib.

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo

Vatikan Trampın Sülh Şurasına qatılmır

Vatikan ABŞ prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsünə qatılmayacaq. Bunu Vatikanın baş diplomatik rəsmisi kardinal Pyetro Parolin fevralın 18-də bildirib. Kardinal deyib ki, böhran vəziyyətlərini BMT idarə etməlidir.

ABŞ-dən ilk papa olan Papa Leo Trampın bəzi siyasətlərini tənqid edir. O, yanvarda Şuraya dəvət olunub.

Tramp oktyabrda Qəzzada atəşkəsə nail olub. Onun planına əsasən, Şura Qəzzanı müvəqqəti idarə etməli idi. Tramp sonradan bildirib ki, şura onun sədrliyi ilə fəaliyyət göstərəcək və qlobal münaqişələrin həllindən ötrü genişləndiriləcək. Qurum sabah – fevralın 19-da Vaşinqtonda ilk iclasını keçirəcək, Qəzzanın yenidən qurulmasını müzakirə edəcək.

İtaliya və Avropa İttifaqı təmsilçiləri Şuraya qoşulmayıblar, müşahidəçi kimi iştirak edəcəklərini bildiriblər.

"Böhran vəziyyətlərini BMT idarə etməlidir"

Parolin deyib ki, Müqəddəs Taxt-Tac "öz təbiətinə görə açıq şəkildə digər dövlətlər kimi olmadığı üçün Sülh Şurasında iştirak etməyəcək".

"Beynəlxalq səviyyədə bu böhran vəziyyətlərini ilk növbədə BMT idarə etməlidir, biz bu məsələdə israrlıyıq", – o vurğulayıb.

Bəzi ölkələr Trampın dəvətinə ehtiyatla yanaşıblar. Ekspertlərin fikrincə, Şura BMT-nin rolunu zəiflədə bilər. Vaşinqtonun Yaxın Şərqdəki bəzi müttəfiqləri Şuraya qoşulsalar da, Qərb müttəfiqləri hələlik kənarda qalıblar.

Azərbaycan da Sülh Şurasında təmsil olunmağa razılıq verib.

Oktyabrdan bəri Qəzzada atəşkəs dəfələrlə pozulub, yüzlərlə fələstinlinin, dörd israilli əsgərin həlak olduğu bildirilir.

2023-cü il oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS silahlı qruplaşması İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250-dən çox girov götürüb. İsrail bundan sonra Qəzzaya zərbələr endirməyə başlayıb. Bu hücumlar nəticəsində azı 70 min insanın öldürüldüyü bildirilir.

XS
SM
MD
LG