Ali Məhkəmə Trampın fərmanını ləğv etdi: Uşaqların vətəndaşlığı qorundu

ABŞ Ali Məhkəməsi

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın ölkədə doğulanlara avtomatik vətəndaşlıq verilməsi ənənəsini məhdudlaşdırmaq təşəbbüsünü rədd edib. 3-ə qarşı 6 səslə qəbul olunan qərarda bildirilir: "Birləşmiş Ştatlarda doğulan və ya naturalizasiya prosedurundan keçərək ölkə yurisdiksiyasına daxil olan hər bir şəxs həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşıdır".

Ağ ev rəhbəri ABŞ-də müvəqqəti qalan və ya qanuni icazəsi olmayan şəxslərin övladlarına doğulduğu yerə görə vətəndaşlıq verilməsi təcrübəsini ləğv etməyə çalışırdı. Bu, respublikaçı prezidentin immiqrasiya siyasətini sərtləşdirmək planının əsas prioritetlərindən biri idi. Ötən il yenidən prezident seçilən Tramp vəzifəsinin elə ilk günündə bununla bağlı fərman imzalamışdı.

Ali Məhkəmədə mühafizəkarlar çoxluqdadır və bura Trampın təyin etdiyi üç hakim də daxildir. İyunun 30-da elan olunan qərarın mətnini hazırlayan məhkəmə sədri, mühafizəkar Con Roberts vurğulayıb ki, Trampın fərmanı ABŞ Konstitusiyasına edilən 14-cü düzəlişə ziddir. Bu düzəliş (bəzi müstəsna hallar çıxılmaqla) ABŞ ərazisində doğulan hər kəsə vətəndaşlıq zəmanəti verir.

Ali Məhkəmə həmçinin seçki kampaniyalarının maliyyələşdirilməsində bəzi məhdudiyyətləri ləğv edib, transgender qadınların məktəb idman yarışlarında iştirakına qoyulan qadağanı isə qüvvədə saxlayıb. Məhkəmə bununla bağlı Aydaho və Qərbi Virciniya ştatlarından olan tələbələrin iddialarına baxıb. Aydaho 2020-ci ildə bu qadağanı tətbiq etdikdən sonra 20-dən çox ştat analoji addım atıb.

Tramp Ali Məhkəmənin vətəndaşlıq hüququ ilə bağlı qərarını ölkə üçün "təəssüf doğurucu" adlandırıb. "Amma biz bunu Konqresdə prezidentin dəstəyi ilə müvafiq qanun qəbul etməklə asanlıqla düzəldə bilərik", - o, "Truth Social" hesabında yazıb.

Bununla belə, Tramp məhkəmənin digər iki qərarını alqışlayıb. Ağ ev rəhbəri transgenderlərlə bağlı qərara münasibətini bu sözlərlə ifadə edib: "ABŞ Ali Məhkəməsi yenicə kişilərin qadın idmanında iştirakına qarşı qərar çıxardı. Bu gülünc vəziyyət nəhayət ki, gündəmdən silinir!!!".

Siyasi xərclərə qoyulan məhdudiyyətlərin ləğvini isə o, "respublikaçılar üçün böyük qələbə" kimi dəyərləndirib.