Gələn il nəyi izləməli

Honq Konqda jurnalist çinli fəal Wu Gan-ın fotosu olan plakata diktofon uzadır, 27 dekabr, 2017-ci il

“Reuters” informasiya agentliyi 2018-ci ildə hansı proseslərin izlənməli olması haqda şərh dərc edib.

1. Mueller-in Rusiya istintaqı Trump-ın prezidentliyinə son qoyacaqmı?

Müəllif Peter Apps yazır ki, gələn il ABŞ prezidenti Donald Trump-ın özündən sonra hansı irsi qoyacağı aydın olacaq. Əvvəla, xüsusi prokuror Robert Mueller-in Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə dair araşdırmasının nə dərəcədə məntiqi olması aydınlaşacaq. Əgər yüksək profilli şəxslərin həbsləri davam eləsə, bu, müstəntiqlərin faydalı informasiya əldə etdiyini göstərir. Hələlik, məsələylə bağlı faktdan çox şayiə var. Prokuror Trump-ın özünə gedib çıxa bilməsə, prezidentin Rusiya problemləri səngiyə bilər. Əks halda, durum kəskin dəyişər. “ABŞ-da siyasi ekspertlər bir məsələdə yekdil düşünürlər ki, gələn il respublikaçılar Trump-ı impiçment etməyəcək. Amma noyabr seçkisində demokratlar respublikaçıların qeyri-populyarlığından yararlanaraq, Senat, yaxud Nümayəndələr Palatasına nəzarəti ələ ala bilsələr, durum dəyişə bilər”, – müəllif yazır.

*** Buna da bax: Trump Mueller-i işdən çıxarmağı düşünmür

2. Trump, yaxud Şimali Koreya hədə-qorxu dilindən kənara çıxa, hərbi addıma əl ata bilərmi?

Məqalədə Şimali Koreya ətrafında baş verənlərin mümkün trayektoriyasını proqnozlaşdırmağın asan olduğu vurğulanır. Görünən odur ki, Kim Jong Un getdikcə daha güclü bomba və raketləri sınaqdan keçirəcək. Pxenyanın ABŞ-ı vurmaq qabiliyyəti gücləndiksə, Vaşinqton da aqressivləşəcək, amma fəlakətli qarşıdurmayla sonuclana biləcək istənilən hücumla bağlı könülsüz davranacaq. Ən aydın olan odur ki, Trump Pentaqondan gələn xəbərdarlıq mesajlarını gözardı edəcək, Kim rejimini və silah proqramını hərbi yolla zərərsizləşdirməyə çalışmayacaq.

*** Buna da bax: Lavrov deyir ki, Pxenyan məsələsində Tillersonla ‘eyni rəydədir’, amma…

Şimali Koreya lideri Kim Jong Un (ortada)

3. Avropanın çoxsaylı böhranları həlledici məqama çatacaqmı?

Müəllif bu il Avropadan ötrü təlatümlü keçdiyini yazır. Ötən il Brexit səsverməsində Böyük Britaniyanın Avropa Birliyindən çıxması dəstəkləndi, bu il Fransa və Niderlandda ifrat sağçıların seçkidə önə çıxması önləndi. Almaniyada kansler Angela Merkel-ə dəstəyin azaldığı üzə çıxdı. İspaniyada Kataloniya müstəqillik mücadiləsini gücləndirdi.

Amma bu problemlərin heç birinin arxada qaldığını söyləmək mümkün deyil. Brexit danışıqları davam edir. İfrat sağçılar da asanlıqla geri çəkilən deyillər. Belçika, Çexiya, Hollandiya, Finlandiya, Macarıstan, İrlandiya, İtaliya və İsveçdə gözlənən seçkilərdə populistlərin nüfuzunu necə irəliləməsi diqqətlə izlənəcək.

*** Buna da bax: Kataloniyanın separatçı liderini nə gözləyir

4. Amerikanın Yaxın Şərqdə nüfuzu azaldıqca yeni münaqişələr püskürə bilərmi?

Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından sonra, 2018-ci ildə Amerika bu regionda hadisələrin mərkəzində daha az görünə bilər. ABŞ qüvvələri İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının tör-töküntüsünü təmizləməkdə davam edəcək. Amma Vaşinqtonun getdikcə regiondakı ağırçəkililər – Səudiyyə Ərəbistanı və İranın kölgəsində qalacağı qeyd olunur.

Tehran bu il İraqda və Suriyada təsirini gücləndirib və sünni Səudiyyə Ərəbistanının və onun Körfəz müttəfiqlərinin şiə rəqibinə qarşı daha da fəallaşacağı proqnozlaşdırılır. Yəməndə münaqişənin davam edəcəyi gözlənir.

*** Buna da bax: Kürd lideri Soçiyə dəvət olunduqlarını deyir

Bəzi təhlilçilərsə inanırlar ki, Ər-Riyad sakitcə İsraili Livanda İranın dəstəklədiyi Hezbollah qruplaşmasına qarşı müharibə barədə düşünməyə həvəsləndirir.

Gələn il izlənəsi daha bir məqam kürdlərin Türkiyə, Suriya və İraqda daha böyük nüfuz qazanmağı çalışmasıdır. Sentyabrda kürdlərin müstəqillik referendumundan sonra əsəblər xeyli tarıma çəkildi.

5. Rusiya və Çində hakimiyyətə meydan oxuyanlar güclənəcəkmi?

Müəllif bu ilin Moskva və Pekindəki dövlət başçıları üçün pis keçmədiyini yazır. Çin prezidenti Xi Jinping-in, onun rusiyalı həmkarı Vladimir Putin-in işləri bundan yaxşı gedə bilməzdi.

*** Buna da bax: 'Ulduzlar cəbhəsi' Putinin prezidentliyə namizədliyini rəsmən irəli sürüb

Amma Rusiyada bu il hökumətə, korrupsiyaya qarşı etirazlar diqqət çəkdi. Putin gələn il bunların davamını, onun qalib gələcəyi proqnozlaşdırılan prezident seçkisinə problem yaratmasını istəməz.

Çində Xi hakimiyyətini qoruyub saxlasa da, özəlliklə, Honq Konqda narazılığın artmasının əlamətləri görünür.