Müşfiqin büstünə görə, iş icraçısı cəzalandırıldı

Müşfiqin büstü burada yerləşirdi.

8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraçısı Ramiz Rəhimov işdən çıxarılıb.

Bu barədə APA-ya “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

O qeyd edib ki, Mikayıl Müşfiqin büstü götürülərkən Ramiz Rəhimov bu barədə “Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat verməyib.

Buna da bax:​ İlham Əliyev Müşfiqin abidəsinin sökülməsindən narahat olub

A. Nəcəflinin sözlərinə görə, həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər: “Bu səbəbdən MMC-nin direktoru Əliheybət Şirinova xəbərdarlıq edilib. MMC-nin baş mühəndisi Yuris Hüseynova da töhmət verilib”.

“Azəravtoyol” ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyir.

Bir qədər öncə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirmişdi ki, dövlət başçısı büstün götürülməsinə görə, məsuliyyət daşıyanların cəzalandırılması barədə göstəriş verib.

Buna da bax: Nazir: 'Müşfiqin abidəsi bərpa olunacaq'

Xatırlatma

Bir gün əvvəl, fevralın 27-si Bakının Yasamal rayonunda Mikayıl Müşfiq adına parkda onun büstü götürülmüşdü.

“Azəravtoyolservis” ASC-nin mətbuat xidməti büstün yenidənqurma işləri səbəbindən müvəqqəti götürüldüyünü açıqlamışdı.

“Sovetskidə yenidənqurma və genişləndirmə işləri ilə əlaqədar büst götürülüb. Təmir və yenidənqurma işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq”, - mətbuat xidməti fevralın 27-də açıqlama vermişdi.

Buna da bax:​ Mikayıl Müşfiqin büstü götürülüb

Azərbaycanın tanınmış şairlərindən olan Mikayıl Müşfiq 1937-ci ildə repressiyaya məruz qalıb. 1938-ci ilin yanvarında, hələ 30 yaşı tamam olmamış güllələnib.

1970-cı ildə qoyulmuş büstün müəllifi Azərbaycanın yeganə qadın heykəltəraşı Münəvvər Rzayevadır.