Sevinc Elsevər
Yeni şeirlər
Şən kloun
qəlbi hələ də
böyük səhnələr üçün atan
şən klounun maskası altında
qəmli üzü var
bilmir uşaqlar
restoranda uşaqlı ailələrin
masalarına yaxınlaşıb
uşaqları güldürüb-danışdırdığına görə
aldığı pulu
utana-utana götürür valideynlərdən
bəzi valideynlər
pulu ovuclarında gizlədərək verirlər
gizli-gizli
.
sevinir onda
anlayışlı adamlara rast gəldiyinə görə...
bəzi valideynlərsə
uşaqların gözü baxa-baxa
pul verirlər
onda sirri-sehri qalmır klounun
heç düşünmürlər...
könülsüz götürür pulu
uşaqların gözü önündə
götürməz məcbur olmasa
evində çörəyi bol olsa
halbuki uşaqları sevindirməyin
əvəzsiz bir iş
olduğunu bilir o.
.
ölümə də gedərdi
bilsə ki güləcək dünyadakı bütün uşaqlar
onun da evində bir gözəl uşaq var...
.
uşaqlar üçün
sehrli bir ölkədən gələn adamdı o
ağıllarına da gətirməzlər
işə gedir hər səhər
işdən qayıdır hər axşam
o da başqa adamlar kimi
.
onun da qabağına
qaçır bir balaca sevinə-gülə...
və
o sehrli şən adam
evinə qayıdır qəmli üzüylə
işlədiyi restoranda
çıxarıb qoyaraq
gülər üzünü...
.
Buna da bax: Qanad açmış avtobus, uçur buludlar arasında
***
şaxtalı havada
köhnə jiqulinin
açıq baqajında
üşüyən dibçək gülləri
daha da üşütdü məni...
yaşlı kişiylə
yaşlı bir qadın satırdı o çiçəkləri...
maşının içində otura bilərdi
kişi kimi
amma güllərin yanında
dayanmışdı qadın
onları soyuqdan qorumaq istərcəsinə
arabir alıcı çağırırdı sakitcə
dodaqları əsə-əsə
.
qar yağırdı
yaşıl yarpaqların üzərinə
rəngini dəyişirdi
qadının əllərindən doğulan
əllərində böyüyən çiçəklər
otaq gülləridi onlar
istini sevirlər
pəncərədən boylanmağı sevirlər
ən xırdasını
soyuğa qarşı ən zəif çiçəyi seçdim
içlərindən
sevindi yaşlı qarı
çiçəyin qurtulmağına...
qızların çiçəyə-gülə marağının
azlığından şikayətləndi dilucu
yoxsa
nə həyatından gileyi vardı
nə də havadakı şaxtadan...
.
Buna da bax: Sənə şer yazıramsa bu sevmək yox, darıxmaqdı...
***
O yerdə
bəziləri danışmaq haqqı istəyirdi
bəziləri sadəcə susmaq haqqı...
danışmaq gümüş
susmaq qızıl deyildi köhnə zamanlardakı kimi
indi əksinə danışmaq qızıl xırdalamaq idi...
susmaqsa gümüş idi
danışa bilməyənlər gümüşlə kifayətlənirdi
qızılı olanlar yuxarıdan aşağı baxırdılar
gümüşü olanlara
həmişəki kimi
***
beş-altı kartofu qalmışdı əlində
axşam yeməyi hazırlamağa
qızartdığı kartofların
harda yanığı var
onu çəkir öz boşqabına
suçluluq duyğusuyla qadın...
***
dənizin içində
qəfil insan meyidiylə rastlaşan balıqlar
diksinib hərəsi bir yana dağılışdılar
bir zamanlar insan oğlunun qırmağına düşən
onunla cəngləşən
qırmaqdan qurtulub qaçan qoca bir balıqdan başqa
heç biri bilmirdi
qurudan gələn bu məxluqun
kim olduğunu
dənizdə nə işi olduğunu...
hər tərəfdən balıqların
arayaaldığı balıqçını
balıqlar dəfn eləyirdi ...
.
90-cı illərin uşağı
artıq nə incitmirdi
nə də utandırmırdı onu
bir zamanlardakı kimi
keçmişindəki yoxsul günlərdən söhbət açmaq
halbuki indi
yoxsulluğu çoxdan geridə buraxdığını göstərmək
təlaşı vardı içində
yoxsulluq keçmişdə qalıbsa
çabalayıb çıxa bilmisənsə içindən
utanılacaq bir şey deyildi
əsl utanc verən
hələ də çabalamağı
çıxmağı heç cür bacarmamağıydı
o, 90-cı illərin uşağıydı
.
tək təsəllisi
onun kimi yoxsulluqla vuruşanların çoxluğuydu
elnən gəlirdi bəlalar
onun yaşadığı ölkədə
aclıq, müharibə, yoxsulluq, qrip də
hətta maşın qəzaları da zəncirvari baş verirdi
küçələrdə
hələ də 90-cı illərin uşaqları kimi doğulurdu uşaqlar
onun öz uşaqları da
90-cı illərin uşaqlarıydı...
.
Buna da bax: Burda tumsatan Sayalı oturardı
.
Kassir qadın
yanımdakı oğlumu sevələyir
marketdə kassir işləyən
hamilə qadın
qızım tərəfə heç baxmır
gülümsədir məni ürəyimdə
qadının oğlu olacaq deyə düşünürəm
iki daş arasında istəyirəm deyəm qadına
nə çox oturmaq
nə çox ayaq üstə qalmaq
yaramaz ona
analıq məzuniyyətinə çıxmaq vaxtıdı çoxdan
amma çəkinirəm deməyə
qorxuram qadını utandıram
analıq məzuniyyətinə göndərmir onu
marketin müdiriyyəti
axı bu kapitalistlərin nə vecinədi
işini itirmək qorxusu var qadının kim bilir
hətta təəccüb edirəm
nə əcəb hamilədi deyə
çıxarmayıblar onu işdən
“ağır ayaqsan, işi çatdıra bilməzsən” deməyiblər
bəlkə işdən çıxarmaq istəyiblər
amma doğuş parasını düzəldənə qədər
işləmək izni almış qadın
fikirlər içində ayrılıram qadından
şişkin barmaqlarından
toppuş üzündən çəkə bilmirəm gözümü
yəqin ki, indi ayaqları da bu gündədi
şişmiş və ayaqqabıların içinə sığmırlar az qala
qadınsa oğluma baxır hələ də
gülümsəyir
çəkdiyi əziyyətlər vecinə də deyil
o gənc qadın bəlkə də bilmir özü
ana olmuşdur çoxdan
nə olsun ki
həsrətlə gözləyir hələ balasının yolunu
nə olsun ki
almamışdır hələ bir dəfə
qucağına onu...
.
Buna da bax: Yaxşı şeir yazmaq istəyirsən? - Amerika şairlərinin məsləhətlərinə qulaq as
.
Uşağını atan analar
uşağını atan analar
ərini atan qadınlar
qardaşını atan bacılar
atasının sözündən çıxan qızlar
daha çox ittiham olunur
mənim ölkəmdə
uşağını atan atalardan
qadınını atan kişilərdən
bacısını atan qardaşlardan
anasını yox sayan oğullardan daha çox...
anasının sözündən çıxmayan oğullara
“mama uşaqları” adını verərlər
onları ələ salaraq
atasının “başını aşağı eləməyən” qızlara
“kişi qızıdı” deyərlər ucaldaraq
on il əvvəl
onu tərk edən
sevgisini yarımçıq qoyan kişiyə görə
hamıdan xəbərsiz kirayələdiyi mənzildə
təkbaşına
köməksiz
gizlincə doğduğu uşağı
zibil yeşiyinə atmağa məcbur qalan qadın
sən indi vicdan əzabından qovrulursan
sevdiyin o kişi isə
nə səni, nə körpəni xatırlamır
son ana qədər ümid eləmişdin sənsə
onun səni və körpəni
bağrına basacağına
ölümün qucağına verdiyin körpənin sağ olduğunu
öyrəndin bir gün sonra
televiziyaların birinin xəbər proqramından
sonra öyrənmişdin
hansı uşaqdı
hansı uşaq evindədi...
dəfələrlə gedib baş çəkmişdin ona
anası olduğunu bildirmədən
bir dəfə də “adam ağladan” verilişlərin birində
danışdırmışdılar qızını
“ana təkcə uşağını dünyaya gətirən deyil
həm də onu böyüdəndir”-demişdi qızın
qızının ağzından çıxan cümlə
ox kimi dəymişdi
sinənin sol küncünə...
sən onda işlədiyin
ucuz kafenin yeni gələn qonağının masasına
oturmuşdun təzəcə
qızın da özün kimi gözəldi
o saçları, o gözəl gözləri
sən vermişdin ona...
sənin qızın olduğu üçün
göz qamaşdırırdı bu qədər
bunu heç bir zaman o qız bilməyəcək
sənsə düşünməyə cəsarət etməyəcəksən
onu böyüdə bilmədiyin üçün
özünü kiçildəcəksən öz gözündə
bacardığın qədər
“ana təkcə uşağını dünyaya gətirən deyil
həm də onu böyüdəndi”- deyə hökm vermişdi qızın...
axı həyat eyni imkanları vermir insanlara
bəs bunu kim düşünəcək?!
ana sözünün tərifini düzəldən o adamların heç biri
yaşamamış sənin kimi
onlar ancaq hökm verməyi
hər şeyə tərif verməyi bacarırlar
yaxşı qadın necə olmalıdı
yaxşı ana necə olmalıdı
yaxşı kişi necə olmalıdı deyə...
axı həmişə yaxşı olmağı bacarmamaq da var
cəhd etmək və uduzmaq var həyat adlı oyunda
niyə yuxarıdan aşağı baxır axı uduzanlara
bu udan adamlar?!
halbuki həyat sadə bir oyundu
hərə bacardığı kimi oynamalı
uduzanlarla udanlar
bir-birinə əl verib görüşərək ayrılmalı...
udanların medallarının parıltısından
gözü çıxmamalı uduzanların...
.
Buna da bax: Sevinc Elsevər. Allahdan pul istəməyə utanıram
***
ilk məhəbbətlərindən ayrılarkən
“oğluma sənin adını verəcəm”- deyən romantik qızlar
qaynatalarının adını verdilər
oğullarına...
.
“atamın ilk məhəbbətinin adını daşıyıram”
deyirdilər gülə-gülə
adlarını xəbər alanlara
özləri isə vədlərinə əməl eləyə bilmədilər..
İllər sonra qarşılarına qəfil çıxan adamdan
“oğlunun adı nədi?”- sualını eşidəndə
cavab vermək yerinə
dodaqlarını çeynədilər...
***
köhnə şəkil albomumu vərəqləyirəm
içində uşaqlıq sevgilimə bağışladığım
ayrılığımızda
ünvansız məktublar kimi
üstümə qayıdan şəkillər var...
.
hələ də diksinirəm
o şəkillər qarşıma çıxanda
bir zamanlar
düşmürdülər məni sevən adamın əlindən
bəlkə öpülmüşdülər yüzlərcə dəfə
artıq keçmişdə qalan
məni sevən o adamın
dodaqlarının izi
əllərinin istisi
nəfəsinin hənirtisi var
şəkillərin üzündə
qüssə qarışıq sevinc
həyəcan verməkdədilər
uzaq uşaqlıqdan
sevgiylə döyünən ürəkdən xatirədirlər
kimsə bilməz o şəkillərin tarixçəsini
ən xoşbəxt göründüyüm
ən yaxşı güldüyüm
ən qəşəng düşdüyüm
şəkillərdi onlar...