Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:05

-

"Çox vaxt onun soyuqdan üşüyən, enli, köhnə yun şalına bürünərək büzüşmüş halını görəndə özümü ondan tum, ya da xoruz almağa borclu hesab edərdim. Elə bilirdim Sayalı xalanın yanından etinasız keçib gedəndə onun qəlbini incidirik, bu qara, balaca, üzügülər yaşlı arvad uşaq kimi kədərlənir".

"Səsgücləndiricidən gələn həyəcanlı çağırışı eşidən kimi məktəbin dəmir barmaqlıqlı hasarından o üzə çıxardığım əlimdəki pulu Sayalı xalanın üstünə atıb, onun qara günəbaxan tumlarını köhnə kitab, dəftər vərəqlərindən büküb – bürmələyib düzəltdiyi kağız qaba töküb mənə verməsini gözləmədən məktəbin qapısına doğru qaçdım".

"Sayalı xala bəzən köhnə bir nağıl, ya hekayə kitabının vərəqlərindən tumqabı düzəldirdi. Mən tumu çırtlayıb bitirəndən sonra kitab vərəqini atmır, yumrulanmış kağızı açıb çantama qoyur, evə gətirib oxuyurdum. Bu çox vaxt hansısa hekayənin əvvəli, ortası, ya da sonu olurdu".

Sevinc Elsevər

TUMSATAN

Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz

N.Gəncəvi

Bakıda 20 yanvar qətliamını törədən rus sovet tanklarının rayonumuzun içindən, hətta düz məktəbimizin qabağından keçməsindən sonra canımıza düşən vəlvələ uzun zaman bizi tərk etmədi.

Həmin gün indiki kimi yadımdadı. Tənəffüsdəydik, məktəbimizin səhər növbəsinin bütün şagirdləri məktəbin həyətində idi. Zəng çölə vurulan kim ibütün uşaqlar məktəbin həyətinə axışır, tənəffüs üçün verilən qısa zamandan sərfəli istifadə etməyə çalışırdılar. Kimi məktəbimizin arxasındakı tualetə qaçırdı, kimisi aclığını öldürmək, mədəsinin sıyrıntısını kəsmək üçün həyətdəki balaca tikilidəki bufetətələsirdi. Bəzi uşaqlar da sadəcə oyun oynamaq üçün tənəffüsün bir saniyəsini də qaçırmaq istəmirdilər.

Sevinc Elsevər

Sevinc Elsevər

Adətən tənəffüs vaxtı tualetə gedənlər oğlanlar olurdu. Məktəbin əsas binasından xeyli aralıda yerləşən tualet bir dənə idi, özü də cəngəllik kimi bir yerdə, söyüd ağaclarının arxasında tikilmişdi ki, nəzərə çarpmasın. Kənd, rayon evlərində tualeti həmişə gözdən uzaq yerlərdə tikirdilər. Çünki əyalət adamları tulaetə gedəndə sıxıntı çəkir, oğrun-oğrun gedirdilər. “ Pişik pişikliyilə gizlin-gizlinzad eləyir, işini görəndən sonra üstünü basdırır” – adamlar bu məsəli çəkməyi sevirdilər. Yalnız qoca kişilər əllərindəki ağır, tunc aftafalarla nümayişkaranə surətdə tualetə gedərdilər.

Məktəbimizin tualetindən şagirdlərlə yanaşı müəllimlərində istifadə eləməyinə baxmayaraq, tualetə su gəlmirdi. Ümumiyyətlə, bu tualetdə nə vaxtsa suyun olub-olmadığını heç kim bilmirdi. Həmişə tualetin oturduğumuz yeri nəcislə dolu olurdu. Qapının ağzında yerə qoyulmuş balaca yeşiyin içinə isə köhnə sinif işi dəftərlərimizi, lazımsız kağız-kuğuzu qoyurdular. Bəzən dəftərlərin arasında uşaqların dəftərlərinə də rast gəlirdik, kiminsə adını tualetə qoyulmuş dəftərin üstündə oxuyub ələ salırdıq. Həmişə ora gedəndə yaşıl dəftərlərin üz qabığında həyəcanla öz adımı axtarırdım. Görməyincə rahatlayırdım. Özümü inandırmağa çalışırdım ki,ancaq pis oxuyan uşaqların dəftərlərini müəllimlər otağından məktəbin arxasındakı bu çirkli, iyrənc tualetə daşıyırlar.

Qızlar məktəb tualetinə ya getməməyə çalışır, ya da gedirlərsə, dərs vaxtı icazə alıb rəfiqələriylə qoşa gedirdilər. Tualetin qapısı kilidlənmədiyindən qapının dalında qızlardan biri digərinə keşik çəkirdi. Həm də qızlar oğlanların gözü qabağında tualetə getməyə utanırdılar. Müəllimlər də qızların sinifdən qoşa-qoşa icazə alıb çıxmalarını normal, hətta vacib sayırdılar.

Qızlardan hansısa icazə alıb sinifdən tək çıxmaq istəyəndə də müəllimlər etiraz edir, başqa bir qızı ona qoşmaq istəyirdilər. Belə hallar adətən yuxarı siniflərdə oxuyan qızlar arasında olurdu. Sinifdən təkbaşına icazə alıb çıxmaq istəyən qızlar o qızlar idi ki, tənəffüs vaxtı yuxarı, yaxud paralel sinifdə oxuyan oğlanlardan biri onu məktəbin ikinci mərtəbəsinə aparan pilləkənin altına görüşə çağırmışdı. Belə görüşlərdə oğlan adətən ya utana-utana qızın əlinə bir məktub tutuzdurur, ya da evlərinin telefon nömrəsi yazılmış balaca kağız parçası verirdi.

Sonra müəllimlər təsadüfən yuxarı sinif uşaqlarının görüş yerlərini kəşf eləmiş, dərs vaxtı qızların sinifdən təkbaşına icazə alıb çıxmalarına qadağa qoymuşdular. Onda uşaqlar buna da çarə tapmışdılar. Koridorda dayanıb boynunu buran oğlanlar ordan keçən tanımadığı qızdan utana-utana xahiş edirdilər: “filanıncı sinifdə oxuyan Filankəsə beş dəqiqəlik icazə ala bilərsiniz?”...Belə olan halda, müəllimlər heç nədən şübhələnmirdilər. Bu çağırışlar çox vaxt qızlar üçün sürpriz olurdu. Tanımadığı qızın icazəsiylə sinifdən çıxıb çaşqın-çaşqın baxan qızı gülüşlə qarşılayırdılar. Eyhamlı, atmacalı sözlərlə onu pilləkənin altında bir nəfərin gözlədiyini deyirdilər. Amma çox vaxt görüşə çağırılan qız gəldiyi kimi də dabanlarının üstündə fırlanıb sinif otağına qayıdırdı. Onun üçün icazə alıb “araçılıq” edən qızın gözləri qabağında görüşə getmək istəmirdi.Görüşə getsə, günü sabah məktəbdə adına söz çıxacağını bilirdi. Sevdiyi qızla görüşə bilməməyinə kədərlənən oğlanlar da “ağıllı qızmış” deyə özlərini təsəlli edər, qıza daha da ürəkdən bağlanardılar.

Sovet tanklarının Bakıya gəlişi 1990.

Sovet tanklarının Bakıya gəlişi 1990.

Həmin dəhşətli gün; yadımızdan heç vaxt çıxmayan tənəffüsdə direktorun otağındakı səsgücləndiricidən qəfil direktorun həyəcanlı səsi eşidildi. Müəllimlərə həyətdəki şagirdləri təcili sinif otağına yığmaq və qapıları bərk-bərk bağlamaq tapşırılırdı. Bu səsgücləndiricidən bayramlarda, yaxud Leninin ad günündə şagirdlər ucadan şeir deyir, pioner nəğmələri oxuyurdılar. İndi isə səsgücləndiricidən gələn səs hamını qorxudurdu. Müəllimlərin bəti-bənizi ağarmışdı. Onlar əllərində xətkeşlər və çubuqlarla (onların çoxu dərs dedikləri siniflərdə xüsusi çubuqlar saxlayırdılar və həmin çubuqlarla səs salan, dərsi pozan uşaqları cəzalandırırdılar) ora-bura qaçışır, qabaqlarına qatdıqları uşaqları qoyun-quzu kimi məktəbin böyük, geniş giriş qapısından içəri ötürməyə çalışırdılar.

Həmin vaxt mən məktəbimizin həyət qapısının ağzında oturub qovurduğu qara günəbaxan tumlarını,öz əlləriylə evində bişirib hazırladığı “ xoruz”ları (bu şəkərdən hazırlanan, altında çubuğu olan müxtəlif heyvan fiqurlarında olan sormalar idi. Baxmayaraq xoruzdan başqa ayı, balıq fiqurlarından olan şəkərli sormalar da vardı, biz hamısına xoruz deyirdik) satan Sayalı xaladan tum alırdım. Səsgücləndiricidən gələn həyəcanlı çağırışı eşidən kimi məktəbin dəmir barmaqlıqlı hasarından o üzə çıxardığım əlimdəki pulu Sayalı xalanın üstünə atıb, onun qara günəbaxan tumlarını köhnə kitab, dəftər vərəqlərindən büküb – bürmələyib düzəltdiyi kağız qaba töküb mənə verməsini gözləmədən məktəbin qapısına doğru qaçdım.

Sayalı xala bəzən köhnə bir nağıl, ya hekayə kitabının vərəqlərindən tumqabı düzəldirdi. Mən tumu çırtlayıb bitirəndən sonra kitab vərəqini atmır, yumrulanmış kağızı açıb çantama qoyur, evə gətirib oxuyurdum. Bu çox vaxt hansısa hekayənin əvvəli, ortası, ya da sonu olurdu. Onda mən hekayənin qalan hissəsini xəyal edərək özüm quraşdırırdım. Bəzən də hansısa hekayənin sonluğu növbəti dəfə Sayalı xaladan tum aldığımda qarşıma çıxırdı. Hekayənin əsl sonluğu mənim düşündüyüm sonluqla üst-üstə düşmürdü. Mənim hekayələrim həmişə yaxşı qurtarırdı.

Məktəbin qapısından içəri keçdiyimdə o basabasda dönüb arxama baxmağa fürsət tapdım. Qara, nəhəng tanklar (həmin vaxt saymağı ağlıma gətirmirdim ) gurultu qopara-qopara məktəbimizin qabağından keçirdilər... Babamgilin evlərinin arxasından dəmir yolu xətti keçirdi. Həmişə qatar keçəndə evləri qəribə şəkildə silkələnirdi. Elə bil ev yüngülcə üşüyürdü və soyuqdan bir anlıq əsirdi. İndi bu boyda məktəbimizin binası da bax o cür- babamgilin evi kimi titrəyirdi.

Mən dəhşətlə Sayalı xalanı düşündüm. Bəs onun başına nə gələcək? Əsgərlər onu öldürəcəklərmi? Bəlkə də tankın altında əzəcəklər deyə əndişə keçirdirdim. Bütün şagirdlər burunlarını pəncərələrə dirəyib bayırdakı tanklara baxırdılar. Müəllimlər isə onları pəncərələrdən uzaqlaşdırmağa çalışır, bir uşağı pəncərədən qopardırdılar, yerini dərhal bir başqası tuturdu. Mənim də bircə anlıq pəncərədən baxmaq imkanım oldu. Hələ də tanklar öz gurultularıyla və vahiməli nəhəng gövdələriylə məktəbimzin qabağındakı asfalt yoldan keçməkdəydilər. Amma nə qədər boylandımsa, Sayalı xalanı görmədim.

Əslində Sayalı xaladan tum almağımız qadağan idi. İbtidai sinif müəlliməmiz Şəms təkcə Sayalı xaladan tum almağımızı deyil, ümumiyyətlə tum çırtlamağımızı yasaqlayırdı. Tum çırtlamağı tərbiyəsizlik hesab edirdi. Küçədə tum çırtlaya-çırtlaya gedən yerdə hansınızı görsəm, çubuğumun altına salacam deyə hədələyirdi. Təkcə Şəms müəllimə deyil, digər müəllimlər də uşaqlara tum çırtlamağı qadağan edirdilər. Məktəbin həyətini, sinifləri tum qabıqları ilə batırmasınlar deyə hansı uşağın əlində tum görsələr, əlindən alıb zibil qabına tökürdülər. Şəms müəllimənin dediyinə görə tərbiyəli uşaqlar küçədə yeriyə-yeriyə xoruz da sormamalıydılar. Hələ Şəms müəllimənin hədəsi də, cəzası da yumşaq idi. Uzun Aşura günlərində nənələrimiz tum çırtlamaq günahdı deyirdilər. Bu qadağanı pozan uşaqları cəhənnəmlə hədələyirdilər. Deyilənə görəYəzidin adamları imamları alçaltmaq üçün tum çırtlayıb qabığını onların üzünə üfürürmüşlər.

Hətta müəllimlərdən bəziləri Sayalı tumların içinə fırtığını qatışdırır deyə şər atır, uşaqları iyrəndirərək tum almaqdan və məktəbin həyətində çırtlamaqdan çəkindirməyə çalışırdılar. Bu yalana inanan uşaqlar da vardı. Yalana inanmayanlarla inananlar bir-biri ilə höcətləşərdilər, inananlar soruşardılar: “Onda niyə Sayalının satdığı tumlar fırtıq kimi şor dad verir. Üəəəəə... ”... Müəllimlərin yalan dediyi qənaətində olanlarsa israrla cavab verirdilər: “Ona görə ki, Sayalı xala tumları axşamdan duzlu suda isladır, səhər də ertədən qalxıb qovurur ki, dadlı olsun. Bəyənmirsən yemə. Daha yeyənləri niyə iyrəndirirsən?!”

Müəllimlərin fikirlərinə şərik olan uşaqlar heç vaxt Sayalı xala deməzdilər, sadəcə Sayalı adlandırardılar qadını.

Müəllimənin qadağalarından, antitəbliğatlarından sonra Sayalı xaladan tum, xoruz alan uşaqların sayı çox azalmışdı. Amma buna baxmayaraq, Sayalı xala yay-qış bilmir, məktəbin qapısının üstündəki yolun kənarında oturur, kürəyini dəmir barmaqlıqlara söykəyib böyük bir ləyənin içində gətirdiyi tumlarını satırdı. Adətən xoruzların da çubuqlarını tumların içinə sancırdı. Tumların ortasında bir də balaca stəkanı vardı. Stəkan bir neçə yerdən qırılmışdı, amma Sayalı xala stəkanı yapışqanla birləşdirmişdi.

Yağış, ya qar yağanda Sayalı xalanın boş yeri görünürdü.

Çox vaxt onun soyuqdan üşüyən, enli, köhnə yun şalına bürünərək büzüşmüş halını görəndə özümü ondan tum, ya da xoruz almağa borclu hesab edərdim. Elə bilirdim Sayalı xalanın yanından etinasız keçib gedəndə onun qəlbini incidirik, bu qara, balaca, üzügülər yaşlı arvad uşaq kimi kədərlənir.

Tanklar məktəbimizin qabağından ötüb keçəndən sonra valideynlərhəyəcanla məktəbə axışmağa başladılar. Hətta böyük uşaqların valideynləri dallarınca gəlmişdilər. Həmin gün Sayalı xalanı yerində görmədim. Kimdənsə Sayalı xalanın sağ-salamat olub-olmadığı barədə soruşmağa cürət eləmədim. Qorxdum ki, Sayalı xalanın öldüyünü deyərlər və bu məni çox kədərləndirər. Evdəkilər İkinci Dünya müharibəsindən bəhs edən filmlərə baxanda mən də ucundan-qulağından baxmışdım, tankların ölüm saçdığını bilirdim.

Ertəsi gün Sayalı xalanı köhnə yerində, divarın dibində oturan gördüm. Qara tum dolu ləyəni qabağında. Sayalı xalanı sağ-salamat görmüşdüm deyə sevincdən başım dumanlanmışdı. Bu vaxt Sayalı xala məni yanına çağırdı və dünən ala bilmədiyim bir stəkan tumu elə birbaşa jaketimin sol cibinə boşaltdı. Mən ağzımı açıb lazım deyil, pulunu da istəmirəm deməyə macal da tapmadım. Həm bunu deməyə utandım. Həm zəng içəri vuruldu.

İmla yazdığımız vaxt partaların arasında gəzinən Şəms müəllimə cibimdən partanın altına düşmüş qara tum dənələrini gördü, məni ayağa qaldırıb ciblərimi çevirməyimi tələb elədi. Cibimdə tum olduğunu kəşf edincə, əvvəlcə tumu sinfimizin qapısının böyründəki zibil qabına tökməyimi əmr elədi, sonra isə ovuclarımı qarşısında açdırdı, məhşur cəza çubuğunu əllərimin içinə endirdi. Ağrısam da özümü o yerə qoymadım. Sayalı xalaya da acığım tutmadı, özümə də. Əksinə Şəms müəlliməyə qəzəbim artdı. Hirsimi güclə boğaraq ağlamamağa çalışdım. Ağlamamağı da çox yaxşı bacardım. Gözlərim sulansa da, gözlərimin dibi bu sulantıdan göynəsə də, göz yaşlarımı axmağa qoymadım.

Məktəbimizin qarşısından tankların keçməyindən iki gün ötürdü. Hələ də hamı həmin gündən danışırdı. Oğlanlar asfalt yolun üstündə tırtılların buraxdığı izləri göstərib heyrətlə deyirdilər: “Görürsüz bunların hamısını tanklar eləyib...”

Yağışlı bir gün idi. Yenə müəllimə bizə imla yazdırırdı (imla yazdığımızda milçək uçsa səsi eşidilirdi) qəfil qopan gurultu səsinə hamı başını qaldırdı. Əvvəl elə bildik ki, göy gurultusudu. Amma yavaş-yavaş beynimiz aydınlandı, başa düşdük ki, indiyə qədər belə göy gurultusu eşitməmişik. Sonra o gün məktəbimizin qarşısından keçən tankları yadımıza saldıq. Bir anlıq uşaqlar əllərində qələm donub qaldılar. Ağarmış bət-bənizlərini Şəms müəllimənin üzünə dikdilər və müəllimədən bir işarə, bir göstəriş gözlədilər. Amma müəllimə özü də neyləyəcəyini bilmirdi.Uşaqlara sinifdən çıxmamağı, yerlərindən tərpənməməyi tapşırıb bizi sinifdə tək qoydu. Hamımız sarımızı udub oturmuşduq. Qorxumuzdan nə səs çıxarır, nə də tərpənirdik. Beş-on dəqiqədən sonra Şəms müəllimə geri qayıtdı və dedi ki, qorxulu heç nə yoxdu, Sayalının məktəbin qonşuluğundakı köhnə, nuh əyyamından qalma daxması uçub tökülüb.

Biz heç nə olmamış kimi imla yazmağa davam elədik. Axırıncı dərsimiz əmək dərsi idi, Şəms müəllimə bizi evə buraxdı. Daxmanın necə uçduğunu öyrənmək istəyən müəllimlər hamısı Sayalı xalanın uçmuş komasının qabağına yığılmışdılar. Şəms müəllimə də oraya tələsirdi.

Biz uşaqlar Sayalı xalanın komasının qabağından hüznlə keçib gedirdik. Heyrətlə uçub tökülən binaya baxırdıq. Tankla vurulmamışdı, amma tankla vurulmuş kimi idi. Lap müharibədən bəhs edən filmlərdəki kimi.

Sayalı xalanın heç kimi yox idi. Deyirdilər bircə oğlu var, o da türmədədir. Yaşıdım olan uşaqlardan heç kim Sayalı xalanın oğlunu görməmişdi.

Uçuq evin qapısının ağzına təcili yardım, polis maşınları yığılmışdı. Müəllimlər, Sayalı xalayla heç vaxt maraqlanmayan qonşuları şahid kimi danışırdılar.Sayalı xalanın uçqunun altında qalıb öldüyünü səhərisi gün Şəms müəllimədən öyrəndik.

Bu xəbərdən çox pis oldum. Dünən Şəms müəllimənin hirslə zibil vedrəsinə tökdürdüyü günəbaxan tumlarını xatırlayaraq qeyri-ixtiyari əlimi jaketimin sol cibinə apardım. Bu vaxt barmaqlarımın ucuna bircə tum dənəsi dəydi. Dərs qurtarana kimi sol əlimi jaketimin cibində saxladım. Zəng vurulanda bayıra çıxdığımızda koridorda bir kənara çəkilib tum dənəsini çıxarıb baxdım və ağladım...

...Bir zaman gəldi, ayıq kapitalistlər Sayalı xalaların əlindən tum ləyənlərini alaraq, qara, ağ günəbaxan tumlarını xüsusi, üstü rəngli şəkilli paketlərə yığıb satdılar. Televiziyalarda reklam elədilər. Marketlərdə böyük reklam posterlərini yerləşdirdilər. Hamı ağ və qara tumların aludəçisinə çevrildi. Artıq heç kimi tum çırtladığına görə tərbiyəsiz adlandırmırdılar. Aşura günlərində tum çırtlamaq günahdır deyə nənələr də nəvələrinə çımxırmırdılar. Nənələr balınclarının altında ağ gün, qara gün üçün şəkər, konfet, pul, təsbeh deyil, bu ağ, qara tum paketlərindən gizləyirdilər.

Tum çırtlamaq aludəçiliyinin kasıblıq gətirdiyinə ta qədimdən inanan adamlar tum çırtlamaqla həm də başlarını qatır, kasıblıqlarını və işsizliklərini unutmağa çalışırdılar.

Günəbaxan tumlarını satan şirkətlər tez-tez lotoreya oyunları keçirirdilər və bununla alıcı cəlb edirdilər. Mənim tanıdığım adamlardan heç biri bu oyunlarda uda bilmirdi. Hamısı da tum paketlərinin içindən çıxan biletləri bərk-bərk saxlayırdı. Bir dəfə həmin xırda lotoreya biletlərinin birinin arxasında Nizami Gəncəvidən iki misra oxudum: “Bilik öyrənməyi ar bilən hər kəs, dünyada mərifət qazana bilməz”...

Bundan sonra əlimə keçən belə lotoreya biletlərinin arxasında tum şirkətinin ayrı-ayrı yazıçıların, fikir adamlarının əsərlərindən seçib yazdığı müdrik kəlamları, cümlələri axtarmağa başladım. Artıq lotoreya biletləri məni ancaq bu aforizmlərə görə maraqlandırırdı. Uşaqlığımda Sayalı xaladan kitab vərəqlərinə bükülmüş şəkildə aldığım qara günəbaxan tumlarını çırtlayandan sonra da işin ən maraqlı qismi kitablardan alınan o vərəqləri oxumağım və oxuduğum əhvalatın ya əvvəlini, ya sonunu xəyal etməyim idi.

Bütün bunların hamısı tez-tez Sayalı xalanı yadıma salır, kədərlənirdim...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG