Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16

Həyat elə bir oyun ki... (Yeni monopyes)


Aktrisa Tatyana Samoilova, "Anna Karenina" (1967)

Aktrisa Tatyana Samoilova, "Anna Karenina" (1967)

-

"Hamının ayağına baxmağa vərdiş eləmişdim. Adamların hamısını ayaqlarından tanıyırdım. İndi adamların adları gələndə onları üzləriylə yox, ayaqqabılarıyla xatırlayıram."

Sevinc Elsevər

Həyat elə bir oyun ki...

Sevinc Elsevər

Sevinc Elsevər

Əhvalat yataq otağında baş verir.

Rekvizit: yataq, şifoner, termo,qadının şəxsi əşyaları...(paltar, daraq və s)

Yataq otağı. Alaqaranlıqdır. Çarpayının hər iki tərəfində gecə lampası yanır.

Yataqda sinəsinə qədər yorğanla örtülmüş bir kişi uzanıb. 40-45 yaşlarındakı qadın yarıyadək şifonerin içinə girərək, eşələnir, özünə paltar axtarır.

Qadın qollarının üstünə atdığı paltarlarla şifonerdən çıxır. Paltarları yatağın ayaq ucuna tökür. Paltarların arasından qəhvəyi olanını götürür. Güzgüyə yaxınlaşır. Paltarı üstünə tutur. Gözü güzgüdə qala-qala yatan adama müraciətlə danışmağa başlayır.

Həmid, heç yadımdan çıxmır bu paltarı aldığımız gün. Həmin gün biz səninlə dalaşıb, küsüşmüşdük. Dalaşıb-küsüşmüşdük deyirəm, sanki burda yad adam var, onun yanında sözümü malalayıram. (Gülə -gülə başını bulayır).

Həmin gün sən məni yaxşıca döymüşdün. Səbəbi nə idi desən, vallah, xatırlamıram. Sən məni elə tez-tez döyürdün ki, mən hamısının səbəbini, nə üstündə savaşdığımızı yada sala bilmirəm. Elə olurdu ki, vallah, günahım olmaya-olmaya döyürdün. Deyirdin: Arvad, deyəsən sənin başın gicişir. Sonra da ərinmirdin, qalxıb döyürdün. Qonum-qonşudan da ar eləmirdin.

(İncik səslə) Mənsə ar eləyirdim, Həmid. Qonum-qonşunun arvadlarından mənim nəyim əskik idi ki... İstəmirdim məni incitdiyini bilsinlər. Tərslikdən hamısının evi ikimərtəbəli idi. Həyətimizdə qıy qalxan kimi xanımzadələr açırdılar pəncərələrini, başlayırdılar tamaşaya.

Neçə dəfə özüm qəsdən evlərinə gedib onların həyətimizə açılan pəncərələrindən gizlincə boylanmışdım ki, görüm ordan necə görünürük? Lap qədim yunan teatrının səhnəsindəki kimi görünürdük, ay Həmid. Ən çox da Alimənin pəncərəsindən görünürdü həyətimiz. Sən məni döyəndə dişimi-dişimə sıxıb dözürdüm ki, çölə çıxıb özümüzü biabır eləməyim. Amma dözə bilməyəndə canımı götürüb həyətə qaçırdım. Can şirin şeydi.

Qonşu arvadlarının hündür pəncərələrinə nifrət edirdim. Dədəndən qalma yastı-yapalaq bu evi sökdürüb, yerində hündür ev tikməyimizi istəyirdim. Elə bilirsən onların heç sözü olmurdu? Biz görə bilmirdik. Bizim pəncərəmizdən onlar görünmürdülər.

Bacardığım qədər dədəmdən-qardaşımdan, doğma anamdan gizləyirdim çəkdiyim əzab-əziyyəti.

Pauza

Qəhvəyi paltarı özündən kənara eləyir. Gətirib o biri paltarların üstünə atır. Bu dəfə tünd yaşıl rəngli paltarı götürür.

Onsuz da yaşıma görə qırmızı, sarı paltar almırdım, olan-qalanım qaradı. Amma baxıram, sabah geyib adam arasına çıxmağa bir dənə də layiqli paltarım yoxdu. Kənddə eşidən, bilən axışıb gələcək.

Kişiyə yaxınlaşır, əlini tutur.

Sənin başına dönüm, nə yaxşı, gecəyə düşdü. Hamı yatandan sonra, gecənin bir aləmində... (ağlamsınır, sözünün dalını gətirə bilmir) Özü də əməlisaleh adamlar kimi quş olub uçdun birdən-birə.

Ağlayır... Burnunu çəkir, gözlərini hər iki əlinin arxasıyla silir. Ayağa durur, otağa göz gəzdirir.

Gör hələ nə qədər işim var! Qəfil ölümünü də bağışlayıram.

Bunu deyə-deyə təzədən kişiyə yaxınlaşır. Əlləri titrəyə-titrəyə kişinin əlini tutur və dodaqlarına yaxınlaşdırır. Kişinin boşalan qolunu təzədən aşağı endirir. Sonra əlini kişinin üzündə gəzdirir.

İllüstrasiya

İllüstrasiya

Hələ üzünü qırxacam. Saçını qaydaya salacam. Fikirdən-zikirdən saç-saqqal da basmışdı səni. Nə qədər deyirdim “a kişi, bu saç-saqqalını bir qırxdır, üzünə-gözünə əl gəzdir”... Eyninə deyildi.

Qoy sabahın gözü açılsın. Gedim dükançı Esmiraya yalvarım-yaxarım bir dəst paltar alıb gətirim, geydirim əyninə. Yastığa, yorğana təzə üzlüklər alım. Hamısının cır-cındırı çıxıb. Şəhərə də, o bietibar qardaşına da xəbər yollayım. Bacılarına, qızlarına zəng eləyim.

Bilirəm yenə sən bir tərəfə qalacaqsan, sən yaddan çıxacaqsan, üç bacının üçü də tökülüşəcək üstümə. Məni günahlandıracaqlar.

Ağır addımlarla yataqdan aralanır.

Neçə dəfə olub ki, sənə söz keçirə bilmədiyim halda, üstümə düşüblər. Niyə ərini qoydun ora getsin? Niyə ərini gecə yarısı evdən buraxdın? Niyə demədin ki, Həmid, bu filan şey sənə ziyandı? Niyə əyni nazik evdən çıxmasına icazə verdin?! Anan rəhmətlik üzünü vaxtı-vaxtında qırxmayanda da məni danlayırdı.

Allah şahiddir ki, mən sənə söz keçirə bilmirdim. İndi gecənin bir aləmində yatdığım yerdə qəfil qolumu dümsükləyib “arvad, mən ölürəm” deyəndə də, mən nə qədər “Ölmə, Həmid, ölmə” yalvarsam belə, sən məni eşitmədin.

Mənsə sənin bircə himinə bənd idim, saçımı-başımı necə yığmağımı istədiyini bilim. Hünərim nə idi sözündən çıxım? Saçımı kəsdirəndə də səndən icazə alırdım. Sən hardan istəyirdin ordan da kəsdirirdim. Ağzım nə idi bircə santimetr o yan-bu yana olsun. Yubkalarımın, donlarımın ətəyi, üz-gözümə ayda-ildə vurduğum kosmetikanın dozası sənin nəzarətində idi. Ağılları ona gedirdi... Deyirdilər bəs, sən də mənim sözümlə durub-oturursan.

Otağın ortasında əli qoynunda gəzişir.

İndi mən başıma haranın daşını salacam? Güləri cehizsiz verdik, getdi. Daha doğrusu, qız özü gördü ki, onu gəlin köçürəcək gücdə deyilik. Qız öz nişanlısına qoşulub qaçdı.

Sənin də əlinə yaxşıca fürsət düşdü. Dedin ki, “qaçan qıza cehiz düşmür!”... Qızın bir üzü tüpürcəklidi hələ də. Qaynanası bir toyda deyir, bir yasda. Uşağı bu gün sabah məktəbə gedəcək, yığışmayıb bu cehiz söhbəti.

Balaca qız da, anası ölmüş Hicran da böyük bacısının gününü gördü, dedi: qarıyıb yurdda qalaram, cehizsiz ərə getmərəm. Otuzuna az qalmışdı. Cehiz aparacam deyə, gözləyə-gözləyə elçiləri əliboş yola saldı. Axırda da Qozbel Bikənin bivec oğluna getdi. Bankdan kredit götürüb azdan –çoxdan cehiz verə bildik. İki ildi borcun-xərcin içindəyik, qurtarmır ki, qurtarmır. Sən canını qurtarıb gedirsən.

Kövrəlib ağlayır...

Yenə yarı yolda qoydun məni. Dedin ki, Sevildi də... hardan olsa tapıb düzüb-qoşacaq hər şeyi. Çıxacaq vəziyyətdən. O qədər başıma oyun gətirmisən. Bir dəfə evimizə qonaq gələsiydi, evimizdə dişə vurmağa bir şey yox. Dedim, ay Həmid, evə tez gəl ha, evin qəndi yoxdu, çayı yoxdu, o yoxdu, bu yoxdu, al gətir.

Qonağın yanında xar olmayaq. Axşam düşdü, səndən xəbər çıxmırdı. Gəlməyəcəyini də xəbər göndərmədin ki, işimi biləm. Yazıq canım, qonaq evdə otura-otura qaçdım dükançı Esmiranın üstünə. İnsafı nəyə yol versə, nisyə dəftərinə yazdırıb alıb gətirdim.

Gecə yarıdan keçəndən sonra aşa-aşa gəldin. Bilirdim ki, pulun yoxdu. Nəylə içmisən soruşanda da dedin qonaq eləyiblər. Bir dəfə olmayıb, beş dəfə olmayıb, ay Həmid. Hansını deyim?

Qadın yenidən çarpayının ayaq tərəfinə tökdüyü paltarlara yaxınlaşır. Qara rəngli bir paltar götürür. Güzgünün qabağına keçir. Bir müddət güzgüdəki əksinə baxır.

Haçandı güzgüyə də baxmıram. Güzgünün üzünü siləndən silənə güzgüyə yaxınlaşıram. Onda da güzgüdəki əksimdən gözümü yayındırıram.

Ah çəkir.

Qocalıram. Elə belə də bilirdim. Güzgüyə baxmasam da hiss edirdim ki, yaman günə qalmışam. Həmid, vallah sən məndən cavan görünürdün. Heç özümü sənə yaraşdırmırdım axır vaxtlar. Hətta qorxurdum ki, kişi gedib cavan qıza-zada vurular, biabır olarıq.

Şaqqanaq çəkib gülür. Qəfil gülüşünü kəsib, özünü yığışdırır.

(Az qala pıçıltıyla) Mən elə bilirdim səndən qabaq öləcəyəm. Hə, vallah.

Hətta sənə bir söz deməsəm də fikirləşirdim ki, ölüb eləsəm, elə dükançı Esmiranı alasan. Cavanlığından bir ayağı Bakıda oldu, bir ayağı kənddə. Mal dalınca getdi, gəldi. Gözüylə heç kim heç nə görməsə də, hərə dalınca bir söz danışdı. Qarıdı qaldı ata ocağında. Oynaya-oynaya gələrdi sənə vallah. Sənə kömək də eləyərdi, əl-ələ verib Hicranın cehizlərinin borcundan da çıxardınız. Esmiranın pulu çoxdu. Kimi var eyyy... Bir səydərəş qardaşıdı, bir özü.

Əlindəki paltarı taxtın üstünə atıb otaqda o yan-bu yana var-gəl edir.

(Əllərini ölçə-ölçə) Gör nələr danışıram?! Lap ağzıma gələni deyirəm. Başımı itirmişəm.

Taxta yaxınlaşır. Kişinin ayaq tərəfində oturur. Üzünü əlləri arasına alıb hönkürür. Ağlayıb kiriyəndən sonra üzünü ərinə sarı çevirir.

Həmid, belə danışmağıma baxma ha, vallah ölünü də qısqandım dükançı Esmiraya. Mən elə bilirdim, ömrümdə qısqanmaram səni. Elə bilirdim hələ də uşaqlıq sevgimi unutmamışam. Qardaşımın kirvəsinin oğlu Sərdarı deyirəm eyy. Sənin də xəbərin vardı Sərdardan, özünü o yerə qoymurdun.

Nə qədər ki, Rusiyada yaşayırdıq, qardaşımı sünnət elətdirmək atamın eyninə də deyildi. Uşaq 9 yaşına çatmışdı, sünnət olunmamışdı. Biz kəndə qayıdanda əməlli-başlı yekə qız idim. Atam çoxusu, qorxusundan qayıdıb gəldi. Bakıda aləm bir-birinə dəymişdi, camaat qırılmışdı. Atam dedi ki, Rusiyadakı azərbaycanlıları da ruslar qırıb çatacaq.

Mən onuncu sinifdəydim, əlaçı qurtaracaqdım. Fikrim var idi ki, Moskvaya gedim, Lomonosova imtahan verim. Qəfil gözümü açdım ki, kənddəyəm.

Dərs ilini Rusiyada yarılamışdım. Rus dilində oxumuşdum. Azərbaycan dilində oxumaq çətin idi mənə.

Birincini mən kənddə oxumuşdum. Kənd məktəbimizdə də elə hər il bir sinif güclə yığılırdı. Mən yenə gəlib köhnə sinif yoldaşlarıma yoldaş olmuşdum.

Sərdarla doqquz ildən sonra yenidən bir parta arxasında oturmuşduq. O qədər evcik-evcik oynamışdıq balaca olanda... Həmişə də bir-birimizə ər-arvad düşürdük. O, ata olurdu, mən ana, o biri uşaqlar da uşaqlarımız. Qonşuyduq deyə, məktəbə də bir gedib-bir gəlirdik.

Hər axşamüstü analarımız çəpərin üstündən bir-biriylə danışırdı. Sərdarın anası Xumar xala qulağımız eşidə-eşidə anama deyirdi: “Az, Qızbəs, mənim gəlinimdən muğayat ol, dünya dağıla, onu Sərdara alacam”. Anam da özünü naza çəkirdi. “Dədəsi bilər, mən bir söz deyə bilmərəm”. Xumar xala əl çəkmirdi: “Sərdardan artıq oğlana gedəcək qızın? Nolub mənim oğluma? Qaş onda, göz onda, boy-buxun onda. Yekəlib bir oğlan olacaq ki, baxan deyəcək bir də baxım. Qızqaytaran olacaq mənim balam”...

Anamla Xumar xala belə danışanda çəpərin dibinə tökülmüş qumla oynayan Sərdarla istər-istəməz baxışırdıq. Uşaq da olsaq, analarımızın sözlərinin mənasını anlayırdıq, canımıza yağ kimi yayılırdı.

Rusiyadan qayıdıb gələndən sonra mənə sevgi məktubu da yazmışdı. Uşaqlar olana qədər saxlayırdım.

Bəlkə də ağlım uşaq ağlıydı, ona görə saxlayırdım. Amma sən özün də mehrimi sənə salmağıma imkan vermirdin. Döyüb söyürdün. Onda mən kor bəxtimə lənətlər yağdırırdım. (Ah çəkir)

Qardaşımın sünnət gününü həyatımın ən bədbəxt günü kimi xatırladım neçə il. Yazıq anam sezmişdi Sərdarla aramızdakı yaxınlığı. Atam qardaşımın kirvəsinin Səfər əmi olacağını elan eləyəndə anam məni yanına çağırıb dedi:

“Bax, Sevil, budu sənə deyirəm ha, bu gündən Sərdarla bacı-qardaşsınız. Birdən ağlınızın ucundan özgə şey keçib, eləyər. Dədən səni də, məni də öldürər. Əmioğlu əmiqızını alıb özünə arvad eləyə bilər, amma kirvə kirvənin qızına bacı gözü ilə baxmalıdı.”

Atasıyla atamın arasındakı əhd-peyman, təzə qohumluq gəlib durdu gözünün qabağında. Heç Sərdar məni sənə verərdi, Həmid? Mənim üstümdə azmı döymüşdü səni? Neçə dəfə ağzını-burnunu qan eləmişdi. Onuncunu qurtarmağa imkan vermədiniz. Anan kəsdirdi qapımızın ağzını. Sonra da ki, belə...

Dədəm də qorxurdu, ürəyi əsirdi üstümdə. Rusiyada böyümüşdüm deyə, qorxurdu ki, rustəbiətli olam. Onsuz da geyimimlə, danışığımla, oturub-duruşuğumla kənd qızlarından seçilirdim.

Əlini sinəsinə aparıb ovuşdurur, sonra qalxıb pəncərəni açır. Pəncərənin taxtasına söykənir.

Hansısa dili lal olmuş dədəmə deyibmiş ki, qızın rusların içində böyüyüb, Bakıya zada da tək buraxma. Ver ərə getsin, qoy Rusiyanın havası da başından çıxsın.

Elə sən də həmişə mənə inamsız olduğundandı ki, siftə gündən gözümün odunu aldın. Gözüqırpıq elədin məni. Canavar gözündə görmüşəm səni ömür boyu. Sərdar başqa adam idi. O, dünyada inanmazdı ki, Sevil pis iş tuta.

Pauza

Budur. Sən artıq danışa bilmirsən. Mənə əmr edə bilmirsən. Mən sənsiz bilmirəm nə qərar verim. Nəyi necə edim. Hətta bilmirəm hansı paltarımı geyinsəm, sənə xoş gələrdi?! Heç birini alanda deməmisən ki, arvad, bu paltar sənə nə yaxşı yaraşır!

Əlləriylə bədənini ovuşdurur. Üşüyür. Təzədən pəncərəni bağlayır.

Yataqda yatan adama yaxınlaşır. Yataqda ərinin böyründə oturur.

Səsi titrəyə-titrəyə danışır.

Mən də Anna Karenina kimi hərəkət edə bilərdim. Ürəyimin səsinə qulaq verər, Sərdara onsuz yaşaya bilməyəcəyimi deyərdim. Amma hisslərimin əksinə hərəkət etdim.

Sərdarın mənə yazdığı məktubdan utandım ömür boyu. O məktubu xatirə kimi saxladığıma görə özümə çox acığım tuturdu. Məktubu cırıb atmağa da özümdə güc tapmırdım. Uşaqlar doğulandan sonra özümü sənə öyrəşməyə məcbur elədim. İlk işim də o məktubu cırmaq oldu.

Biz Sərdarla ayrı-ayrı böyük şəhərlərdə yaşasaydıq, bəlkə də mənə asan olardı. Kaş ki, biz onunla tez-tez üz-üzə gəlməyəydik?! Atalarımız kirvə olandan sonra o, bir dəfə də başını qaldırıb mənim üzümə baxmadı.

Sənə ərə gedəndən sonra isə mən onun gözlərində bir sual görürdüm: “Görəsən, ona yazdığım məktubu cırıb atıbmı? Məktub ələ keçməzmi? Ona olan hisslərimi uşaqlığın şıltaqlığı hesab eləyirmi?"

O, məndən çox məktubdan yana narahat idi. Qəlb sakitliyi tapsın, özünü günahlandırmasın deyə, mən hətta onu “Sərdar qardaş ” deyə çağırmağa başladım. Sevdiyim adam qardaşım oldu.

Acı-acı gülür.

Gülə-gülə ağlayır. Burnunu çəkə-çəkə dəsmal axtarır. Dəsmalı tapınca əlinin arxasıyla üz-gözünü silir.

Sakitləşir.

Bilirsən, bütün bunları sağlığında sənə danışa bilməzdim. Həmişə istəmişəm ki, sən məni dinləyəsən, anlamağa çalışasan. Həmişə arzulayırdım ki, Sərdarı unutmaqda mənə kömək edəsən. Sən isə hər addımda məni özündən uzaqlaşdırırdın.

Sən bütün gənclik macəralarından arxayınlıqla danışırdın. Sənin arxayınlığın imkan verirdi ki, sən öz gənclik hisslərinə gülüb, ələ salasan. Mənimsə öz gənclik hisslərimi hətta yada salmağa, xatırlamağa haqqım yox idi. Nəinki onlardan sənə bəhs etməyə.

Ərli qadın ola-ola, uşaqlıq, gənclik sevgimi xatırlamaq qəribə günah hissi verirdi mənə. Çünki bilirdim, onu səndən gizli xatırlayıram. Sənin kürəyinin arxasında sığınıram gənclik xatirələrimə. Bu isə xəyanət kimi bir şey idi. Sən mənim bütün bu hisslərimdən xəbərsiz idin.

Mən özümü tez-tez Anna Karenina ilə müqayisə edirdim. Həmişə də üstünlüyü ona verirdim. Anna Karenina məndən səmimi, məndən cəsarətli idi. Mənsə qorxaq xəyanətkardan başqa bir şey deyildim.

Sənin heç nəyi gizlətməyə ehtiyacın yox idi. Mənim yanımda alnı açıq, üzü ağ gəzirdin. Hətta mən hamilə olduğum vaxtlarda yüngül qadınlarla durub-oturduğunu gizlətmirdin. O qədər rahat olurdun ki, hər şey öz-özünə aşkara çıxırdı. Zarafata salır, ya gülə-gülə boynundan atırdın, ya da qabaqdangəlmişlik eləyib döyürdün məni.

Dərindən ah çəkir. Ayağa qalxır, otağı tərk edir. Stəkan cingiltisi, qab-qacaq səsi, sonra da su şırıltısı eşidilir. Əlində stəkanla səhnəyə qayıdır. Sudan qurtumlaya-qurtumlaya pəncərəyə yaxınlaşıb pərdəni aralayır. Səhər yavaş-yavaş yaxınlaşır. Uzaqda gün qızarmağa başlayır.

Pərdəni örtüb çəkilir. Üzü çarpayıya tərəf durur.

Mənə elə gəlir ki, illərin ağırlığı qalxdı çiyinlərimdən.

Stəkanı termonun üstünə qoyur. Ordan üst-üstə yığılmış bir neçə vərəq götürür, gözdən keçirir. Dərindən köks ötürərək çarpayıya yaxınlaşır.

Əlvida, əzizim. Həyatımda heç vaxt səninlə bu cür səmimi ola bilməmişəm. Bizim bu yerlərin qadınlarının çoxunun həyatı belə keçir. Onlar bir ömür boyu səmimiyyət həsrətində yaşayırlar. O qədər şey olub ki, sən istədiyin üçün qəbul eləmişəm, amma istəmədiyimi dilə gətirə bilməmişəm.

Hətta bircə dəfə olmayıb ki, özüm bəyəndiyim paltarı geyinim. Saçımı da sən istədiyin kimi hörüb kürəyimə atdım həmişə. Onları bir dəfə də küləyə verə bilmədim. Bir dəfə də külək öpmədi tellərimi, külək oynatmadı.

Səninlə nə toya, nə yasa getməli deyildi. Başımı qaldırıb göydə uçan quşa da baxsam, az qala qan düşürdü. Hamının ayağına baxmağa vərdiş eləmişdim. Adamların hamısını ayaqlarından tanıyırdım.

İndi adamların adları gələndə onları üzləriylə yox, ayaqqabılarıyla xatırlayıram. Sərdar həmişə bahalı ayaqqabılar geyinirdi, həmişə də onları təmiz saxlayırdı.

Ayaqqabıları köhnələnəndə də o, bunu gizləməyi yaxşı bacarırdı. Sənin ayaqqabılarını hər gün öz əllərimlə təmizləyirdim. Amma sanki sən mənim acığıma, sırf mənə əziyyət vermək üçün kəndin ən palçıqlı yerlərindən keçib gəlirdin.

Kişilərin ayaqlarına baxa-baxa mən kəndin ən gözəl ütü çəkə bilən və əlindən şalvar ütüləmək gəlməyən qadınları kimlərdi bilirdim.

Eh... belə getsə, sözüm qurtaran deyil. Günəş qalxdı əməlli-başlı. Gedim Esmiranın dükanından sənə təmiz əyin-baş alım gətirim, üzünü qırxım. Sonra bacılarına, qızlarına, qardaşına xəbər eləyim.

Səni tanıdığım gündən bəri ilk dəfə susaraq, heç bir söz demədən, çığırmadan, bağırmadan, sözümü kəsmədən dinlədin məni. İlk dəfədi səninlə belə ürəkli danışdım. Dediklərim səni incitdisə, bağışla məni.

Divarı döyürlər. Divarın o üzündən boğuq qadın səsi gəlir. Səs-küydən narazıdırlar.

Üzünü səhnəyə tutur.

Bu qonşunun əlindən günüm yoxdu ki! Əməlli-başlı, məni görməyə gözü yoxdu. Elə bilir, aktrisayamsa, düz yolun yolçusu deyiləm. Halbuki elə olsaydı, şəhərin kənarında ucqar bir yataqxanada birotaqlı mənzilə sığınardımmı?

Eh, mənim taleyim də qəhrəmanımın taleyi kimi ağırdı. Mən indi sizə necə başa salım ki, otuz ildən sonra bu rol mənim teatrda oynadığım ilk baş roldu. O da ona görədi ki, bu tamaşada oynayan bir nəfər var, o da özüməm. Həm də bu rolu oynamağa cavan qadın lazım deyil.

İnanın ki, (yatağı göstərir) orda yatan ölü danışmalı olsaydı, baş rolu yenə mənə yox, o ölüyə verərdilər. Siz məni anlamazsınız ki... ay qonşular. Bircə dəfə də tamaşalarıma gəlmədiniz ki! Bütün həyatımı həsr elədiyim o səhnədə necə xoşbəxtəm, bircə dəfə gəlib öz gözlərinizlə görmədiniz ki! Sizə görə mən bədbəxt, tənha bir qadınam. Nə oğul var, nə uşaq, nə ər var, nə sevgi. Mənə bu da azdı deyə düşünürsünüz... Gülür...

Divarın o üzündən hələ də döyürlər.

Aktrisa da yaxınlaşıb divarı döyür.

Yaxşı, yaxşı gedirəm. Onsuz da yolum çox uzaqdı. Gedib teatra çıxınca neçə saat yolda olacam. Yığışıram. Axşama qədər yoxam. Arxayın olun.

Aktrisa bu sözləri deyə-deyə şofonerdən çemodan çıxarır, yataqdakı kişi manekenini götürür, bir müddət ona baxır.

Gülür.

Mənim həyatımda yeganə kişi sən olmusan! Bəlkə də sonuncu kişi də sən olacaqsan!

Sonra manekeni ehtiyatla çemodana yerləşdirir, bayaq güzgünün qabağında yoxladığı paltarlara da çemodanda yer eləyir. Çemodanı götürüb səhnədən çıxır.

Səhnə Yıldız Tilbenin “Sən də sev amma sevilmə” mahnısının sədaları altında bir müddət boş qalır.

Pərdə enir

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG