Suriyada döyüşməkdə günahlandırılana 10 il həbs

Arxiv fotosu

Noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsi İŞİD və digər terrorçu təşkilatların tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Zərbəli Abdullazadəni 10 il azadlıqdan məhrum edib.

Proses hakim Samir Əliyevin sədrliyi ilə keçirilib.

APA-nın xəbərinə görə, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyi qənaətinə gələn dövlət ittihamçısı Z.Abdullazadənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Buna da bax:​ Suriyada döyüşməkdə günahlandırılana 14 il həbs

Z. Abdullazadə son sözündə Suriyaya döyüşməyə yox, yaşamağa getdiyini bildirib. İttihamla razılaşmadığını deyib.

Ancaq məhkəmə kollegiyası onun 10 il müddətinə azadlıqdan məhrum edib.

Z.Abdullazadə Cinayət Məcəlləsinin 279-cu maddəsində nəzərdə tutulan silahlı dəstələr yaratmada, 283-cü maddədə təsbit olunan milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması cinayətlərində təqsirli bilinir.

Z.Abdullazadəni bu ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

Buna da bax: DTX 8 nəfəri həbs edib

O zaman DTX-nın açıqlamasında qeyd edilirdi ki, Z. Abdullazadə və onunla başqa saxlananlar 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya, İraq ərazisinə keçiblər. Saxlananların həmin ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarının tərkibində radikal dini, hərbi təlimlər keçdiyi, döyüşlərdə iştirak etdikləri qeyd edilirdi.

Son 3 ayda İŞİD tərkibində döyüşlərdə iştirakda ittiham edilən bir neçə şəxsə hökm oxunub.

Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi Bəhruz Rəsulovu 12, Nadir Əlixanovu 13, Elşən Qurbanlı, Kamran Əzizov və Tural Məmmədovu isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Buna da bax:​ Suriyaya getmiş Qarabağ əlili: 'MTN-də dəhşətli işgəncələrə məruz qaldım'

Oktyabrın 12-də isə Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmin şəxslər məhkəmə prosesində ittihamları qəbul etmədiklərini demişdilər.